Modern.az

“Bir kəndin məşhurları”: Cəhri kəndindən kimlər çıxıb? - RUBRİKA

“Bir kəndin məşhurları”: Cəhri kəndindən kimlər çıxıb? - RUBRİKA

26 Fevral 2015, 12:06


Modern.az
saytı “Bir kəndin məşhurları” adlı yeni rubrikasını təqdim edir. Adından da göründüyü kimi bu rubrikada eyni kənddən (yaxud qəsəbədən) olan tanınmış ziyalılar, elm, mədəniyyət, ədəbiyyat, idman adamları eləcə də ictimai-siyasi sferaya mənsub olan şəxsləri sizlərə təqdim edəcəyik. Rubrikada həmin tanınmış simalardan biri əvvəlcə öz kəndlərini tanıdacaq daha sonra isə onun başqa məşhur yetirmələrinin adlarını sadalayacaq.

İlk yazı isə Naxşıvan MR-ın Babək rayonunun Cəhri kəndinə həsr olunur. Cəhri və cəhrililəri o kəndin yetirməsi olan Demokratik Partiyanın sədri Sərdar Cəlaloğlunun köməyi ilə tanıyaq:

- Bizim Cəhri kəndimizin əvvəlki adı İşıqlar olub. Qızıl dağın ətəyində  çayın ətrafında yerləşib. Bu gün də həmin kəndin qalıqları qalıb və  bu gün də arxeologiya elmində bizim kəndin adı düşüb. Həmin kəndin yaxınlığından çay keçirdi. Hazırda o çay quruyub, Selo adlanırdı.  Ancaq sel gələndən gələnə işləyən çay idi. O çay quruduqdan sonra insanlar məcbur olub ki, kəndi qoyub Cəhri çayının yanına gəlsinlər. İki çayın arasındakı məsafə 20 kilometrə yaxın olub. O kəndi yenidən saldıqlarına görə insanlar müəyyən mübarizlik nümayiş etdiriblər və kəndin adını  Cəhri qoyublar. Yəni, mübarizədən yaranan kənd. Bu gün İşıqlar kəndinin yerində o dövrlərə aid arxeoloji tapıntılar var ki, bu bölgədə tarixin dəqiqləşməsində olduqca önəm daşıyır. Bizim kəndimiz  Naxçıvan Muxtar Respublikasında ən qədim tarixə malik olan kənddir. Yeganə kənddir ki, nə kənd kimi kəndə xas, nə də şəhər kimi şəhərə xas olan əlamətləri var. Bizim kəndimiz təsərrüfatına görə kənddir, mədəniyyətinə görə şəhərdir. O ad altında Ermənistan ərazisində də İşıqlar kəndi var. Belə bir fərziyyə var ki, bizim kəndin insanları oraya köçüb gedib, ya da bir qrupu gəlib burada kəndi salıblar. Ermənistanda olan İşıqlar kəndi salınmasına və tarixinə görə, çox cavan göründüyündən ağıllı versiya odur ki, həqiqətən də bizim insanlar iki yerə köçüb. Bizim kəndimizdə dünya arxeologiyasında  ən böyük tikintilərdən biri olan Çarxanqala qalası var ki, o da 10 kilometr yuxarıda yerləşir.

Naxçıvan Muxtar Respublikasında ilk aptek bizim kənddə yaradılıb. Digər məsələlərdə də bizim kəndimiz həmişə öndə olub. Naxçıvan şəhərində və ətraf kəndlərdə yeganə bizim kəndimizdir ki, orada şəhər qaydasında ticarət var idi. Başqa kəndlərdə bazar 1-2 saat fəaliyyət göstərir. Bazar işi mədəniyyətin göstəricisidir. Bazar nə qədər dayanıqlıdırsa, demək orada mədəniyyət şəhərləşməyə daha yaxındır. Kəndimizdə 1500 ev, təxminən 10 minə yaxın əhali var. Azərbaycanda belə kəndlər nadirdir. Bizim kənddə 4 univermaq, musiqi  məktəbi, bank filialı, 2 xəstəxana fəaliyyət göstərir. Orada çayxana var idi ki, 100-150 adama eyni anda xidmət göstərirdi. Kəndin özünün mərkəzi meydanı, parkı var. O parkda insanlar şəhərdəki kimi istirahət edirlər. Kənd mədəniyyətinin şəhər mədəniyyətinə keçməsinin nümunəsini Cəhri kəndi verib. Azərbaycan tarixində mən düşünmürəm ki, ikinci belə bir kənd tapa biləsiniz. Naxçıvan özünün coğrafiyasına görə, təzədən şəhərləşməyə başlayıb. Ona görə aptek oraya köçürülüb.

Kəndimizin 11 min hektar əkin sahəsi var. Bu da kənd təsərrüfatında bizim kəndin çox önəmli yer tutduğunu göstərir. Kənd təsərrüfatı payının təxminən 15-20 faizini bizim kəndimiz ödəyir. Bu da olduqca ciddi göstəricidir. Sovet hökumətinin vaxtında bizim kəndimiz üzüm, taxıl, tütün istehsal edirdi. Azərbaycanda rayonlar var ki, bizim kənd qədər məhsul istehsal etmir. Kəndimizi yolları indi də asfaltdır. Kəndimizdə 5 məscid var. Onun 4-ü işləyir. İnsanlr vaxtında orada namazlarını qılır. 

Sərdar Cəlaloğlu kəndin təqdimatından sonra o kəndin yetirmələrinə də toxunur:

“Azərbaycanda 160 Sovet İttifaqı Qəhrəmanı olub. Onlardan 1-i bizim kənddən olan Qəzənfər Əkbərovdur. Eyni zamanda şərəf nişanı ordeninin bir neçə dərəcəsi ilə təltif olunub. Mənim atam (Cəlal Məmmədov-red.) da 2 dəfə “Şöhrət” ordeni ilə təltif olunub. Bu da bizim kəndin insanlarının mərd olduğunu bir daha sübut edir. Kəndin adında baxsaq, görərik ki, kənd özü mübarizə aparan insanların kəndidir. Bunun da sübutu ikinci dünya müharibəsində kəndimizdən qəhrəmanların çıxmasıdır.

Bizim kəndin elmə müəyyən töhfələri olub. Qədir Qədirzadə Akademiyanın müxbir  üzvüdür. Fəxrəddin bəy tarix sahəsində akademiyanın müxbir üzvüdür.  Ədəbiyyat sahəsində də bir çox tanınmış insanlarımız var.  Azərbaycan Dövlət Universitetinin prorektorlarından biri bizim kəndçimiz olub. Azərbaycan elmində söz sahibi olan bir çox adamlar var ki, bizim kəndimizdəndir.

Parlamentdə Eldar İbrahimov və  başqa 2 deputat Cəhridəndir.

Azərbaycanda bizim kənddən olan dövlət xadimləri də var. Siyasət sahəsində mən Cəhriliyəm, Qurban Məmmədov cəhrilidir.  Hökumətdə də cəhrili olan siyasətçilər var. 1991-ci ildə “Hürriyət” qəzeti çıxıb, təsisçisi mən olmuşam. Azərbaycanda olan Azərbaycan Demokrat Partiyasının təsisçisi mən olmuşam. Xalq Hərəkatının önündə də cəhrililər gedib”

Sərdar Cəlaloğlunun adını çəkmədiyi başqa tanınmış cəhrililər var ki, onları da qeyd etmək lazımdır:

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini,polis general-mayoru  Həsən Şirinov da Cəhri kəndindəndir. O, 1950-cı il 26 yanvar tarixində bu kənddə anadan olub. Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və İdarətetmə Akademiyasında təhsil alıb. 1994-cü ildən 2010-cu ilə qədər isə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi vəzifəsində işləyib. Hazırda Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavinidir.

Naxçıvan MR Ali Məclisinin sabiq sədri və əmək və əhalinin sosial müdafisəi nazirinin sabiq müavini  Namiq Həsənov 1944-cü ildə Cəhridə anadan olub. ADPU və partiya məktəbini bitirən sabiq sədr uzun müddət Naxçıvanın ictimai-siyasi həyatında ən fəal simalardan olub. Namiq Həsənov 1995-ci ildən 2000-ci ilə qədər Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.

Hamının yaxşı tanıdığı YAP icra katibinin müavini və millət vəkili Siyavuş Novruzov da tanınmış cəhrililərdəndir. Deputat 1969-cu ildə Cəhridə anadan olub, BDU-un hüquq fakültəsini bitirib. Hazırda parlamentdə Şahbuz-Babək seçki dairəsini təmsil edir.

Fizika-riyaziyyat elmlər doktoru Vaqif İbrahimov isə cəhrinin elm adamlarındandır. Onun tədqiqat sahəsi yüksək tərtib törəmələrdən istifadə edən Obreşkov tipli çoxaddımlı üsullardan və bu üsulların adi diferensial, inteqral və inteqro-diferensial tənliklərin həllinə tətbiqindən ibarətdir. İbrahimov bundan əlavə bir neçə riyazi üsulun banisidir. Sərdar Cəlaloğlunun yuxarıda adını çəkdiyi deputat Eldar İbrahimovun qardaşıdır.

Ulduz İBRAHİMOVA
Elmin NURİ

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı