Modern.az

Parlamentdə yeni komitələr yaradılır

Parlamentdə yeni komitələr yaradılır

Parlament

1 Noyabr 2025, 14:50

Azərbaycan Milli Məclisi dünya ölkələri arasında yeganə parlamentdir ki, Büdcə komitəsi yoxdur. Türkiyə, hətta zamamında məcburən bir yerdə olduğumuz MDB ölkələri belə, hamısının parlamentində Büdcə komitəsi var.

Bununla yanaşı, əksər ölkələrin parlamentlərində süni intelləktlə bağlı komitə var, hətta dövlət qurumları sırasında süni intellekt nazirlikləri  fəaliyyət göstərir.

Modern.az-ın əldə etdiyi məlimata görə, Azərbaycan Milli Məclisində də bu məsələlərlə  aid komitələr yaradılacaq. Yeni komitənin biri büdcə və iqtisadiyyat adlandırılacaq. 

Bundan başqa Milli Məclisdə Texnologiya, infrastruktur və süni intellekt komitəsinin də yaradılacağı söylənilir. Qeyd edilir ki, bu, dünyanın yeni çağırışları ilə ayaqlaşmaq və rəqabətlilik üçün əsasdır.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli saytımıza bildirib ki, Azərbaycanda büdcə müzakirələri olduqca sönük keçir.

“Bunu ən yumşaq şəkildə belə ifadə etmək olar. Halbuki bir çox ölkələrdə büdcə müzakirələri aylarla davam edir. Oktyabrda başlayır və dekabrın sonunadək davam edir. Bu müddət ərzində parlamentin Büdcə komitəsi bütün fraksiyaların və siyasi partiyaların mövqelərini öyrənir, bu mövqelər ətrafında geniş diskussiyalar aparılır. Nəticədə, dekabrda müzakirələrin yekununda son büdcə mətni formalaşır.

Bizdə isə vəziyyət fərqlidir. Hökumət büdcə layihəsini təqdim edir və çox qısa müddətli, qısa müzakirələrdən sonra sənəd demək olar ki, ciddi dəyişiklik edilmədən qəbul olunur. Bu isə təbii ki, effektiv və ürəkaçan bir praktika sayıla bilməz”.

İqtisadçı diqqətə çatdırıb ki, Milli Məclisdə xüsusi Büdcə komitəsinin yaradılması zəruridir.

“Həmin komitənin tərkibinə yalnız deputatların deyil, həm də ölkədə qeydiyyatdan keçmiş siyasi partiyaların nümayəndələrinin daxil edilməsi məqsədəuyğun olardı. Bundan əlavə, büdcə layihəsinin açıq müzakirələrinin təşkili, vətəndaşların və jurnalistlərin iştirakı ilə debatların keçirilməsi büdcə parametrlərinin keyfiyyətini artıran mühüm amilə çevrilə bilər”,- deyə N.Cəfərli qeyd edib.

Milli Məclisin deputatı Azər Badamov isə deyib ki, hər bir ölkənin parlamenti dövlət siyasətini uğurla həyata keçirən lazımı komitələri yaradır.

“Bir çox parlamentlərdə Büdcə komisyaları fəaliyyət göstərir. Bu komisiya birbaşa dövlət büdcəsi işləri ilə məşğuldur. Amma bu o demək deyil ki, biz də mütləq şəkildə belə bir komitə yaratmalıyıq. Ölkəmizin parlamentində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi var. Bu komitədə dövlət büdcəsi məsələlərinə baxılır və plenar iclasın gündəliyinə təqdim olunur. Yəni Milli Məclisin müvafiq komitənin profili daha genişdir. Bu baxımdan ayrıca bir büdcə siyasəti komitəsinin yaradılacağını güman etmirəm. Həm də büdcə məsələləri mütəmadi müzakirə olunmur. Ölkəmizdə  ildə bir və ya iki dəfə dövlət büdcəsi parlamentin müzakirəsinə çıxarılır ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu işin öhdəsindən uğurla gəlir”, - deputat qeyd edib.

Deputat Vüqar Bayramov qeyd edib ki, Azərbaycanda növbəti ilin dövlət büdcəsi və büdcənin icrasıyla bağlı qanun layihələri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunur. Praktik olaraq, sözügedən komitə büdcə prosesinə məsul əsas qurum sayılır.

“Azərbaycanda büdcə məsələlərinə birbaşa cavabdeh olan komitə Azərbaycanda əvvəlki illərdə fəaliyyət göstərib. Sonra isə bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin məsul olduğu istiqamət olub. Bəli, inkişaf etmiş ölkələrdə, o cümlədən ABŞ-da büdcə məsələlərinə ixtisaslaşmış ayrıca komitələr fəaliyyət göstərir.

Son illərdə Azərbaycanda dövlət idarəçiliyi və qanunvericilik sistemində aparılan islahatlar çərçivəsində bəzi komitələrin adlarında da dəyişikliklər edilib. Həmin dəyişikliklərdən biri kimi İqtisadi siyasət komitəsinin adına “sənaye və sahibkarlıq” ifadəsi əlavə olunub. Bu dəyişikliklər yeni dövrün iqtisadi hədəflərinə uyğunlaşdırılmış islahatların bir hissəsidir.

Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş milli prioritetlər çərçivəsində ölkədə iqtisadi islahatlar daha da dərinləşib. Bu, Milli Məclisdə həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də sosial dəyişikliklərin həyata keçirilməsi istiqamətində özünü göstərir”.

Deputatın sözlərinə görə, hazırda büdcə məsələlərini tənzimləyən ayrıca bir məcəllənin hazırlanması üzərində də işlər gedir:

“Yaxın dövrlərdə “Büdcə Məcəlləsi”nin qəbul ediləcəyi gözlənilir. Bu sənəd büdcə prosesinin tənzimləyən ayrıca xüsusi məcəllə olacaq. Bu da bütün bu prosesin bir məcəllə əsasasında tənzimlənməsinə imkan verəcək.

Beləliklə, qanunvericiliyin təkmilləşdirilməsi və instititusional dəyişikliklər yeni dövrün hədəflərinə uyğun olaraq bütün dövlət qurumlarında davam etdirilir”,- deyə V.Bayramov fikrini tamamlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu