Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Məlumata görə, Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Məlahət İbrahimqızı Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan dövləti demokratik və hüquqi dövlətdir. Ölkəmizdə hər kəs – hətta toxunulmazlıq statusu olan şəxslər belə – qanun qarşısında məsuliyyət daşımalı və hüququn aliliyinə hörmət etməlidir:
“Azərbaycan xalqı dövlət müstəqilliyini asanlıqla əldə etməyib. Minlərlə qiymətli vətəndaşımız müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçib. Çağdaş dövlətimizin qurucusu, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına və dövlətimizin sarsılmazlığına, əbədiliyinə həsr edib.
Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyev dünya erməniliyi və onun arxasında dayanan super güclərlə yorulmadan mübarizə apararaq Azərbaycanı dünyaya qalib və qüdrətli xalq kimi tanıdıb.
Kimliyindən, harada yaşamasından və tutduğu mövqedən asılı olmayaraq, dövlətçiliyimizə, Heydər Əliyev siyasətinə və bu siyasəti bu gün dünya miqyasında uğurla həyata keçirən dövlət başçısına xəyanət edən, dövlətə pis niyyətlə yanaşan hər kəs layiqli şəkildə cavab verməlidir. Belə harınlamış məmurlara ən ağır cəza tətbiq olunmalıdır. Azərbaycan güclü dövlətdir və dövlətimizin, xalqımızın keşiyində duran sarsılmaz qurumlar mövcuddur.
Deputat hesab edir ki, Ramiz Mehdiyevin və onun cinayətkar havadarlarının dövlət çevrilişi ilə bağlı cəhdi təkcə hüquqi müstəvidə deyil, həm də xalqın mühakiməsinə verilməlidir:
“Qətiyyətlə qeyd etməliyik ki, Ramiz Mehdiyev kimi vətən xainlərini 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin və şəhid analarının ahı əbədi izləyəcəkdir.
Bu acgöz hakimiyyət hərisləri müstəqillik illərində onların yolunu getmiş bəzi milli satqınların aqibətini yəqin ki, unudublar. Ramiz Mehdiyev fəaliyyəti dövründə Azərbaycan ictimaiyyətinin ona olan nifrət və qəzəbini yaxşı bilirdi. Görünür, ictimaiyyətin onun çirkli əməllərinə Ulu Öndərin və möhtərəm Prezidentin nüfuzuna görə həmişə göz yummasına arxayın imiş.
Azərbaycan xalqı və ictimaiyyəti öz dövlətinə və Prezidentinə inanır, güvənir və hər zaman onun yanında dayanır”.