Yaxın günlərdə Ermənistan və Azərbaycan parlament nümayəndələri arasında spikerlər səviyyəsində görüşün keçiriləcəyi bildirilir. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Planlaşdırılan görüşdə kimlərin iştirak edəcəyi və onun hansı ölkədə keçiriləcəyi barədə dəqiq məlumat verilməyib. İkitərəfli görüş Ermənistanda keçiriləcəyi təqdirdə, ora Azərbaycandan kimlər gedəcək?
Modern.az bu sualla Milli Məclisin deputatlarına müraciət edib.
Aydın Mirzəzadə: "Azərbaycan - Ermənistan münasibətlərində artıq yeni səhifə açılır. Bu səhifə Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi və Ermənistanla beynəlxalq hüquq normaları əsasında qonşuluq münasibətləri qurmaq təkliflərindən sonra açıldı.
Bu müddət ərzində böyük işləri görülüb, sülh müqaviləsi paraflanıb, artıq vətəndaş cəmiyyətinin nümayəndələri görüşür. Dünəndən etibarən Azərbaycan öz ərazisindən Ermənistana yük qatarının getməyinə icazə verib. Gələcəkdə digər ikitərəfli münasibətlərin qurulması da gözlənilir. Bunlar arasında parlamentlərarası münasibətlərin yaranması, ziyalıların, deputatların qarşılıqlı səfəri də istisna edilmir. Belə səfərlərə dəvət alaramsa, mən də iştirak edərəm. İştirak zamanı dövlətimizin mövqeyini orada açıqlayar, Ermənistan nümayəndələrinin doğurdan da Azərbaycanla yaxşı münasibətlərdə maraqlı olub-olmadığını müşahidə edərəm.
Məlahət İbrahimqızı: "Biz artıq üçüncü tərəf olmadan görüşlərin keçirildiyini görürük və bunu müsbət qiymətləndiririk. Avqustun 8-də iki ölkə arasında sülh sazişinin paraflanması gələcəkdə münasibətlərin normallaşmasından xəbər verir. Sülh sazişinin paraflanmasından sonrakı mərhələlərdə xalq diplomatiyasının inkişafı önəmlidir. Müxtəlif formatda görüşlərin keçirilməsi əlbəttə ki, sülhün daha tez reallaşmasına təsir edə bilər. Erməni və Azərbaycan xalqı arasında etimad mühitinin yaradılması çox vacibdir. Xalqlar bir-birinə güvənməsə, sülh elə sənəd üzərindəcə qalar. Erməni xalqı içərisində Azərbayacana qarşı qeyri-obyektiv fikri olanlar da var ki, bu da qarşılıqlı səfərlərin reallaşması ilə aradan qalxa bilər. Mən də həm Azərbaycan vətəndaşı kimi, həm də Qərbi Azərbaycan İcmasının qadınlar şurasının sədri kimi qarşıda keçiriləcək görüşlərdə məmnuniyyətlə iştirak edərdim".
Hikmət Babaoğlu: "Ermənistan mənim vətənimdir. Doğulub, boya-başa çatdığım, təhsil aldığım, yurdum-yuvamdır. Dövlətin Ermənistan adlandırılması o coğrafiyanın bizə məxsus olmasını dəyişdirmir. Ermənistanın Amasiya rayonunun hər qarışında mənim xatirələrim var. Mən o xatirələrə yenidən fiziki olaraq toxunmaq istəyirəm. Əcdadlarımızdan bizə miras qalan böyük maddi-mədəniyyət nümayəndələrini yenidən görmək istəyirəm. Buna görə də mən Ermənistana sevə-sevə getmək istəyərəm. Amma bizə aid olan tarixi coğrafiyada məskunlaşan başqa xalqın nümayəndələri ilə münasibətlərə gəldikdə, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, biz hər cür iqtisadi, ticari əlaqələr qura bilərik, amma heç vaxt ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri unutmamalıyıq".