Azərbaycanda rəsmi statistikaya görə, mal-qara, qoyun və keçilərlə yanaşı, ətinin yeyilməsinə üstünlük verilməyən at və uzunqulaqların da sayı azalır. Təkcə 2025-ci ildə uzunqulaqların sayı 2 398 baş azalıb. Həmçinin 2025-ci ilin yanvarın 1-nə ölkədə 49 400 baş at qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 3 700 baş azalma deməkdir.
Modern.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.
Bəs bu heyvanların sayının azalması onların yeyinti sənayesində istifadə edilməsi ehtimalını yaradırmı?
İqtisadçı Xalid Kərimli bildirib ki, təsərrüfatlar getdikcə böyüyür və nəticədə, əkinçilikdə və daşımalarda mexaniki nəqliyyat vasitələrindən istifadə genişlənir:
"Artıq at, eşşək və bu tip heyvanlara tələbat azalıb. Səbəb təsərrüfatlarda onların istifadəsinin minimuma enməsidir. Digər mühüm amil isə urbanizasiyadır. Regionlardan şəhərlərə axın güclənir, kənd təsərrüfatı fəaliyyətinin strukturu dəyişir. Nəticədə, əti yeyilməyən heyvanlara tələbat da azalır".
Bununla belə, müvafiq dövlət qurumları tərəfindən at ətinin "mal əti" adı altında satılması cəhdlərinin aşkarlanması halları da qeydə alınır. Hətta bəzi hallarda ət qutablarında at DNT-si müəyyən edilib.
Qida Təhlükəsizliyi Agentliyinin 2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında bildirilib ki, il ərzində 497 müəssisədən 600 nümunə götürülərək müayinəyə cəlb olunub. Onlardan 107 müəssisəyə məxsus 122 nümunədə uyğunsuzluq aşkarlanıb. Yoxlamalar zamanı "mal əti" adı altında satılan məhsullardan götürülən nümunələrdə bəzi hallarda at və camış DNT-si müəyyən edilib.