Modern.az

Daş-daş, ev-ev yenidən doğulan şəhər: Füzulinin dirçəliş salnaməsi

Daş-daş, ev-ev yenidən doğulan şəhər: Füzulinin dirçəliş salnaməsi

Parlament

16 Oktyabr 2025, 14:48

Azərbaycanın ən qədim və ən zəngin diyarlarından biri olan Füzuli tarix boyu xalqımızın mədəniyyət xəzinəsində özünəməxsus yer tutub. Bu torpaq poeziyanın, mərdliyin, zəhmətin və gözəlliyin beşiyi olub. Adını klassik ədəbiyyatımızın böyük dühası Məhəmməd Füzulidən alan bu diyar təkcə bir coğrafi məkan deyil - həm də mənəvi dəyərlərin, ruhun və kimliyimizin simvoludur. Füzuli torpağı tarix boyu sanki sözlə daş arasında körpü salıb, hər qarışında xalqımızın nəfəsi, yaddaşı və izləri yaşamaqdadır.

Lakin bu müqəddəs diyarın taleyinə ağır sınaqlar da yazılmışdı. 1993-cü ilin avqustunda Füzuli Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Şəhərin küçələri, evləri, məktəbləri, mədəniyyət və dini ocaqlar yerlə-yeksan edildi, qəbiristanlıqlar dağıdıldı. Minlərlə insan doğma yurdunu tərk etməyə məcbur qaldı. Vətən həsrəti illərlə insanların qəlbində sağalmaz yara kimi qaldı.

Amma xalq bu ağrını içində daşısa da, heç vaxt boyun əymədi. Xalqımız inandı və dözdü, Vətən sevgisini və azadlıq arzusunu qəlbinin dərinliklərində qorudu. Hər bir sakinin ürəyində bir ümid yaşayırdı - bir gün doğma torpaq yenidən azad olacaq, Azərbaycan bayrağı yenidən bu müqəddəs diyarda dalğalanacaq.

Və nəhayət, 2020-ci ilin 17 oktyabrı bu inamın reallaşdığı, tariximizin ən qürurlu səhifələrindən birinə çevrildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi. Xalqımızın qüruru, ləyaqəti, azadlıq arzusu yenidən dirçəldi. Füzulinin azadlığı Böyük Qələbənin müjdəçisi, Zəfər tariximizin şanlı başlanğıcı oldu.

Bu möhtəşəm zəfərin kökündə Ulu Öndər Heydər Əliyevin illərlə apardığı uzaqgörən siyasət dayanırdı. Onun müdrikliyi və iradəsi sayəsində müstəqilliyimiz möhkəmləndi, ordumuz formalaşdı, dövlətçiliyimizin təməli bərqərar oldu. Ulu Öndər xalqımıza dövlətə sədaqəti, Vətənə sevgini və mübarizə əzmini miras qoydu. Məhz bu mənəvi irs sonradan qalibiyyətə aparan yolun bünövrəsini təşkil etdi.

Bu gün həmin yolun şərəfli davamçısı, qalib xalqın qalib Lideri - Prezident İlham Əliyev Heydər Əliyev siyasətini qətiyyətlə və ardıcıllıqla həyata keçirir. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövlətinə çevrilib. Füzuli və bütün Qarabağ torpaqlarının azadlığı bu siyasətin ən parlaq nəticəsidir.
Prezident İlham Əliyevin iradəsi, misilsiz liderliyi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə, eləcə də antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu. Bu, Azərbaycanın dövlətçilik gücünü, xalqın birliyini və milli iradəsini bütün dünyaya nümayiş etdirdi.

Bu gün Füzuli dirçəliş dövrünü yaşayır. Azadlıqdan sonra bu torpaqlarda həyat yenidən nəfəs almağa başlayıb. Bir zamanlar ermənilər tərəfindən xarabalığa çevrilmiş şəhər indi inkişaf, quruculuq və yenidənqurmanın simvoluna çevrilib. Dövlətimizin qüdrəti, xalqımızın birliyi və iradəsi burada hər bir daşda, hər bir binada öz əksini tapır.

Təəsüflər olsun ki, Füzuli azad edilmiş rayonlar arasında minalarla ən çox çirklənmiş ərazilərdən biridir. Yüz mindən çox mina bu torpaqlarda basdırılıb. Bu, erməni vandalizminin və insanlıq əleyhinə cinayətlərin bariz sübutudur. Azərbaycan dövləti hazırda mülki əhaliyə, infrastruktur obyektlərinə və sahibkarlığa vurulmuş ziyanın qiymətləndirilməsi istiqamətində bütün zəruri tədbirləri həyata keçirir və ədalətin bərpası üçün ardıcıl addımlar atır.

Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Qısa müddətdə şəhərin siması tam dəyişib. 2023-cü il martın 18-də “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiqlənib və artıq bu plan əsasında müasir şəhərsalma prinsiplərinə uyğun yeni Füzuli formalaşır.
Rayonda “Füzuli” yarımstansiyası, Rəqəmsal İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Əhmədbəyli–Füzuli–Şuşa, Zəfər və Füzuli–Hadrut avtomobil yolları regionun iqtisadi inkişafına və Qarabağın strateji mövqeyinin möhkəmlənməsinə böyük töhfə verir. Azərbaycanın texnoloji gücünün göstəricisi olan Füzuli Beynəlxalq Hava Limanı isə qardaşlıq və birliyin simvoluna çevrilib. Hava limanının açılışında Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı iki ölkə arasında dostluğun bariz təcəssümüdür.

Bu nəhəng layihələr Böyük Qayıdış Proqramının tərkib hissəsidir. 2023-cü il avqustun 18-dən başlayaraq keçmiş məcburi köçkünlərin Füzuliyə qayıdışı həyata keçirilir. Artıq yüzlərlə ailə doğma yurduna qovuşub, yeni evlərində həyatlarını yenidən qurur. 2026-cı ilin sonunadək təkcə Füzuliyə 22 min insanın qayıdışı planlaşdırılır. 

Füzulinin bərpasında qardaş ölkələrin mənəvi və maddi dəstəyi xüsusi önəm daşıyır. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına müasir məktəb və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə açılan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu dostluğun əbədi təcəssümüdür.

Bu gün Füzuli təkcə azad edilmiş bir şəhər deyil - o, dirilən Azərbaycan ruhunun, dövlətimizin qüdrətinin və xalqımızın birliyinin rəmzidir. Hər yeni ev, hər yeni məktəb, hər yeni yol bu torpağın üzərindən keçən iztirablı illərin yerinə doğan ümid işığıdır. 17 oktyabr-Füzuli şəhəri günü Azərbaycan tarixində bir dönüş nöqtəsi, qalib xalqın yaddaşında isə əbədi qürur səhifəsidir. Bu torpaq hər bir şəhidin, hər bir əsgərin, hər bir ananın duası ilə müqəddəsləşib. Füzuli bu gün müstəqil dövlətimizin sarsılmaz birliyinin və əbədi Zəfər iradəsinin rəmzidir.

Zaur Şükürov
Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ