2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları ölkəmizin müasir hərb tarixində mühüm dönüş nöqtəsi kimi yadda qaldı. Dörd gün davam edən Aprel döyüşləri təkcə hərbi uğur deyil, həm də siyasi, psixoloji və strateji baxımdan Azərbaycanın gücünü nümayiş etdirən əhəmiyyətli hadisə oldu. Bu döyüşlər xalqımızın milli ruhunu yüksəldərək, dövlət-ordu-xalq birliyinin sarsılmaz olduğunu bir daha təsdiqlədi. Aprel döyüşlərinin ən mühüm nəticələrindən biri Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu sübut etməsi idi. Uzun illər ərzində aparılan məqsədyönlü ordu quruculuğu siyasəti məhz bu döyüşlərdə öz real nəticəsini göstərdi.
Ordumuz qısa müddət ərzində strateji əhəmiyyətə malik bir sıra yüksəklikləri, o cümlədən Lələtəpə yüksəkliyini işğaldan azad etdi. Bu isə həm hərbi baxımdan üstün mövqe qazandırdı, həm də düşmənin müdafiə xəttinin zəifliyini üzə çıxardı. Lələtəpə yüksəkliyinin azad edilməsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təmin olunmasına imkan yaratdı. Bunun ardınca dövlət tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri nəticəsində Cocuq Mərcanlı kəndi qısa müddətdə yenidən inşa edildi və sakinlərin doğma torpaqlarına qayıdışı təmin olundu. Bu hadisə yalnız bir kəndin dirçəlişi deyil, bütövlükdə Azərbaycanın işğal altında olan torpaqlarına qayıdış iradəsinin bariz nümunəsi idi. Aprel döyüşləri Azərbaycan cəmiyyətində orduya olan inamı daha da artırdı. Xalq öz ordusunun gücünə, dövlətin apardığı siyasətin düzgünlüyünə bir daha əmin oldu. Eyni zamanda, bu döyüşlər xalq-hakimiyyət birliyini daha da möhkəmləndirdi. Məhz bu prosesdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli liderliyi xüsusi rol oynadı. Onun düşünülmüş siyasi kursu, operativ qərarları və prinsipial mövqeyi həm döyüş meydanında qazanılan uğurları təmin etdi, həm də cəmiyyətdə böyük inam və birlik yaratdı.
Aprel döyüşləri bir daha göstərdi ki, Ali Baş Komandan xalqın etimadını qazanmış, milli maraqları qətiyyətlə müdafiə edən güclü sərkərdədir. Bu hadisələr beynəlxalq ictimaiyyətə də mühüm mesajlar verdi. Azərbaycan göstərdi ki, ərazi bütövlüyünü bərpa etmək üçün həm siyasi, həm də hərbi iradəyə malikdir. Status-kvonun qəbuledilməz olduğu bir daha dünya gündəminə gətirildi. Aprel döyüşləri faktiki olaraq uzun illər davam edən danışıqlar prosesində yeni reallıqlar yaratdı. Ən əsası isə Aprel döyüşləri 2020-ci ildə baş vermiş Vətən müharibəsinə aparan yolun başlanğıcı oldu. Bu döyüşlər həm ordunun, həm də cəmiyyətin psixoloji hazırlığını gücləndirdi, qələbəyə inamı möhkəmləndirdi. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin ideoloji və mənəvi təməli məhz Aprel döyüşlərində qoyuldu.
Bu gün Aprel döyüşlərinin 10 illiyini qeyd edərkən, həmin günlərdə qəhrəmanlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizin şücaətini yüksək qiymətləndiririk. Onların göstərdiyi igidlik və fədakarlıq Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm rol oynadı. Ümumilikdə deyə bilərik ki, Aprel döyüşləri Azərbaycanın müasir tarixində yalnız lokal hərbi əməliyyat kimi deyil, böyük Zəfərə aparan strateji mərhələ kimi qiymətləndirilməlidir. Bu döyüşlər bir daha sübut etdi ki, güclü dövlət, qüdrətli ordu və vahid xalq iradəsi olduqda qarşıya qoyulan bütün məqsədlərə nail olmaq mümkündür.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı