Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik edilir.
Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə qəbul daxili müsahibə əsasında həyata keçirilir.
Təklif olunan dəyişikliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə (yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri və Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) qəbul daxili müsahibə əsasında həyata keçiriləcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.