Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi
... Heç vaxt müəllim olmaq istəməmişəm. Ona görə yox ki, bu peşəni sevməmişəm. Xeyr, əsla. Əksinə, gözümü açanda ilk gördüyüm şəxs elə müəllim olub. Anam. Ömrünü, gününü, həyatını öz şagirdlərinə həsr edən Fəridə müəllimə. İlk müəllimim kimi məktəbə getməzdən əvvəl onu görmüşəm. Öz müəllimlərimlə tanış olana qədər. Sinif müəlimim Şərqiyyə müəllimə, məktəbimizdən ayrılıb gedəndə arxasınca ağladığım rus dili müəllimim – İradə müəllimə, ya da məktəb həyatımda mənə ilk (və sonnucu) 3 qiymətini yazan dayım – riyaziyat müəllimim (anamın əmisi oğlu) Tahir müəllim...
Müəllim mühitində böyüsəm də, ətrafımda kifayət qədər müəllim peşəsinin daşıyıcıları olsa da, müəllim olmaq istəməmişəm. Çünki hər zaman bu adın məsuliyyətindən çəkinmişəm, bu müqəddəs adı doğruldub-doğrultmayacağımı düşünmüşəm... Anamın 40 illik şərəfli müəllim ömrünün heç də asan olmadığını, bu sənətin ağrı- acılarını, yuxusuz gecələrini, dərsdən sonra yorğun əhvalını görüb “mən müəllim olmayacam!” - demişdim. Jurnalist olacağımı qət edəndə də, sənədlərimi bu ixtisas üzrə ali məktəbə verəndə də müəllim olmaq “xofundan” çıxacağımı sanmışdım. Amma...
Sən demə, müəllimin əziyyəti heç də hədər deyilmiş. Demə, müəllim olmaq həm də ən böyük səadətmiş. Müəllim olmaq Tanrının bəxş etdiyi bir xoşbəxtlik imiş.

Müəllim kimi ilk dəfə Bakı Slavyan Universitetində auditoriyaya daxil oldum. Həyatımda ona qədər belə zövqlü bir işin olduğunu bilməmişdim. İlk dəfə radioda süjetim gedəndə necə yerə-göyə sığmamışdımsa, ilk dəfə auditoriyaya girdiyim gün də yaddaşımda çox dərin və silinməz, xoş və unudulmaz izlər açdı. Tələbələrim, onların hər hərəkətimi izləməsi, hər birinin üzü hələ də xatirimdədir. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq humanitar hüquq” dərsi keçirdim. Özüm də bilmədən cümlələr bir-birinin ardınca düzülür, tələbələrin maraqla diqqət kəsilmələrini müşahidə edirdim. Məndən 6-7 yaş kiçik olan 26 nəfər tələbənin qarşısında qürurla və məsuliyyətlə dayanmışdım. Həmin gün evdə anama dedim ki, “sən demə, adam nə oxusa da, axırda müəllim olurmuş”. Təbii ki, bu sözüm ömrünün 40 ilini müəllimlik peşəsinə həsr etmiş heç bir müəllimin xoşuna gəlməzdi. O, da razılaşmadı. Bu öz yerində. Amma o, bəlkə də ürəyinin dərinliyində sevinirdi. Anam elə o gün mənə “Müəllim üçün qaranlıq olan tələbə üçün zülmətdir, müəllimin ən birinci üstünlüyü, “silahı” onun biliyi, savadıdır.” –dedi. Bir də ki, müəllim öz savadı, biliyi ilə yanaşı, həm də xeyirxah (yumşaq deyil), eyni zamanda sərt (acıqlı deyil) olmalıdır. Bunları sırğa kimi qulağımdan asaraq hər dəfə auditoriyaya daxil olanda təkrarlayıram. Beləliklə, mən müəllim oldum. Azərbaycan Dillər Universitetində Jurnalistika ixtisası açılanda ilk tələbələrin ixtisas müəllimi olanda da, hər dəfə növbəti dərsə gedəndə də bunu tətbiq etdim.
Lakin hərdən olur ki, şərtlərimiz və planlarımız dəyişir və bu zaman bəzən sevimli tələbələrdən uzaq düşürsən. Məndə də belə oldu. Bir vacib qərardan sonra dərslərə ara verməli olduğumda onlardan çox mesaj və zənglər aldım. Nərgiz, Firuzə, Mehriban, Fəridə, Mikayıl, Adil və sair... Sonra Ülkər status yazdı və məni – müəllimini “geri istədi”. Düşünürdüm, tələbələrim üç illik müəllim olmaqla yanaşı, yaxın dosta çevrildiyimizə görə belə darıxırlar. Yəqin ona görə başqa müəllim istəmirlər. Həm də sevincli idim. Bu günlərdə isə, cəmi bir semestr dərs dediyim birinci kurs tələbəsi Aytəkindən aldığım mesaj məni bir qədər də düşünməyə vadar etdi. Yox, deyəsən axı, indi mən müəllim olmaq istəyirəm.
Müəllimlik özü mənə müəllim peşəsinin ən ali, ən müqəddəs, ən əhəmiyyətli və ən ülvi bir sənət olduğunu sübut etdi. Peşələrin ən ülvisi, sənətlərin ən alisi olduğunu... Demə, müəllimlik ilk məhəbbət kimidir. Ondan əl çəkə bilmirsən. Bəlkə bundadır sirri?