Modern.az

Zərifə Əliyevanın həyat yolu nəsillərə nümunədir

Zərifə Əliyevanın həyat yolu nəsillərə nümunədir

Ölkə

Bu gün, 14:41

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Bu tarix elmə bağlılığın, insanlara xidmət ideyasının və yüksək mənəvi keyfiyyətlərin dərin ehtiramla xatırlandığı əlamətdar gündür. Zərifə xanımın həyat yolu və fəaliyyəti bütövlükdə tibb elminin inkişafına, insan sağlamlığının qorunmasına və cəmiyyətin rifahına yönəlmiş məqsədyönlü və fədakar xidmətin parlaq nümunəsi kimi qiymətləndirilir. Onun irsi yalnız bir dövrün deyil, bütöv bir elmi məktəbin formalaşmasına təsir göstərmişdir.

1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olan Zərifə Əliyeva erkən yaşlarından elmə və təhsilə xüsusi maraq göstərmiş, intellektual inkişafı ilə seçilmişdir. O, 1942-ci ildə orta məktəbi uğurla bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1947-ci ildə təhsilini yüksək nəticələrlə başa vurmuşdur. Bu dövr Zərifə xanımın həm dünyagörüşünün formalaşmasında, həm də peşəkar inkişafında həlledici mərhələ olmuşdur. Gənc yaşlarından seçdiyi yol onun həyatının əsas istiqamətini müəyyənləşdirmişdir.

Zərifə Əliyevanın elmi fəaliyyətinin əsas istiqaməti oftalmologiya sahəsi olmuşdur. 1949-cu ildən etibarən Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda fəaliyyətə başlayan alim qısa müddət ərzində bu sahədə dərin biliklərə yiyələnmiş və özünü istedadlı tədqiqatçı kimi təsdiqləmişdir. Onun apardığı elmi araşdırmalar xüsusilə traxoma və qlaukoma kimi geniş yayılmış göz xəstəliklərinin öyrənilməsi, diaqnostikası və müalicəsi istiqamətində mühüm nəticələrlə yadda qalmışdır. Bu sahədə əldə etdiyi nailiyyətlər oftalmologiyanın inkişafına yeni baxış bucağı gətirmişdir.

XX əsrin ortalarında geniş yayılan traxoma xəstəliyinə qarşı mübarizə Zərifə xanımın fəaliyyətində xüsusi yer tutmuşdur. O, yalnız elmi araşdırmalar aparmaqla kifayətlənməmiş, eyni zamanda bölgələrə səfərlər edərək xəstəlik ocaqlarında birbaşa müalicə və profilaktik tədbirlərin həyata keçirilməsində fəal iştirak etmişdir. Onun təşəbbüsü və tətbiq etdiyi müalicə üsulları nəticəsində bu xəstəliyin yayılmasının qarşısı alınmış, insanların sağlamlığının qorunması istiqamətində mühüm nəticələr əldə olunmuşdur. Bu fəaliyyət həm tibbi, həm də sosial baxımdan böyük əhəmiyyət kəsb etmişdir.

Zərifə Əliyeva elmi fəaliyyətini ardıcıl şəkildə inkişaf etdirərək 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini almış, 1983-cü ildə isə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Bu faktor onun elmi nailiyyətlərinə verilən yüksək qiymətin bariz nümunəsidir. O, 150-yə yaxın elmi əsərin, çoxsaylı monoqrafiya və dərs vəsaitlərinin müəllifi kimi oftalmologiya elminə dəyərli töhfələr vermişdir. “Terapevtik oftalmologiya” əsəri bu gün də mütəxəssislər üçün mühüm elmi mənbələrdən biri kimi öz aktuallığını qoruyub saxlayır və praktik tibbdə geniş istifadə olunur.

Alimin fəaliyyəti yalnız elmi tədqiqatlarla məhdudlaşmamış, həm də pedaqoji sahədə mühüm işlər görmüşdür. Zərifə xanım gənc həkimlərin yetişdirilməsinə xüsusi diqqət yetirmiş, onların peşəkar formalaşmasına böyük töhfə vermişdir. Görkəmli alimin rəhbərliyi ilə yetişən oftalmoloqlar bu gün də onun elmi məktəbini uğurla davam etdirir, həmin sahənin inkişafına öz töhfələrini verirlər. Bu baxımdan, onun fəaliyyəti davamlı elmi ənənənin formalaşmasına xidmət etmişdir. Prezident İlham Əliyev Zərifə xanım Əliyeva haqqında qeyd etmişdir: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.

Zərifə Əliyeva yüksək mənəvi keyfiyyətləri ilə seçilən ziyalı kimi də cəmiyyətdə dərin iz qoymuşdur. O, kimsəsiz uşaqlara göstərdiyi qayğı, bölgələrdə apardığı maarifləndirici tədbirlər və insanların sağlamlığı naminə yorulmadan çalışması ilə böyük hörmət qazanmışdır. Zərifə xanımın humanist yanaşması, insanlara olan diqqəti və qayğısı həkimlik peşəsinin ən ali dəyərlərini özündə əks etdirirdi. “Yüksək etimad” əsəri isə həkim peşəsinin yalnız tibbi deyil, həm də mənəvi məsuliyyət daşıdığını göstərən dəyərli bir nümunə kimi bu gün də aktuallığını qoruyur.

Zərifə Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmişdir. Onun xatirəsi böyük ehtiramla yad edilir, adı elm və səhiyyə sahəsində dərin hörmətlə çəkilir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi bu zəngin irsin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Bu kimi amillər müdrik şəxsiyyətin həyat və fəaliyyətinin cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləyir.

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2023-cü ildə Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən silsilə tədbirlər keçirilmişdir.

Bu gün Zərifə Əliyevanın həyat yolu elmə sədaqətin, insanlara xidmətin və yüksək mənəvi dəyərlərin nümunəsi kimi yaddaşlarda yaşayır. Onun zəngin irsi gələcək nəsillər üçün örnək mənbəyi olaraq qalır, formalaşdırdığı dəyərlər isə insanları düzgün seçimlərə, məsuliyyətli fəaliyyətə və humanist davranışa istiqamətləndirən mühüm mənəvi dayağa çevrilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi