Səhər tezdən gələrək saatlarla həkim qəbuluna düşmək üçün növbədə gözləyirlər. Bu insanlar arasında ahıllar da var, vəziyyəti ağır olanlar da...
Modern.az xəbər verir ki, görüntüləri bu gün səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasında növbədə gözləyən xəstələrdən biri "Xəzər Xəbər"in "WhatsApp" qaynar xəttinə göndərib. Şəhər sakini Ülviyyə Rəsulova bildirir ki, səhər erkən saatlardan xəstəxanaya gələrək həkim qəbuluna düşmək istəsə də, buna nail ola bilmir.
Şikayətçi qeyd edir ki, xəstəxanada ən böyük problem növbədə saatlarla gözləməkdir.
Bənzər problemlə üzləşən digər şəxslər də xəstəxanadakı növbə sisteminin qeyri-mütəşəkkil olmasından şikayət edirlər.
Məsələ ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib ki, müraciətlər müəyyən gün və saatlarda daha sıx olur. Vətəndaşların əksəriyyəti eyni günlərdə və pik saatlarda tibbi xidmətə müraciət etməyə üstünlük verir. Bu isə bəzi günlərdə sıxlığın artmasına səbəb olur.
Xəstəxanadan o da qeyd olunub ki, elektron növbə sistemi müraciətlərin daha effektiv tənzimlənməsinə, növbələrin azaldılmasına və gözləmə müddətinin optimallaşdırılmasına xidmət edir. Hazırda sıxlığın müşahidə olunduğu günlər üzrə axının balanslaşdırılması və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində əlavə təşkilati tədbirlər həyata keçirilir.