Modern.az

Roma ilə Bakı arasındakı bu körpü həm də Avropa üçün sabitlik amilidir

Roma ilə Bakı arasındakı bu körpü həm də Avropa üçün sabitlik amilidir

Parlament

1 Oktyabr 2025, 12:35

"Azərbaycan–İtaliya münasibətlərinin uğuru bir daha təsdiq edir ki, uzaq məsafələr siyasi yaxınlığa mane olmur. Əksinə, qarşılıqlı etimad, iqtisadi və humanitar əməkdaşlıq üzərində qurulan tərəfdaşlıq dövlətlər arasında nümunəvi əlaqələr formalaşdıra bilir.

Prezident Əliyevin qeyd etdiyi kimi, bu əməkdaşlıq modeli bir-birindən coğrafi baxımdan uzaq ölkələrin necə strateji tərəfdaş ola biləcəyini sübut edir. Roma ilə Bakı arasında formalaşan bu etibarlı körpü həm region, həm də Avropa üçün mühüm sabitlik amilidir."

Modern.az xəbər verir ki, bu sözlər Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili bildirib ki, Azərbaycan və İtaliya arasında əlaqələrin əsas dayaqlarından biri enerji sektorudur:

"Prezident İlham Əliyevin xatırlatdığı kimi, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı, Azərbaycan neftinin əsas alıcısı, qaz idxalında isə ikinci yerdədir. Bu fakt ölkələr arasındakı münasibətlərin yalnız iqtisadi maraqlara deyil, qarşılıqlı etimada əsaslandığını göstərir.

TAP layihəsinin icrası zamanı İtaliya rəhbərliyinin, o cümlədən Prezident Mattarellanın şəxsi müdaxiləsi və dəstəyi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş statusunu daha da gücləndirib. Bu, həm də Avropa İttifaqının enerji xəritəsində Azərbaycanın xüsusi rolunu artırıb və möhkəmləndirib.

Bu gün artıq söhbət yalnız neft və qazdan getmir. Azərbaycanın Avropa ilə yaşıl enerji əməkdaşlığı, Xəzər dənizi üzərindən planlaşdırılan elektrik xətləri və bərpa olunan enerji resurslarının Avropa bazarlarına çıxarılması yeni mərhələnin konturlarını müəyyənləşdirir. İtaliya bu prosesdə körpü rolunda çıxış edir."

Deputatın sözlərinə görə əgər ilk mərhələdə tərəfdaşlığın mərkəzində enerji layihələri dayanırdısa, bu gün gündəmin ön sırasına həm də humanitar əməkdaşlıq çıxır:

"Bu baxımdan, İtaliya–Azərbaycan Universiteti yalnız akademik biliklərin ötürülməsi üçün vasitə deyil, həm də mədəniyyətlərarası körpü funksiyasını daşıyır. Burada təhsil alacaq yüzlərlə gənc gələcəkdə iki ölkə arasında dostluğun canlı daşıyıcıları olacaq. Beləliklə, iqtisadi maraqlar üzərində qurulan tərəfdaşlıq artıq mədəni-humanitar sferada da dərinləşərək davamlı və gələcəyə hesablanan modelə çevrilir.

Bununla yanaşı qeyd edim ki, Azərbaycanın Aİ ilə münasibətləri son illərdə dinamik mərhələyə qədəm qoyub. İtaliya bu prosesdə Bakının etibarlı tərəfdaşı kimi çıxış edir. Prezident Əliyevin vurğuladığı kimi, Roma hər zaman Azərbaycanın Avropa ilə yaxınlaşmasına dəstək verib və bu mövqe hazırda da öz aktuallığını qoruyur.
İtaliya prezidentinin mətbuata bəyanatı göstərir ki, Bakı–Roma xətti Aİ–Azərbaycan münasibətlərinə inteqrasiya olunmuş mühüm siyasi kanaldır. Bu kanal həm enerji təhlükəsizliyi, həm də yeni nəsil əməkdaşlıq layihələri üçün açar rolunu oynayır.

Bütövlükdə isə, Mattarellanın Bakıya səfəri Azərbaycan–İtaliya münasibətlərinin yalnız tarixi xronikasına yeni səhifə əlavə etmir, həm də bu tərəfdaşlığın gələcək hədəflərini aydın şəkildə ortaya qoyur. Ortaq hədəflər isə enerji əməkdaşlığından mədəni diplomatiyaya, ticarətdən təhsil və elm mübadiləsinə qədər çoxşaxəli, davamlı və strateji əməkdaşlıqdan ibarətdir."

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Kadırov Putini ŞANTAJ EDİR - Çeçenistan müstəqil olacaq?