Rumıniya hökuməti Rusiyanın “Lukoil” şirkətinə məxsus “Petrotel” neft emalı zavodunun fəaliyyətinin bərpası üçün ABŞ-yə rəsmi müraciət edib.
Modern.az xəbər verir ki, bu barədə Rumıniyanın energetika naziri Boqdan İvan bildirib. Onun sözlərinə görə, zavodun yenidən işə salınması ABŞ Maliyyə Nazirliyinin Xarici aktivlərə nəzarət idarəsinin (OFAC) icazəsindən asılıdır.
Nazir qeyd edib ki, Ployeşti şəhərində yerləşən zavod texnoloji baxımdan əsasən Rusiyanın “Urals” markalı ağır və yüksək kükürdlü neftinin emalı üçün nəzərdə tutulub. Bu səbəbdən də müəssisə ABŞ-nin razılığı olmadan fəaliyyətə başlaya bilməz.
Boqdan İvanın sözlərinə görə, əgər Vaşinqtondan müsbət cavab alınarsa, zavodda Rusiya nefti deyil, Azərbaycan və Qazaxıstandan tədarük ediləcək xam neft emal olunacaq. O, vurğulayıb ki, bu ölkələr Rumıniya üçün etibarlı enerji tərəfdaşları hesab olunur.
Nazir əlavə edib ki, zavodun işə salınmasından sonra bütün proseslər dövlətin ciddi nəzarəti altında həyata keçiriləcək. Bu mexanizm sayəsində nə Rusiyadan neft idxal ediləcək, nə də əldə olunan gəlir Rusiyaya yönləndiriləcək.
“Biz OFAC-a müraciət etmişik ki, “Petrotel” zavodunun yenidən işə salınmasına icazə verilsin. Qərar qəbul edildikdən sonra təxminən 45 gün ərzində personalın cəlb olunması, avadanlıqların uyğunlaşdırılması və istehsalın bərpası mümkün olacaq”, – deyə nazir “Digi 24” telekanalına müsahibəsində bildirib.
Boqdan İvan, həmçinin qeyd edib ki, Rumıniyanın əsas məqsədi daxili bazarda dizel və benzin təklifini artırmaqdır. Onun sözlərinə görə, bu addım ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə və alternativ mənbələrdən asılılığın artırılmasına xidmət edir.
Nazir vurğulayıb ki, Ukraynaya qarşı Rusiya tərəfindən həyata keçirilən müharibə fonunda “Lukoil” şirkəti nə Rumıniya dövləti, nə də Qərb ilə yaxın münasibətlərə malikdir. Buna baxmayaraq, rəsmi Buxarest iqtisadi və praqmatik maraqları nəzərə alaraq zavodun fəaliyyətini bərpa etmək niyyətindədir.