Modern.az

Azərbaycanlılar nə qədər xoşbəxtdir? – DÜNYA REYTİNQİ

Azərbaycanlılar nə qədər xoşbəxtdir? – DÜNYA REYTİNQİ

Ölkə

Bu gün, 11:36

Dünya ölkələrinin həyat məmnuniyyəti (xoşbəxtlik) reytinqi açıqlanıb. 

Modern.az “Gallup World Poll”un 2023–2025-ci illəri əhatə edən məlumatlarına istinadən xəbər verir ki, 147 ölkənin qiymətləndiriliydiyi bu reytinqdə Azərbaycan 102-ci yerdə qərarlaşıb.  Ölkənin həyat məmnuniyyəti göstəricisi təxminən 4.99 bal təşkil edir və bu nəticə qlobal orta səviyyədən aşağıdır.

Region ölkələrindən siyahıda Gürcüstan 91-ci, Ermənistan 89-cu, Türkiyə 94-cü, İran isə 97-ci pillədə qərarlaşıb. 

MDB ölkələri arasında isə fərqli mənzərə var. Qazaxıstan 33-cü yerdə qərarlaşaraq ən yüksək nəticəni göstərir. Bundan başqa, Moldova 77-ci, Rusiya 79-cu, Ukrayna isə 111-ci yerdədir. 

Türk dövlətləri arasında isə Qazaxıstan 33-cü, Özbəkistan 53-cü və Qırğızıstan isə 66-cı yerdə qərarlaşıb. 

Reytinqin ilk pillələrində ənənəvi olaraq Skandinaviya ölkələri yer alır. Finlandiya 7.76 bal ilə birinci, İslandiya ikinci, Danimarka üçüncü, Kosta Rika dördüncü, İsveç isə beşinci yerdədir.

Siyahının sonuncu pillələrində isə əsasən sosial-iqtisadi problemlərin yaşandığı ölkələr qərarlaşıb. Əfqanıstan 147-ci yerlə sonuncudur, ardınca isə Afrika ölkələri gəlir.

Hesabatda qeyd olunur ki, ölkələr arasında həyat məmnuniyyətindəki fərqlər əsasən altı amillə izah olunur: adambaşına düşən ÜDM, sosial dəstək, sağlam həyat müddəti, fərdi seçim azadlığı, xeyirxahlıq və korrupsiyanın münasibət. Bununla yanaşı, araşdırma göstərir ki, xoşbəxtliyin ölçülməsində həyatın ümumi qiymətləndirilməsi gündəlik emosiyalardan daha sabit və obyektiv göstərici hesab olunur. 

Hesabatda diqqət çəkən məqamlardan biri də gənclərlə bağlıdır. Bildirilir ki, 136 ölkənin 85-də 25 yaşdan aşağı insanların xoşbəxtlik səviyyəsi son 20 ildə artıb, lakin ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada əksinə azalma müşahidə olunub. Bu azalmanın səbəblərindən biri kimi sosial medianın təsiri göstərilir. 

Bu araşdırmanın metodologiyasına görə, reytinq ölkələrin öz vətəndaşlarının həyatlarını necə qiymətləndirdiyinə əsaslanır. Respondentlərdən həyatlarını 0-dan 10-a qədər şkala üzrə dəyərləndirmələri istənilir və bu göstərici “Cantril nərdivanı” adlandırılır. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV