Müstəqil Azərbaycanın tarixində 3 oktyabr 1993-cü il dönüş nöqtəsi olmuşdur. Xalqın iradəsi ilə dövlətin ali rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev yalnız daxili sabitliyi təmin etməklə kifayətlənmədi, həm də ölkənin xarici siyasət kursunu milli maraqlara əsaslanan strateji xətt üzərində qurdu. Onun həyata keçirdiyi tarazlaşdırılmış və çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş, regional sabitlik və əməkdaşlığın mühüm aktoru kimi tanındı.
1993-cü ildə Azərbaycanda yaranmış mürəkkəb şərait xarici siyasətdə də ciddi çağırışlar doğurmuşdu. Bir tərəfdən Ermənistanın hərbi təcavüzü davam edir, digər tərəfdən isə yeni müstəqil dövlət kimi Azərbaycan böyük dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini müəyyənləşdirmək zərurəti ilə üz-üzə qalırdı. Ulu Öndər Heydər Əliyevin tarazlaşdırılmış siyasəti bu baxımdan strateji əhəmiyyət kəsb edirdi. O, Azərbaycanın xarici siyasətini regional güclər və qlobal aktorlarla balanslaşdırılmış əməkdaşlıq üzərində quraraq ölkənin müstəqilliyini və təhlükəsizliyini qorumağı bacardı.
Ulu Öndər Ulu Öndərin əsas prinsipial yanaşması belə idi: Azərbaycan heç bir hərbi-siyasi blokun tərkibində deyil, müstəqil siyasət yürüdən suveren dövlət kimi çıxış etməlidir. Bu, həm beynəlxalq münasibətlərdə etibarlılığın təmin olunmasına, həm də ölkənin daxili inkişafına şərait yaratdı. 1990-cı illərin ortalarından etibarən Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. 1994-cü ildə Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu. Bu addım Azərbaycanın təhlükəsizlik sisteminə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyırdı.
1996-cı ildə Avropa Şurası Parlament Assambleyasında müşahidəçi statusu əldə edildi. 2001-ci ildə isə Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvünə çevrildi. Bu, insan hüquqları və demokratik dəyərlərə sadiqliyin təsdiqi idi. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, GUAM kimi beynəlxalq və regional strukturlarla fəal əməkdaşlıq Azərbaycan diplomatiyasının fəaliyyət spektrini genişləndirdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın xarici əlaqələri yalnız siyasi deyil, həm də iqtisadi və humanitar müstəvilərdə möhkəmləndi.
Ulu Öndər Heydər Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən biri Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsini beynəlxalq gündəmdə saxlamaq idi. O, danışıqlar prosesində Azərbaycanın ədalətli mövqeyini müdafiə edir, beynəlxalq ictimaiyyəti işğal faktını tanımağa çağırırdı. 1994-cü ildə atəşkəsin əldə olunması ilə münaqişənin həlli üçün diplomatik müstəvi açıldı. Ulu Öndər Heydər Əliyev bu dövrdə həm Minsk qrupu çərçivəsində, həm də ikitərəfli formatlarda fəal danışıqlar apararaq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü prioritet kimi gündəmə gətirdi. Ulu Öndərin prinsipial mövqeyi nəticəsində beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə dəstək öz əksini tapdı. Bu isə sonrakı illərdə ölkəmizin diplomatik üstünlüklərinin möhkəmlənməsində mühüm rol oynadı.
Xarici siyasətin iqtisadi dayaqları da Ulu Öndər Heydər Əliyevin strateji baxışında xüsusi yer tuturdu. Onun müəllifi olduğu neft strategiyası Azərbaycanı qlobal enerji xəritəsində ön sıralara çıxardı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” yalnız iqtisadi deyil, həm də siyasi hadisə kimi Azərbaycanın beynəlxalq nüfuzunu artırdı. Bu müqavilənin imzalanmasında dünyanın aparıcı dövlətlərinin və şirkətlərinin iştirakı Azərbaycanın beynəlxalq sistemdə mühüm tərəfdaş kimi qəbul olunmasına səbəb oldu.
Bakı–Tbilisi–Ceyhan və digər enerji layihələri Azərbaycanın beynəlxalq əməkdaşlıq şəbəkəsini genişləndirməklə yanaşı, ölkəmizin geosiyasi əhəmiyyətini də artırdı. Azərbaycanın enerji təhlükəsizliyi təminatçısına çevrilməsi dövlətimizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət etdi. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, müstəqil mövqeyi olan və regional əməkdaşlığa töhfə verən ölkə kimi qəbul edildi.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin xarici siyasət kursu Azərbaycanı müstəqilliyini qoruyub saxlamağa, beynəlxalq arenada etibarlı mövqe qazanmağa və gələcək inkişaf üçün əlverişli şərait yaratmağa imkan verdi. Onun tarazlaşdırılmış siyasəti, beynəlxalq təşkilatlarla əməkdaşlığı, Ermənistan–Azərbaycan münaqişəsinin gündəmdə saxlanılması və enerji layihələrinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan beynəlxalq nüfuzunu möhkəmləndirdi. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət məhz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin davamı olaraq Azərbaycanın beynəlxalq münasibətlərdə aparıcı rol oynamasına zəmin yaradır. Heydər Əliyevin xarici siyasət irsi Azərbaycanın müstəqilliyinin, təhlükəsizliyinin və beynəlxalq nüfuzunun təminatçısı kimi daim yaddaşlarda qalacaq.
Şahin Seyidzadə
Milli Məclisin deputatı