Modern.az

34 il müstəqillik: suverenliyin möhkəm dayaqları

34 il müstəqillik: suverenliyin möhkəm dayaqları

Parlament

17 Oktyabr 2025, 16:30

18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin bərpası günü dövlətçilik tariximizin ən mühüm dönüm nöqtələrindən biridir. 1991-ci ildə qəbul olunan “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə xalqımız yenidən suveren dövlət qurmaq iradəsini nümayiş etdirdi. Lakin bu müstəqillik asanlıqla əldə edilmədi və onun qorunması üçün həm siyasi iradə, həm də milli birlik zəruri idi. XX əsrin sonlarında ölkədə siyasi xaos, iqtisadi böhran, torpaqların işğalı və separatizm təhlükəsi Azərbaycan dövlətçiliyini sual altına almışdı. Belə bir həssas məqamda milli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini real və davamlı etdi.

Ulu Öndər Heydər Əliyev müstəqil dövlətin ideya-siyasi əsaslarını formalaşdırdı, milli dövlətçilik ənənələrini bərpa etdi və beynəlxalq aləmdə Azərbaycanın tanınmasını təmin etdi. Güclü dövlət institutlarının yaradılması, ordu quruculuğu, neft strategiyası və balanslı xarici siyasət Heydər Əliyevin uzaqgörən liderliyinin nəticəsi idi. Əgər 1993-cü ildən sonra ölkədə sabitlik bərpa edilməsəydi, bugünkü müstəqil Azərbaycan modeli mövcud olmazdı. Onun rəhbərliyi ilə qəbul edilən 1995-ci il Konstitusiyası suveren dövlətin siyasi hüquqi sütunlarını möhkəmləndirdi. Ulu Öndərin “Müstəqillik bizim ən böyük sərvətimizdir” fikri bu gün də strateji yol xəritəsi olaraq qalır.

Məhz bu ideyaların davamı kimi Prezident İlham Əliyev müstəqilliyi sadəcə siyasi status deyil, real gücə çevirdi. XXI əsrdə Azərbaycanın beynəlxalq nüfuzunun artması, qlobal enerji və nəqliyyat layihələrinin mərkəzində dayanması, iqtisadi inkişafın davamlı xarakter alması məhz onun apardığı siyasətin nəticəsidir. Prezident İlham Əliyevin fəaliyyəti müstəqilliyin yeni mərhələsini – qalib, söz sahibi olan Azərbaycanın yüksəlişini təmin etdi. Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır, beynəlxalq hüququn prinsiplərinə sadiqlik nümayiş etdirilir və eyni zamanda milli maraqların təmin edilməsi üçün güc və diplomatiya balanslaşdırılmış şəkildə tətbiq edilir.
Azərbaycan müstəqilliyini qorumağın ən mühüm şərti olan ərazi bütövlüyünü də məhz bu mərhələdə bərpa etdi. 2020-ci il Vətən müharibəsində əldə edilən tarixi Qələbə, 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. Bu, təkcə hərbi uğur deyil, həm də milli iradənin, uzunmüddətli strategiyanın və sarsılmaz dövlətçilik prinsipinin təntənəsidir. Azərbaycan postmünaqişə dövründə sülh təşəbbüsləri irəli sürür, regionda dayanıqlı təhlükəsizlik və əməkdaşlıq modelini formalaşdırır. Müstəqilliyin qorunması artıq yalnız müdafiə deyil, eyni zamanda inkişaf, inteqrasiya və qlobal proseslərə təsir imkanları ilə ölçülür.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət suverenliyin hərtərəfli təminatını əhatə edir. Hüquqi-siyasi müstəqilliklə yanaşı, iqtisadi müstəqillik gücləndirilmiş, enerji sahəsində əldə edilən nailiyyətlər ölkəmizə strateji üstünlüklər qazandırmışdır. Humanitar diplomatiya və beynəlxalq təşkilatlarda fəal iştirak Azərbaycanın qlobal səviyyədə etibarlı tərəfdaş statusunu möhkəmləndirmişdir. Eyni zamanda ordu quruculuğunda aparılan islahatlar Azərbaycanın regionda ən güclü hərbi qüvvəyə çevrilməsinə səbəb olmuşdur. Bu gün Azərbaycan müstəqilliyini yalnız qoruyan deyil, həm də onu daha güclü edən nümunəvi bir dövlət modelidir.

Müstəqilliyin bərpası günü eyni zamanda milli birlik və vətənpərvərlik rəmzidir. Bu gün Azərbaycan cəmiyyəti dövlətçiliyin əhəmiyyətini dərk edir, Heydər Əliyev ideyaları və İlham Əliyev liderliyi ətrafında sıx birləşir. Gənc nəsil müstəqillik şüuruna sahibdir və modern, güclü, suveren Azərbaycan üçün çalışır. Dövlətin sosial rifah siyasəti, elm, təhsil, mədəniyyət sahələrində həyata keçirilən islahatlar milli kimliyi və dövlətçilik dəyərlərini daha da möhkəmləndirir. Müstəqillik yalnız tarixi hadisə deyil, hər gün yenidən təsdiq olunan siyasi reallıqdır.

Bu gün Azərbaycan suverenliyini qorumaqla yanaşı, onu gələcək nəsillərə daha güclü şəkildə ötürmək missiyasını yerinə yetirir. Müstəqilliyin bərpasından keçən 34 il göstərir ki, düzgün strateji seçimlər, güclü liderlik və milli həmrəylik Azərbaycanı regionun lider dövlətinə çevirmişdir. Tarixi şərait dəyişsə də, Azərbaycanın əsas hədəfi dəyişməz qalır: suveren, güclü, təhlükəsiz və rifahlı dövlət kimi daim irəliləmək. 18 Oktyabr - Müstəqilliyin bərpası günü Azərbaycanın milli qürurunun, dövlət iradəsinin və gələcəyə inamının rəmzidir.

Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ