Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində Prezident ailəsinə qarşı şantaj xarakterli fəaliyyətlə məşğul olan şəxsin saxlanılması bu sahədə artan risklərin real göstəricisidir. İlkin məlumatlara əsasən, bir qrup şəxs tərəfindən Prezidentin ailə üzvü Alena Əliyeva barədə sosial media platformalarında məqsədli şəkildə təhrifedici və nüfuzdan salmağa yönəlmiş məlumatlar yayılmışdır. Bu cür halların yalnız fərdi xarakterli hücum kimi qiymətləndirilməsi düzgün deyil. Əksinə, bu hadisələr dövlətin institusional nüfuzuna, ictimai etimad mühitinə, dövlətçilik ənənələrini əsrlərlə özündə daşıyan dəyərlərə və ümumilikdə milli təhlükəsizlik sisteminə qarşı yönəlmiş kompleks təhdidlərin tərkib hissəsi kimi dəyərləndirilməlidir.
Azərbaycan Respublikasının vətəndaşı və Milli Məclisin deputatı olaraq qeyd etmək istərdim ki, dövlət rəhbərliyinin ailə üzvlərinə qarşı aparılan şantaj və dezinformasiya kampaniyaları həm hüquqi, həm də təhlükəsizlik baxımından xüsusi həssaslıq daşıyır və bunu ciddi təhlükə hesab edirəm. Bu cür fəaliyyətlərin arxasında yalnız fərdi motivlər deyil, eyni zamanda koordinasiyalı və potensial olaraq xarici təsir elementlərinin mövcudluğu ehtimalı da mövcuddur.
Məqsəd isə ictimai rəyin manipulyasiyası, dövlətə olan inamın zəiflədilməsi və milli dövlətçilik təməlinə zərbə vurmaqdır. Müasir dövrdə rəqəmsal mühit və süni intellekt texnologiyalarının inkişafı bu tip hücumların miqyasını və təsir imkanlarını əhəmiyyətli dərəcədə artıra bilir. Sosial media platformaları, bot şəbəkələri və avtomatlaşdırılmış alqoritmlər vasitəsilə dezinformasiyanın sürətlə yayılması, şəxsi məlumatların təhrif edilməsi və ictimai rəyin yönləndirilməsi artıq kiber cinayətkarlığın sistemli və təhlükəli elementinə çevrilmişdir. Bu baxımdan, hesab edirəm ki, hüquqi və institusional mexanizmlərin daha da gücləndirilməsi zəruridir. Şantaj, qarayaxma və dezinformasiya xarakterli fəaliyyətlərə qarşı məsuliyyətin dəqiq normativ çərçivədə müəyyən edilməsi, hüquq-mühafizə orqanlarının operativ və effektiv fəaliyyəti, eləcə də ictimaiyyətin maarifləndirilməsi strateji əhəmiyyət kəsb edir.
Eyni zamanda, kiber təhlükəsizlik sahəsində qabaqlayıcı yanaşmaların tətbiqi, süni intellekt texnologiyalarının etik və hüquqi normalar çərçivəsində istifadəsinin təmin olunması, habelə ictimai rəyə təsir edən koordinasiyalı informasiya şəbəkələrinin vaxtında aşkar edilərək neytrallaşdırılması xüsusi önəm daşıyır.
Ona görə də bilməliyik ki,Prezident ailəsinə qarşı yönəlmiş bu kimi şantaj və qarayaxma kampaniyaları yalnız fərdi reputasiya məsələsi deyil, dövlətçilik və milli təhlükəsizlik kontekstində strateji xarakter daşıyan çağırışdır. Bu istiqamətdə kompleks, çoxsəviyyəli və proaktiv yanaşmanın tətbiqi həm hüquqi müstəvidə effektivliyi artıracaq, həm də ictimai sabitliyin qorunmasına xidmət edəcəkdir. Biz müstəqil, güclü Azərbaycan dövləti və xalqı olaraq bu cür hücümlara güclü cavab verməliyik və verəcəyik də!
Tahir Mirkişili
Milli Məclisin deputatı