Modern.az

Oğlum Ağcabədidə işləyir, orada toyuq-cücə saxlayır - Deputatla SÖHBƏT

Oğlum Ağcabədidə işləyir, orada toyuq-cücə saxlayır - Deputatla SÖHBƏT

Parlament

1 Oktyabr 2025, 13:53

Bu günə qədər Azərbaycan mediasında millət vəkilləri ilə müsahibələr daha çox qanunvericilik, onların seçicilərlə bağlı, xarici təşkilatlarda, ayrı-ayrı ölkələrlə əlaqəli dostluq qruplarındakı fəaliyyəti, ictimai-siyasi məsələlər, gündəm mövzular və s. məqamlara bağlı olub.

Modern.az-ın “Region deputatın gözü ilə” layihəsinin bu buraxılışında bölgələrimizin həyatına millət vəkilinin gözü ilə baxırıq. Deputat parlament fəaliyyətindən kənar, seçildiyi rayonun gündəlik qayğıları, nailiyyətləri və gələcək planları barədə düşüncələrini bölüşür.

Budəfəki qonağımız Milli Məclisin 86 saylı Ağcabədi seçki dairəsindən seçilən deputatı Tahir Rzayevdir.

Ağcabədi Azərbaycanın ən iri kənd təsərrüfatı rayonlarından biridir. Ağcabədi rayonu 1 şəhər, 1 qəsəbə və 39 kənd inzibati ərazi vahidindən və 44 kənddən ibarətdir.

Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerləri - Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı bölgənin spesifikliyini göstərir. 

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı Ağcabədidə çox sürətlə yerinə yetirilib.

Müsahibimiz deyir ki, bəzi rayonlarda idmanın, bəzilərində isə kənd təsərrüfatının inkişafına önəm verilir. Ağcabədi  tarixən təsərrüfat rayonu olub və bu yolda da irəlləyir.  

Ağcabədi Qarabağ iqtisadi rayonuna daxil, tarixən qədim yaşayış məskəni olub. Özünün kənd təsərrüfatı, iqtisadiyyatı ilə respubikada yeri olan rayonlardan biridir. Tarixən insanlar burada əkinçilik, maldarlıq, quşçuluqla məşğul olublar. Həm də Ağcabədi özünün iqtisadiyyatı ilə bərabər sanballı insanları ilə seçilir. Ağcabədinin sənət adamları, alimləri, bəstəkarları hər dövrdə olub. Üzeyir Hacıbəyli də məhz burada doğulub, məktəbə gedib. Məşhur bəstəkarımız Zülfü Adıgözəlov, dirijorumuz Yalçın Adıgözəlov, çox böyük muğam ustası Yaqub Məmmədov və digərlərinin də adını çəkmək olar.

Həmçinin Ağcabədi Qarabağ müharibələri dövründə çoxsaylı şəhid də verib. Ağcabədi həm iqtisadi, həm mədəni, həm də mənəvi cəhətdən ölkənin inkişaf edən rayonlarından biridir. Ağcabədinin iqtisadiyyatı çox böyükdür. Hələ SSR dövründən ən böyük pampıqçılıq rayonlarından biri olub. Keçən ilin nəticələrinə baxsaq Saatlıdan sonra pambıq yığınına görə ölkə ərazisində ikinci olub. Bu göstəricilər təxminən 37 min tondan çox pambıq təhvil verib.

Ağcabədi həmçinin çox böyük taxılçılıq rayonudur, keçən il 100 min tondan çox taxıl məhsulu verib. Üzümçülüklə tarixən Ağcabədidə məşğul olunub, amma son illərdə bu sadəcə şəxsi təsərrüfat növünə çevrilib. Baramaçılıq da Ağcabədidə inkişaf edib. Bu il 22 tona yaxın barama istehsal olunub. Ağcabədi həm də ət-süd məhsullarına görə ölkədə öncül yerlərdən birindədir. Digər tərəfdən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı Ağcabədidə çox sürətlə yerinə yetirilib.

Qısa zamanda Ağcabədidə 50-ə yaxın məktəb tikilib, habelə təmir olunub. Bununla yanaşı, Ağcabədidə böyük gənclər kompeksi yaradılıb. Ağcabədidən müxtəlif zamanlarda Avropa, dünya çempionu olub. Bizim özümüzün SSR dövründə futbol klubumuz respublika birinciliyində iştirak edib. Son vaxtlar güləş, cüdo üzrə Ağcabədinin Avropa çempionları da oldu. 



 

"Mən şəhərdə yaşayıramsa, burada çörək qazanmaq üçün buraya uyğun işlə məşğul olmalıyam. Kənddə isə bu müəyyən təsərrüfat sahələridir"

Deputat bildirir ki, qızlar inək sağa bilmir, bunu dediyinə görə isə onu tənqid atəşinə tuturlar. 
İndi iri fermer təsərrüfatları yaranır. Məni narahat edən adamların kənddə qalıb işləməsinə meyli az olmasıdır.


Nəticədə ətin, südün qiyməti qalxır, bu da insanları narahat edir. Mən də bir neçə dəfə demişəm, indi qızlar inək sağa bilmir, ondan qorxur. Tənqid edilər ki, indi qızların inək sağdığı vaxt deyil, zaman dəyişib və sair. Bu fikir doğru deyil. İnsan yaşaması üçün müəyyən çətinliklərə qatlaşmalıdır. Özü də şəraitə uyğunlaşmalıdır. Mən şəhərdə yaşayıramsa, burada çörək qazanmaq üçün buraya uyğun bir işlə məşğul olmalıyam. Kənddə isə bu müəyyən təsərrüfat sahələridir. Bizim nənə-babalarımız həmin torpaqdan çörək yeyiblər. İndi biz kəndə getsək görərik ki, on evdən birində heyvan saxlayırlar. Qalan hamısı boşdur. Hektarlarla torpaqları var, ancaq əkib-becərmirlər. Bəziləri bəhanə gətirir ki, su yoxdur, avadanlıq çatışmır. İşləməkdən ötrü çətinliklərə qatlaşmalısan, çörək havayıdan qazanılmır. 

"Hər rayon ixtisaslaşmalıdır. Bu istiqamətdə işlər gedir. Bəzi rayonlar var ki, heç orada pambıq əkmək olmaz".

Qoyun-keçi sayı ümumilikdə ölkə ərazisində azalıb. Xırdabuynuzlu heyvanların sayında azalma 3 milyon, iribuynuzlarda isə 1 milyona dək göstərilir. Ətlik-südlük heyvanlar yetişməlidir. Biri var inək saxlayasan 3 litr süd verə, biri də var 60 litr. Respublikada iri heyvandarlıq fermaları yaradılır. Orada o cür heyvanlar saxlanılır. Biz buna getməliyik. Əvvəl bizdə 10 milyon xırdabuynuzlu heyvan var idi. Biri var o qədər qoyun-quzunu saxlamağa yer olar, biri də var onların sayı 5 milyon olsun, amma əti-südü bol heyvan olsun. İndi bizdə bu tendensiya gedir. Biz kəmiyyətə yox, keyfiyyətə fikir verməliyik. 

Müasir texnologiyalar tətbiq olunmalıdır. Bəziləri deyir ki, otlaq sahələrimiz yoxdur. Mal-qaramızı saxlaya bilmirik. Mən uzun müddət kənd təsərrüfatı ilə məşğul olmuşam. Otlaq sahəsi məhsuldarlıq üçün əsas deyil, o can qurtarmaqdan ötrüdür. Ağcabədidə qoyun-keçi azalsa da, onların məhsuldarlığı artıb. Əsas problem odur ki, 8-10 kiloluq quzular kəsilir, hamısı daşınır Bakıya. Biz düşünməliyik ki, bu boyda qoyun-quzunu kəsməli deyilik, onlar yetişməlidir. 



Deputat bildirir ki, Ağcabədidə ətin kilosu 16-17 manatdır, Bakıda eyni əti 22-23 manata satırlar:

Bəzi adamlar mal-qarasını bazara çıxarmaqda çətinlik çəkirlər. Bizdə təsərrüfatlarda birləşməyə getmək çox zəifdir. Biz təsərrüfatların birləşməsi haqqında qərar qəbul etdik. Yaxın qohumlar birləşsələr, 30 hektar torpaqları olar. Rahatlıqla mal-qara saxlamaq, məhsul yetişdirmək üçün şərait yarada bilərlər. Amma indi pay torpaqları verilir və hamısı deyir ki, bu torpağın ağası mənəm.

Bu gün ölkədə kənd təsərrüfatına yararlı 4,7 milyon hektar torpaq var. Onların 1 milyon hektarı şoranlaşmaya gedir. Baxırsan ki, 3 hektar torpağı var ora maşınla keçmək üçün yol çəkib, iki yerdən arx düzəldib. Elə olduqda həmin ərazidə məhsul da yetişmir və məhsuldar torpaq da məhv olur. 

Az bal toplayan tələbələrin Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ağcabədi filialını seçməsi fikrimizə qarşılıq olaraq T. Rzayev bildirib:

Ağcabədidə də yeni texnologiyalar var, amma yeni texnologiyaları mənimsəyən insanlar da olmalıdır. Yaxşı haldır ki, gənclərimiz elm və təhsilə yiyələnirlər, amma elm və təhsilə yiyələnmək təsərrüfatdan uzaqlaşmaq mənasına gəlmir. Hamı istəyir ki, universitetlərə qəbul olunsun, ali təhsil alsın. Amma mənim qənaətimə görə aşağı balla universitetə qəbul olan şəxs gələcəyə heç nə verməyəcək. O insanlar ali təhsil almalıdır ki, həqiqətən yüksək intellektə sahib olsunlar və bunu gələcəkdə davam etdirsinlər. 

Ağcabədi müəllimlərinin bir çoxu sertifikasiya imtahanından keçə bilmədilər:

Rayona gedəndə heç olmasa bir məktəbə gedirəm. Ağcabədidə 600-dən çox bal toplayan gənclərimiz var. Təhsil ümumxalq vəzifəsidir. Bizim müəllimlərimiz çox savadlı olmalıdır. Mən təəssüf edirəm ki, Ağcabədi müəllimlərinin bir çoxu bu sertifikasiya imtahanından keçə bilmədilər. Onların bəziləri mənə müraciət edirlər. Mən də deyirəm necə olur ki, siz 20 il dərs deyirsiniz, amma imtahandan keçə bilmirsiniz. Ola bilər sualların 20 faizi mürəkkəb olsun, bəs qalanları? O imtahandan keçə bilməyən müəllim uşaqlara nə öyrədəcək? Sonra da nazirliklə bağlı şikayətlər edirlər. Ola bilər ki, müəllim az balla universitetə qəbul olunub, amma hər bir müəllim öz üzərində işləməlidir. Çünki bu cəmiyyətin ona ehtiyacı var. İndi bu səviyyədə təhsil tələb olunursa, beş ildən sonra bir az da tələbkarlıq artacaq. 


Müsahibimizin sözlərinə görə, Ailə Məcəlləsinə edilən dəyişiklikdən sonra erkən nikah və qohum evliliyi ən qısa zamanda Ağcabədidə sıfır həddinə düşüb:

Son vaxtlar icra və inzibati orqanlar erkən evlilik sahəsində çox ciddi tədbirlər keçirirlər. Eləcə də Ağcabədidə. Vaxtaşırı erkən evlilik, narkomaniya ilə bağlı söhbətlər edilir. Mən özüm də millət vəkli kimi sistemli şəkildə gənclərlə görüşürəm, bu görüşlərin hamısında məsələlər gündəmə gəlir. Siz özününz fikirləşin 15-16 , 17-18 yaşında ailə həyatı quran adamın gələcəyi necə ola bilər?

Qızını erkən yaşda evləndirən atanın savadı yoxdur. O özündən, ailəsindən çox cəmiyyətə ziyan vurur. Bu cür evliliklərdə çox ciddi ziddiyətlər yaranır. Qayınana, baldız ailə işlərinə qarışır bu da gələcəkdə boşanmalara səbəb olur. Bu cür neqativ hallar tək Ağcabədidə deyil, bütün rayonlarda var. Bu da ailədə, cəmiyyətdə, məktəbdə lazımi təhsil verilməməsindən irəli gəlir. Və cəmiyyət birbaşa buna cavabdeh olmalıdır. 

Ağcabədidə boşanmalar artmayıb, hələ də aşağı göstəricidir. Amma başqa rayonlarda az qala evlənənlərin 50 faizi boşanır. Bu bizi narahat edir. Hələ biz düşünsək ki, bu sadəcə rəsmi olaraq nikahda olanlara aiddir. 

Əvvəl Ağcabədidə bir-iki narkoman olardı. İndi rayonlarda “vorzakonları” alqışla qarşılayırlar, onlara şeir yazırlar:

Mən gənc olanda Ağcabədidə bir-iki narkoman adı çəkilə bilərdi və ya bir-iki adam sərxoş görünə bilərdi. Cəmiyyətdə buna çox ciddi qınaq var idi. O ailədən qız almaz, qız verilməzdi. Onu toya-yasa dəvət etməzdilər. O adamlara salam verilməz, tədbirlərdən kənarda saxlayardılar. Amma indi nəinki Ağcabədidə, bir çox rayonlarda “vorzakonları” alqışla qarşılayırlar, onlara şeir yazırlar. Amma bilirlər ki, onlar dələduzdur, xuliqanlıq edir. Nə olsun ki bahalı maşınları var. Mən Azərbaycanın mənafeyi üçün fəaliyyət göstərənləri nəzərdə tutmuram. Məsələn bu yaxınlarda Adnan Əhmədzadə tutuldu, sağlığında onun şərəfinə tostlar deyilirdi. Mən bilməsəm də, onun yaxınları bilirdi ki, pulu necə oğurlayıb, necə meşşan həyat keçirib. 

Ağcabədinin sadəcə 4 kəndində hələ ki qazlaşma yoxdur – Sarcalı, Poladlı, Taynaq və Boyatın bir kəndi. Qalan 44 kəndin hamısı qazlaşdırılıb. Bu il digər 4 kəndə də qaz çəkiləcəyi gözlənilir:

Rayonumuzda işıq problemi ümumiyyətlə yoxdur. Ən ucqar kəndlərimiz də artıq asfalt yollarıdır, amma o yollara baxılmasında da müəyyən problemlər var. Ağır yüklü maşınlar gəlib o yoldan keçəndə yol da xarab olur. Ağcabədidə tikinti-abadlıq işləri çox ciddi şəkildə gedir. Müasir tipli mədəniyyət evləri, bayraq meydanı, ASAN xidmətin binası, Gənclər mərkəzi, böyük olimpiya stadionumuz var. 



Tahir Rzayev dönə-dönə Ağcabədinin qədim yaşayış məskəni olduğunu bildirir. Burada sadəcə 3 muzeyin fəaliyyət göstərməsi ilə bağlı sualımıza isə belə cavab verdi:

Yaxşı təşkil edilsə 3 muzeyin fəaliyyəti Ağcabədi üçün kifayətdir. Tarix-diyarşünaslıq muzeyində rayonun kənd təsərrüfatında işlənən alətlər nümayiş etdirilir. Hətta kotan, xış nümunələri, cəhrə, yun daramaq üçün dişli alətlər də var. Ağcabədi qədim yaşayış məskəni olub. Boyat kəndi yaxınlığındakı Solaxaytəpə, Qaradolaq kəndi yaxınlığındakı Qaratəpə, Kəbirli kəndi yaxınlığındakı Əmirəhməd yaşayış yeri və Sarıcalı kəndi yaxınlığındakı Səngərtəpədə qazıntılar apardılar. Tarix getdi çıxdı hələ eramızdan əvvələ. Amma indi Ağcabədi kənd təsərrüfatı muzeyinin spesifik olaraq yaradılması yaxşı olardı. Dövlət Turizm Agentliyi, Mədəniyyət Nazirliyi müəyyən qrafiklərlə bunu təşkil etməlidir. 


Turizmin inkişafı üçün Ağcabədinin də potensialı var:

Ağcabədidə 5 mehmanxana var, hər biri son standartlara cavab verir. Müxtəlif iş adamları tərəfindən tikilib. Digər tərəfdən Ağcabədinin Ağgölü var. Orada qiymətli quş, balıq növləri yaşayır. Həmin ərazi turizm üçün yararlıdır. Həmçinin rayon ərazisində böyük meşə zolağı var. Araz-kür çayları da buradan keçir. Qədim yaşayış məskənlərinin qalıqları var. Bunları saydıqda görürük ki, turizmin inkişafı üçün Ağcabədinin də potensialı var. Amma gərək bunun üçün şərait yaradılsın, reklam olunsun. Bunu yerli orqanlar özləri təşkil edə bilməz. Dövlət Turizm Agentliyi, Mədəniyyət Nazirliyi müəyyən qrafiklərlə bunu təşkil etməlidir. 



Onun sözlərinə görə, Ağcabədidə həkimlər lazım olan diaqnozu qoya bilmirlər. Ona görə də xəstələrin bir çoxu Bakıya və ya başqa rayonlara üz tuturlar.

Ağcabədidə çox ciddi həkim çatışmazlığı var. Özüm xətəxanalara getmişəm. Ağcabədidə müasir avadanlıqlarla təmin olunan xəstəxanalar tikilib. Cənab Prezident özü də həmin xəstəxanaların açılışında iştirak edib. Lakin yaxşı xəstəxana bəs deyil, eyni zamanda o avadanlıqları istifadə edə bilən həkim lazımdır. Bu gün Ağcabədidə həkimlər lazım olan diaqnozu qoya bilmirlər. Ona görə də xəstələrin bir çoxu Bakıya və ya başqa rayonlara üz tuturlar. Əvvəllər təyinat sistemi ilə insanlar işlə təmin olunurdu. Gedib ən azı 3 il orada işləyirdilər. İşləyəndə də orada yaşayır, evlənir, sonra da həmin rayonda həmişəlik qalırdılar. İndi adamlarda az işləyib çox qazanmaq meyli artıb. Bu reallıqdır, mən də təbii baxıram. İndi insanlar Bakıda, xaricdə oxuyur sonra deyir mən niyə Ağcabədiyə getməliyəm. Halbuki Ağcabədidə işləsə daha çox qazanar. Çünki onun baxacağı xəstələrin sayı çoxdur. Hər gələn xəstə də şəxsi təsərrüfatından həkimə süd, qatıq, ət gətirsə, o həkim yaxşı dolanacaq.

Tahir Rzayev bir çox rayonlarda yas mərasimlərinin sadələşməyinə də fikir bildirib. O qeyd edir ki, Ağcabədidə 3 mərasimi ilə 7 mərasimi birləşib. Getdikcə bu proses daha da sadələşəcək.

Ağcabədidə də yas mərasimləri sadələşdirilib. Biz bu məsələni bir neçə il əvvəl də qaldırmışdıq. Bu qanunla indi tənzimlənməsə də, insanların özünün buna getməyi müsbət haldır. Amma bəzi kəndlərin mollaları buna imkan vermirlər, hətta 7 gün yas mərasimləri davam edir. Səhərdən-axşama kimi ehsan verirlər. Radikal dindarlığa müəyyən cəhdlər də olmuşdu. Başqa rayonlardan gəlib qarışıqlıq salmaq istəyənlər var idi, amma ağcabədililər buna imkan vermədi. Əsasən də bu kimi hallar İkinci Qarabağ müharibəsində olurdu. Amma şəhid ailələri özü evlərindən həmin adamları qovurdu. 


Fotoda: Ağcabədi icra başçısı Rafil Hüseynov
 

Nə icra başçısı məndən nəyəsə görə icazə alır, nə də mən ondan:

İcra hakimləri ilə deputatların yola getmədiyi hallar olur, bunu danmaq olmaz. O da insanın özünün bu dövlətə və vəzifəyə münasibətindən irəli gəlir. Heç vaxt mənim icra başçısı ilə ən xırda problemim belə olmayıb. 25 ildir Ağcabədinin icra başçıları ilə münasibətim yaxşı olub. Tədbirlərə də, xeyirə də, şərə də birlikdə gedirik. Vətəndaşları qəbul edəndən sonra problemlər haqqında da müzakirələr edirik. Sadəcə bir-birimizlə davamlı əlaqədəyik və məlumatlarımız olur. 

Seçicilərimlə görüşəndə onların mənə düşmən olmadığını, görüşlərinə getməli olduqlarını deyirdim, amma ağcabədililər buna etiraz edirdi ki, sizdən başqasını seçmirik:

Seçki zamanı mənim namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüldü, ağcabədililər də məni yaxşı tanıyır. Seçki kampaniyalarında ortalığa düşən bədxahlar oldu. Ailəmin, yaxınlarımın da buna görə incidiyini görürdüm. Mən də deyirdim ki, narahat olmayın 1 aya səngiyəcək. Bilirdim ki, onlar deputat ola bilməz. Seçicilərimlə görüşəndə də onların mənə düşmən olmadığını, görüşlərinə getməli olduqlarını deyirdim, amma ağcabədililər buna etiraz edirdi ki, sizdən başqasını seçmirik. Seçki kampaniyasında da iştirak edənlər sonra gəlib yanıma deyirdi ki, mən ağcabədililər arasında tanınmaq üçün belə edirəm. Mən də deyirəm istəyirsən özüm sənə şəraiti yaradım ki tanınasan. 

Tahir Rzayev kulinariya ilə bağlı ənənəvi sualımıza cavab olaraq bildirib ki, Qarabağ bölgəsinin bütün yeməkləri əvəzsizdir. Xüsusilə plov, dolma, bozbaş və kababı bu siyahıya əlavə etmək olar. 

Balaca oğlum Ağcabədidə işləyir. Hələ ki, onunla bağlı hansısa narazılıq eşitməmişəm:

Ayda 2-3 dəfə Ağcabədiyə gedirik. Yorsa da, yormasa da getməliyəm. Bu mənim vəzifəmdir. Dövlət xidməti maşın da verib, elə onunla hər yerə gedirəm. Balaca oğlum Bakıda işləyirdi, göndərdim Ağcabədiyə ki, ata yurdu boş qalmamlıldır. Yoldaşı da ağcabədilidir. O da getməyə razı oldu. İndi oğlum Ağcabədidə bankda işləyir. Özünə demişəm ki, bir adam səndən narazı olsa, özündən küs. Hələ ki, onunla bağlı hansısa narazılıq eşitməmişəm. Evi, torpağı – hər şeyi var. Gözəl də həyat keçirir. Həyətlərində toyuq-cücə də saxlayırlar, göy-göyərti də əkiblər. Hamısına da qulluq edirlər. Özüm də Ağcabədiyə gedəndə nəvəmlə həyətə düşürəm, birlikdə ağacları, gülləri budayırıq, qulluq edirik. Həyat elə oradadır. 

Son statistiklara görə Ağcabədidə 136 min 800 nəfər yaşayır. Bölgədə ümumi təhsil mərkəzlərinin sayı 62, hər 10 min nəfərə düşən həkim sayı isə ortalama 9-dur. Bundan başqa Ağcabədi taxıl, pambıq, bostan məhsullarının istehsalına görə, həmçinin son illərdə qoyun və keçilərin sayı 40 faizə qədər azalsa da, hələ də xırda və iribuynuzlu heyvan sayına görə ölkənin lider bölgələrdəndir. Rayon ərazisində 3 muzey, 5 mehmanxana fəaliyyət göstərir.

Sizə yeni x var
Keçid et
Kadırov Putini ŞANTAJ EDİR - Çeçenistan müstəqil olacaq?