“Azərbaycan Respublikasında hüquq-mühafizə orqanları, o cümlədən də Daxişi İşlər Nazirliyi (DİN) ölkənin təhlükəsizlik dayaqlarından biri kimi önəmli rol oynayır. Cəmiyyətin asayiş içində yaşaması, cinayətkarlığın önlənməsi, narkomaniyaya qarşı mübarizə və qanunun aliliyinin təmin olunması sahəsində Azərbaycan hüquq-mühafizə orqanları bu gün nümunəvi fəaliyyəti ilə seçilir. Bu sahədə əldə olunan uğurlar birbaşa olaraq dövlət başçısının – cənab İlham Əliyevin siyasətilə bağlıdır”.
Bu fikirləri Modern.az-a Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü, professor Eldar İbrahimov “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsindən danışarkən bildirib.
Qeyd edək ki, Milli Məclisin oktyabrın 10-da birinci oxunuşda qəbul etdiyi “Daxili qoşunların statusu haqqında" yeni qanun layihəsi preambula, 6 fəsil və 30 maddədən ibarətdir. Hazırda ölkəmizdə Daxili qoşunlarının hüquqi statusu 1994-cü il 8 fevral tarixində qəbul edilmiş "Daxili qoşunların statusu haqqında" Qanunla tənzimlənir.
Eldar İbrahimov deyib ki, bu gün Azərbaycanda ümumilli lider Heydər Əliyevin dövlətçilik ənənəsi Prezident İlham Əliyev tərfindən uğurla davam etdirilir və möhkəmləndirilir.
O, ölkə daxilində ictimai asayişin yüksək səviyyədə qorunmasının təmin edilməsini xüsusilə qeyd edib. Deputat bildirib ki, bölgələrdə və şəhərlərdə vətəndaşlar özlərini təhlükəsiz hiss edir, çünki polis daim onların yanında, hazır və çevik reaksiyası ilə seçilir. Xüsusilə son illərdə müşahidə olunan cinayət hallarının azalması, baş vermiş cinayətlərin operativ şəkildə açılması bu qurumun effektiv fəaliyyətindən xəbər verir.
E.İbrahimov deyib ki, Daxili İşlər Nazirliyi və ona tabe olan strukturların mühüm fəaliyyət istiqamətlərindən biri də cinayətkarlıqla mübarizə və narkomaniyanın qarşısının alınmasıdır. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü əməliyyatlar nəticəsində cinayətlərin sayı azalmış, aşkarlanma faizi isə xeyli artmışdır. Xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən tədbirlər cəmiyyətin gələcəyinin – gənclərin – qorunmasına yönəlmiş önəmli strategiyanın tərkib hissəsidir.
“Azərbaycan polisi yalnız cinayətdən sonra reaksiya göstərmir, həm də preventiv tədbirlərlə cinayətlərin qarşısını almaqda uğurla çıxış edir. Profilaktik tədbirlərin genişləndirilməsi və ictimaiyyətlə sıx əməkdaşlıq bu sahədə nəticələrin daha da güclənməsinə səbəb olmuşdur”.
Bu istiqamətdə aparılan sistemli tədbirlərin başında daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun dayandığını qeyd edən millət vəkil deyib ki, hüquq-mühafizə orqanlarının, o cümlədən Daxili qoşunların statusunun və funksional imkanlarının artırılması, təhlükəsizlik sisteminin daha da müasirləşdirilməsi ilə nəticələnə bilər.
“Məhz bu kontekstdə “Daxili qoşunların statusu haqqında” yeni qanun layihəsinin hazırlanması və müzakirəyə çıxarılması günün reallıqlarından irəli gələn zərurət kimi qiymətləndirilməlidir. Son illər baş verən regional təhlükəsizlik çağırışları, hibrid təhdidlər, kütləvi informasiya və texnoloji savaşların artması hüquq-mühafizə strukturlarının – xüsusilə Daxili Qoşunların – hüquqi statusunun daha da dəqiqləşdirilməsini və gücləndirilməsini vacib edir”, - E.İbrahimov vurğulayıb.
Onun sözlərinə görə, yeni qanun layihəsi Daxili qoşunların hüquqi çərçivəsini daha da genişləndirərək, bu hərbi qurumun vəzifə və səlahiyyətlərini, maddi-texniki təminatını, sosial müdafiə mexanizmlərini və operativ imkanlarını daha dəqiq və funksional formada müəyyən edir. Bu isə bir tərəfdən, hüquqi şəffaflığı təmin edəcək, digər tərəfdən, ölkədə ictimai asayişin qorunmasında, antiterror əməliyyatlarında və fövqəladə hallarda çevik və qanunauyğun fəaliyyətin hüquqi bazasını formalaşdıracaq.
“Daxili qoşunların fəaliyyət sahələrinin genişləndirilməsi və hüquqi statusunun artırılması birbaşa olaraq daxili işlər nazirinin rəhbərlik etdiyi strateji yanaşmanın tərkib hissəsidir və DİN sistemində şəffaf idarəetməyə, peşəkarlığın artırılmasına, çevik reaksiya mexanizmlərinin formalaşdırılmasına və ictimaiyyətlə etimad əsaslı münasibətlərin qurulmasına böyük önəm verilir”, - E.İbrahimov qeyd edib.
Millət vəkilinin sözlərinə görə, Daxili qoşunlar təkcə sabitlik və təhlükəsizliyin qorunmasında deyil, həm də dövlətin suverenliyinin və ərazi bütövlüyünün müdafiəsində mühüm rol oynayır:
“Vətən müharibəsində bu strukturun əsgərləri və zabitləri qəhrəmanlıq göstərərək, ön cəbhədə və strateji nöqtələrdə yüksək döyüş hazırlığını nümayiş etdiriblər. Bu qəhrəmanlıq nümunəsi göstərdi ki, Daxili qoşunlar sadəcə daxili sabitliyin deyil, həm də milli müdafiənin vacib komponentidir”.
E.İbrahimov deyib ki, “Daxili Qoşunların statusu haqqında” yeni qanun layihəsi bu günün çağırışıdır və onun qəbul edilməsi Azərbaycan Respublikasının hüquq-mühafizə sisteminin daha da təkmilləşməsinə, çevik və effektiv fəaliyyətinə mühüm töhfə verəcək. Bu qanun layihəsi yalnız hüquqi texniki sənəd deyil, eyni zamanda Azərbaycan dövlətinin təhlükəsizlik arxitekturasında yeni mərhələnin başlanğıcıdır.
“Daxili İşlər Nazirliyinin və onun tərkibində olan bütün strukturların, o cümlədən Daxili qoşunların fəaliyyəti bu gün hər bir Azərbaycan vətəndaşı üçün təhlükəsiz və sabit həyatın əsas təminatçısıdır. Cəmiyyət əmindir ki, qanunlar keşikdədir, və bu keşikdə güclü peşəkarlar – Azərbaycan polisi və Daxili Qoşunlar dayanır”, - deputat sonda fikrini yekunlaşdırıb.