Xəbər verdiyimiz kimi sabah – martın 20-si Azərbaycanda Ramazan bayramı (Fitr bayramı) qeyd olunacaq.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına görə, bu il imkanı olan hər bir şəxsə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
Şəriətə görə, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşatmaq məramı daşıyır.
Bəs orucun mühüm əməllərindən biri olan fitrə zəkatı nə vaxt verilməlidir?
Modern.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına görə, fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır.
Qeyd edək ki, bu gün - 19 mart tarixi orucluğun sonuncü günüdür.
Din xadimləri deyirlər ki, fitrə zəkatı bayram axşamı şam namazı ilə bayram namazı arasındakı müddətdə verilsə, daha savablı olar.
İlahiyyat üzrə fəlsəfə doktoru, deputat Ceyhun Məmmədovun sözlərinə görə, dinimizə görə hər bir müsəlman şəxs fitrə zəkatını verməlidir.
"Məbləğə gəldikdə isə imkandan asılı olaraq bu məbləğ 10-15 manat arası dəyişə bilər. Bu asılıdır bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən. Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız daha yuxarı olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var".
"Fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzaq dəyərində pul da verilə bilər" sualına gəldikdə deputat bildirib ki, bəzi İslam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar. Müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra İslam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü də bildirirlər.
"Hesab edirəm günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzağı və ya başqa ehtiyacı olan əşyanı ala bilər.
Yuxarıda qeyd etdiyimiz kimi, imkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir. Fitrə zəkatı mütləq imkansız insanlara verilməlidir. Fitrə zəkatının vaxtına gəldikdə Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir".
Bakı məscidlərində bayram namazları sabah - martın 20-də səhər saat 08:00-09:00 arasında qılınacaq.
A.Qorxmaz