Bu ilin yanvar ayında Türkiyə ərazisi ilə Suriyaya 105,4 milyon kubmetr Azərbaycan təbii qazı tədarük edilib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Bildirilib ki, bu ilin ilk ayında Türkiyə ümumilikdə 204,37 milyon kubmetr təbii qaz ixrac edib. İxrac olunan təbii qazın 98,94 milyon kubmetri Bolqarıstana, 0,03 milyon kubmetri isə Şimali Makedoniyaya ixrac olunub.
Bu ilin yanvar ayında Türkiyə ümumilikdə 7 milyard 723,22 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2025-ci ilin eyni aylarının göstəricisi ilə müqayisədə 18,94 % çoxdur.
Yanvar ayında Türkiyəyə 3 milyard 870,99 milyon kubmetr qaz boru kəməri vasitəsilə ixrac olunub (50,12 %), 3 milyard 852,23 milyon kubmetr isə (49,88 %) mayeləşdirilimiş təbii qazın (LNG) payına düşüb.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4 milyard 380 milyon 705,94 min kubmetr həcmində təbii qaz ixrac edib. Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1 milyard 285 milyon 413,26 min ABŞ dolları təşkil edib. Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2025-ci ilin iki ayı ilə müqayisədə 4,6 % çox, dəyəri isə 17,1 % azdır. Hesabat ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 35,07 % olub.
Qeyd edək ki, 2025-ci il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri zamanı SOCAR ilə Suriya hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Razılaşmaya əsasən, texniki hazırlıqlar tamamlanıb və 2 avqust 2025-ci ildən Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılıb.
Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr qaz nəql ediləcək. Qaz Kilis vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılaraq 1200–1300 meqavat elektrik istehsalına imkan yaradacaq.
(Report)