"1999-cu ildə ölkəmizdə vəkillərin sayı 300-ə yaxın idi. Son 25 il ərzində ölkədə vəkillərin sayı xeyli artıb. Azərbaycan gəncləri vəkilliyə üz tuturlar. Düzdür, vəkillərin sayı yenə də bizi tam qane etmir. Razıyam ki, vəkillərin sayı azdır, artırılmalıdır.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
"Bu məsələnin kökündə duran məsələnin biri odur ki, ölkədə hüquqşünasların sayı azdır. Biz çalışmalıyıq ki, ən savadlı, təhsilli insanlar vəkil olsunlar. Biz çalışırıq ki, vəkillər daim peşə hazırlıqlarını artırsınlar, keyfiyyətli hüquqi yardım göstərsinlər"- deyə o qeyd edib.