Modern.az

Dövlət qulluqçularının maaşında köklü dəyişiklik edilir - TƏFƏRRÜAT

Dövlət qulluqçularının maaşında köklü dəyişiklik edilir - TƏFƏRRÜAT

Ölkə

Bu gün, 13:13

Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilib. 

Modern.az xəbər verir ki, normativ aktlara edilən dəyişikliklər nəticəsində Azərbaycanda dövlət qulluqçularının əməkhaqqı sistemi yenidən qurulur. 

Dəyişikliklərə əsasən, dövlət qulluğunda indiyədək tətbiq olunan mükafat sistemi, o cümlədən staja və hakimiyyət səlahiyyətinə görə əlavələr, vəzifə maaşının müəyyən edilmiş misli qədər hesablanan ödənişlər, həmçinin dövlət büdcəsi hesabına verilən digər əlavələr və müalicə müavinəti ləğv edilir. Bu yanaşma əməkhaqqının müxtəlif komponentlərə bölünməsi praktikasından imtina edilərək vahid və daha aydın struktura keçidi nəzərdə tutur.

Yeni modeldə əməkhaqqı əsasən vəzifə maaşı (baza hissə), ixtisas dərəcəsinə görə əlavələr, əmək şəraitinə görə ödənişlər və artıq iş saatlarına görə verilən haqlardan ibarət olacaq. Ən diqqətçəkən məqam isə baza hissənin əhəmiyyətli dərəcədə artırılmasıdır. Əvvəl ümumi gəlirin 35–45 faizini təşkil edən vəzifə maaşı artıq orta hesabla 95 faizdən yuxarı paya malik olacaq. Bu isə əməkhaqqının daha sabit, proqnozlaşdırıla bilən və şəffaf olmasına şərait yaradır.

Eyni zamanda, kollektiv və fərdi mükafatlandırma mexanizmlərindən imtina edilir. Belə ki, əvvəllər dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulan vəsaitlər müxtəlif hallarda – bayram günləri və ya fərdi fərqlənmə üzrə istifadə olunurdusa, yeni yanaşma bu kimi ödənişləri sistemdən çıxararaq əməkhaqqının vahid struktur çərçivəsində formalaşdırılmasını təmin edir.

Digər dəyişiklik müalicə müavinətinin ləğvi ilə bağlıdır. Əvvəllər bəzi hallarda məzuniyyət dövründə ödənilən əlavə vəsait artıq tətbiq edilməyəcək. Bununla yanaşı, vəzifələrin təsnifatı və ixtisas dərəcələrinə uyğun ödəniş səviyyələri də optimallaşdırılıb: inzibati və yardımçı vəzifələr üzrə daha sistemli bölgü müəyyən edilib, staja görə ödəniş pillələri isə saxlanılıb.

Mövzunu Modern.az-a şərh edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai şuranın sədri, Maliyyə Nazirliyi yanında İctimai şuranın üzvü, iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov bildirib ki, dövlət qulluq sistemində əlavələrin maaşlara daxil edilməsi həmin segmentdə əməkhaqqı sisteminin təkmilləşdirilməsinə şərait formalaşdırmalıdır:

“Beynəlxalq təcrübə də aktual iqtisadi tədqiqatlar da onu deməyə əsas verir ki, bu istiqamətdə qəbul edilmiş müvafiq qərarlar effektivliyin xeyli dərəcədə yüksəldilməsinə şərait yaratmış olur”. 

İqtisadçı bildirib ki, bu yeniliklər nəticəsində dövlət qulluğunda əməkhaqları ilə bağlı sabitlik olacaq. 

“Burada önəmli məqamlardan biri də ondan ibarətdir ki, peşəkar mütəxəssislərin dövlət qulluğuna doğru istiqamətlənməsi, dövlət qulluğunda işləməyə yönəlməsi baxımından bu yeniliklər çox güclü motivasiya və stimul yaradır. Bu da təbii ki, qəbul edilən qərarların vacibliyini xeyli dərəcədə yüksəltmiş olur”.

1508406

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, ƏƏSMN yanında İctimai şuranın üzvü Sahib Məmmədov isə qeyd edib ki,  müvafiq dəyişikliklə əlavə əməkhaqqı almaq hüququ olmayanların da maaşında artım baş verəcək. 

“Məsələn, yeni dövlət qulluğuna qəbul olunan aşağı kateqoriyalı dövlət qulluqçularının staja görə əlavə əməkhaqqı olmur, amma dəyişikliyə əsasən, onların da əməkhaqqında artımlar olacaq. Bu artım korrupsiyaya qarşı mübarizədə mühüm göstəricidir”.

Sahib Məmmədov bildirib ki, edilən dəyişikliklərə əsasən, dövlət qulluğunda çalışanların əməkhaqqı fondunun ümumi həcmi daha şəffaf və proqnozlaşdırıla bilən formaya salınır. 

“Bu yanaşma əməkhaqqı fondunu əvvəlcədən hesablamağa imkan verir ki, nəticədə maliyyə orqanlarının işi xeyli asanlaşır və ümumi şəffaflıq artır”, – deyə Sahib Məmmədov vurğulayıb.

O qeyd edib ki, yeni model həm də mümkün sui-istifadə hallarının qarşısını almağa xidmət edir. Bildirib ki, əvvəlki dövrlərdə əməkhaqqı ödənişi sistemində müəyyən uyğunsuzluqlar müşahidə olunurdu: bəzi hallarda artıq ödənişlər edilir, bəzi hallarda isə əksinə, ödənilməli vəsaitlər tam şəkildə çatdırılmırdı.

Sahib Məmmədovun sözlərinə görə, tətbiq ediləcək yeni mexanizm bu kimi problemləri aradan qaldırmağa yönəlib: “Bütövlükdə bu yenilik əməkhaqqı ödənişində olan uyğunsuzluqları aradan qaldıracaq”.

“Bu yanaşma beynəlxalq praktikada da geniş istifadə olunur və müsbət nəticələr verir", - deyə ekspert sonda qeyd edib.
 

Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı