Azərbaycanın xarici siyasətində regional əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlərdən biri kimi mühüm yer tutur. Beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu və fəal üzv kimi mövqeyini möhkəmləndirən Azərbaycan qonşu və region dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə xüsusi önəm verir
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər regionda qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni reallıqlar yaradıb. Azərbaycan yalnız Cənubi Qafqaz üçün deyil, daha geniş coğrafiyada inkişafa və tərəqqiyə xidmət edən təşəbbüslərlə çıxış edir. Azərbaycanın irəli sürdüyü əməkdaşlıq gündəliyi artıq qlobal miqyasda böyük dəstək qazanıb. MDB-yə üzv ölkələrin bu təşəbbüslərə qoşulması dövlətlər arasında münasibətlərin daha da genişlənməsinə əsaslı zəmin yaradacaq. Bu xüsusda, MDB-yə üzv ölkələr arasında regional əməkdaşlıq xətti üzrə həm iqtisadi, həm də nəqliyyat-kommunikasiya baxımından yaxşı imkanlar var.
Azərbaycanın təşkilata üzv ölkələr olan Özbəkistan, Türkmənistan, Qazaxıstan ilə fəal siyasi dialoqu müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsini təmin edir. Eyni zamanda, ölkəmiz ilə Tacikistan arasında ikitərəfli münasibətlər fəal şəkildə inkişaf etdirilir. 2023-cü ilin aprelində Azərbaycan Prezidentinin Tacikistana dövlət səfəri çərçivəsində imzalanan çoxsaylı sənədlər əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və genişləndirilməsi baxımından önəmli rol oynadı. Bu gün dövlət başçılarının qarşıya qoyduqları vəzifələr əsasında əlaqələr genişlənməkdədir.
Hər zaman regionda sabitlik, tərəqqi və inteqrasiya ideyalarına əsaslanan təşəbbüslərin müəllifi olan Azərbaycan Müstəqil Dövlətlər Birliyində də fəal rola malikdir. Bu xüsusda, Laçının MDB-nin mədəniyyət paytaxtı elan olunması, III MDB Oyunlarının ölkəmizdə keçirilməsi təşkilat çərçivəsində Azərbaycan göstərilən yüksək etimadın təzahürüdür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında qeyd etdiyi kimi, bu tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.
Praqmatik və balanslaşdırılmış xarici siyasət kursunun tərkib hissəsi kimi Azərbaycanın MDB çərçivəsindəki fəaliyyəti regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı faydalı münasibətlərin inkişafına önəmli töhfə verir.
Şahin İsmayılov,
Milli Məclisin Gənclər və idman komitəsinin sədri