Aprelin 12-də Macarıstanda keçirilən parlament seçkiləri ölkənin siyasi mənzərəsində ciddi dəyişiklik yaradıb. Səslərin böyük hissəsi sayıldıqdan sonra müxalif “Tisa” partiyasının qələbəsi və uzun illər hakimiyyətdə olan Viktor Orbanın rəhbərlik etdiyi "Fidesz" partiyasının məğlubiyyəti artıq əsas müzakirə mövzusuna çevrilib. Yeni hakimiyyət fonunda Azərbaycan – Macarıstan münasibətlərinin gələcəyi də diqqət mərkəzindədir. Azərbaycan - Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elman Nəsirov bu məsələlərlə bağlı Modern.az-a açıqlama verib.
Deputat bildirib ki, Macarıstanda baş verən hakimiyyət dəyişikliyi ilk növbədə daxili sosial-iqtisadi problemlərlə bağlıdır:
“12 aprel seçkilərinin nəticələri göstərdi ki, artıq Macarıstanda yeni siyasi reallıq formalaşıb. Səslərin böyük hissəsinin sayılması fonunda müxalif "Tisa" partiyasının 158 mandat qazanması onun inamlı qələbəsindən xəbər verir. Viktor Orbanın rəhbərlik etdiyi Fidesz partiyasının məğlubiyyətini bir sıra amillərlə izah etmək mümkündür. Baxmayaraq ki, Macarıstanda kommunal ödənişlər Avropada ən aşağı səviyyədə idi, vətəndaşların sosial rifahı ciddi şəkildə pisləşmişdi”.
Onun sözlərinə görə, Avropa İttifaqı ilə münasibətlərdə yaranmış gərginlik də bu nəticəyə təsirsiz ötüşməyib:

“Avropa İttifaqı ilə konflikt fonunda Macarıstana ayrılmış 36 milyard avro vəsaitin dondurulması ölkə iqtisadiyyatına ciddi zərbə vurdu. Bu məbləğ ölkənin ÜDM-nin təxminən 8-11 faizini təşkil edir ki, bu da kifayət qədər böyük göstəricidir”.
Elman Nəsirov əlavə edib ki, beynəlxalq amillər, xüsusilə ABŞ faktorunun da seçki nəticələrinə təsiri olub:
“Donald Tramp və onun komandasının Orban hakimiyyətinə açıq dəstəyi əks effekt verdi. ABŞ-nin Avropa İttifaqı ilə münasibətlərinin gərgin olduğu bir vaxtda bu dəstək Avropa ictimai rəyində mənfi qarşılandı. Hətta ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin seçkilər ərəfəsində Budapeştə səfəri və Orbanı dəstəkləməsi də nəticəyə təsir göstərdi”.
Deputat qeyd edib ki, hökumət nümayəndələrinin bəzi danışıqlarının ictimaiyyətə sızdırılması da hakim partiyanın mövqelərini zəiflədib:
“Macarıstan rəsmilərinin, o cümlədən xarici işlər naziri Peter Siyartonun Rusiya ilə bağlı danışıqlarının ifşa olunması cəmiyyətdə narazılıq yaratdı. Tarixi faktorları nəzərə alsaq, bu məsələ macar cəmiyyətində xüsusi həssaslıq doğurur”.
Azərbaycan – Macarıstan münasibətlərinə toxunan Elman Nəsirov hesab edir ki, mövcud strateji əlaqələr asanlıqla pozulmayacaq:
“Azərbaycan və Macarıstan arasında formalaşmış münasibətlər kifayət qədər möhkəm təməllərə əsaslanır. Bu əlaqələr təkcə siyasi deyil, həm də iqtisadi və enerji sahələrini əhatə edir. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq və qaz sahəsində birgə layihələr qarşılıqlı maraqlara əsaslanır. Ona görə də hesab edirəm ki, yeni hakimiyyət bu kursu tam şəkildə dəyişməyəcək”.
Onun fikrincə, “Tisa” partiyasının xarici siyasətində Azərbaycanla əməkdaşlıq müəyyən səviyyədə davam edəcək:
“Yeni hakimiyyətin daha çox Avropa İttifaqı ilə münasibətləri normallaşdırmağa üstünlük verəcəyi gözləniləndir. Bununla belə, Azərbaycanla əməkdaşlıq da praqmatik maraqlar çərçivəsində davam etdiriləcək. Enerji təhlükəsizliyi məsələləri burada xüsusi rol oynayır”.
Deputat hesab edir ki, Macarıstandakı siyasi dəyişikliklər daha geniş geosiyasi proseslərə də təsir edə bilər:
“Orbanın hakimiyyətdən getməsi Avropa İttifaqının Ukraynaya ayırmaq istədiyi maliyyə və hərbi dəstək paketlərinin reallaşmasını asanlaşdıra bilər. Bu isə həm Rusiya-Ukrayna müharibəsinin gedişinə, həm də ABŞ–Avropa İttifaqı münasibətlərinə təsirsiz ötüşməyəcək. Gərginliyin artması ehtimalı kifayət qədər yüksəkdir”.
Elman Nəsirov sonda vurğulayıb ki, yeni siyasi mərhələdə Bakı ilə Budapeşt arasında münasibətlərin taleyi daha çox qarşılıqlı maraqlar və real siyasət üzərində qurulacaq:
“Düşünürəm ki, Azərbaycan – Macarıstan əlaqələri şəxslərə deyil, dövlətlərin strateji maraqlarına əsaslanır. Bu baxımdan münasibətlərin davamlılığı üçün ciddi risklər görmürəm, lakin müəyyən korrektələrin olacağı istisna deyil”.