Hesablama Palatası büdcə ilə bağlı uyğunsuzluqları açıqladı.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında Palatanın sədri Vüqar Gülməmmədov deyib.
Onun sözlərinə görə, qanunvericiliyin tələblərinə uyğun olaraq 2025-ci ildə dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası ilə bağlı Hesablama Palatası tərəfindən 6 rəy hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Palata sədri bildirib ki, 2024-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı verilmiş rəydə ümumi uyğunsuzluq məbləği 349,5 milyon manat təşkil edib. 2026-cı ilin dövlət büdcəsi layihəsinə dair rəydə isə dövlət büdcəsi xərclərinin VBT-yə uyğun nəzərdə tutulmaması ilə bağlı 236,3 milyon manat uyğunsuzluq müəyyən edilib. Onun sözlərinə görə, bu məbləğin 160,4 milyon manatı qanun layihəsinə birbaşa təsir edən hissədir.
Vüqar Gülməmmədov qeyd edib ki, eyni zamanda iqtisadi təsnifat üzrə icmal büdcə xərclərində 299,1 milyon manat məbləğində uçot uyğunsuzluğu aşkarlanıb.
Palata sədri vurğulayıb ki, rəylərin hazırlanması zamanı yerli qanunvericiliyin tələbləri, beynəlxalq standartlar və fiskal diaqnostika alətləri nəzərə alınıb, dövlət maliyyəsi üçün risklər və uyğunsuzluqlar göstərilməklə onların aradan qaldırılması istiqamətində tövsiyələr təqdim edilib.
Onun sözlərinə görə, dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı rəylərdə əks olunan tövsiyələrdən 31-i, büdcədənkənar dövlət fondları üzrə təqdim edilən tövsiyələrdən isə 14-ü müvafiq qurumlar tərəfindən tam və ya qismən nəzərə alınıb.