Modern.az

Fransa - Azərbaycan deputatlarının görüşü olacaq

Fransa - Azərbaycan deputatlarının görüşü olacaq

Parlament

6 Noyabr 2025, 17:29

Bir müddət əvvəl Bakıda Fransa və Azərbaycan diplomatları arasında danışıqlar keçirilib. Fransanın Avropa məsələləri üzrə prezident müşaviri Bertran Buxvalter və Fransa Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Bris Rokfey Bakıya səfər ediblər. Onlar Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə Azərbaycan–Fransa münasibətləri və regional məsələləri müzakirə ediblər.

Görüşdən sonra münasibətlərdə hansı yeniliklərin olacağı maraq doğurur. Diqqətçəkən nüanslardan biri də parlamentlərarası münasibətlərin normallaşması istiqamətində nə zaman addımların atılacağıdır.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, Azərbaycan və Fransa liderləri arasında Danimarkanın paytaxtı Kopenhagendə baş tutan görüş normallaşma prosesinin başlanğıcı kimi dəyərləndirilməlidir:

“Kopenhagendə iki lider arasında baş tutumuş bu görüş diplomatik hadisə kimi qiymətləndirilməlidir. Çünki uzun müddət ərzində Bakı ilə Paris arasında münasibətlərdə gərginlik hökm sürürdü. Bu görüş əslində normallaşma prosesinin başlanğıcı kimi görülə bilər. Hətta bir ay öncə Fransa tərəfi regionumuzdakı proseslərlə bağlı açıq şəkildə qərəzli münasibət bəsləyirdisə, görüş zamanı prezident Emmanuel Makron sülh gündəliyi istiqamətində əldə olunan nəticələrə və Ermənistanla münasibətlərin normallaşmasına görə cənab İlham Əliyevi təbrik etdi. Bu isə Fransanın bizə qarşı siyasi tonunun dəyişməsindən xəbər verir. Eyni zamanda həmin görüş zamanı ikitərəfli görüşlərin prespektivləri barədə fikir mübadiləsi aparılıb, eyni zamanda regional məsələlərlə bağlı müzakirələr olub. Artıq Fransa ilə Azərbaycan arasında bərabərhüquqlu tərəfdaşlıq, əməkdaşlıq qurmaq mümkündür. Fransa Prezidenti anlayır ki, Azərbaycanla başqa dildə danışmaq mümkün deyil”.

Parlamentari vurğulayıb ki, Makronun müşavirlərinin ölkəmizə səfər etməsi rəsmi Parisin iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində konkret addımlar atmaq istəyini göstərir:

“Bu səfərin təkcə protokol xarakteri daşıdığını düşünmürəm. Bu həm də Fransa rəhbərliyi, hökuməti tərəfindən Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqların qəbul etdilməsi kimi başa düşülməlidir. Eyni zamanda ölkəmizin regionda aparıcı mövqeyinin nəzərə alınması kimi də dəyərləndirilməlidir. Düşünürəm ki, bu görüşdə həm də ikitərəfli münasibəltərin normallaşması, yumşalması müzakirə olunub. Eyni zamanda, təbii ki, regional vəziyyətlə bağlı müzakirələr aparılıb. Mətbuatda geniş bir açıqlama verilməsə də, mən düşünürəm ki, bunu demək olar. Uzunmüddətli qarşıdurma, qarşılıqlı aqressiv ritorikadan sonra bu cür təmaslar iki ölkə arasında münasibətlərin normallaşması, yumşalmasına xidmət edə biləcək addımlardır. Münasibətlərin mənfiləşməsində Azərbaycan günahkar deyil. Ölkəmizin cavabları bilavasitə qarşı tərəfin addımlarına mütənasib olub”.

K.Bayramov qeyd edib ki, növbəti mərhələdə  hər iki ölkənin parlamentariləri arasında təmaslarının olması istisna deyil:

“Hazırda parlamentlər səvviyyəsində münasibətlər ürəkaçan deyil. Həm Fransa, həm də Azərbaycan parlamentində dostluq qruplarının fəaliyyəti dondurulub. Heç bir təmas, hər hansı görüş olmayıb. Təbii ki, hazırda bu münasibətlərin yenidənqurulması üçün artıq hökumətlər, dövlət başçıları səviyyəsində, xarici işlər nazirləri səviyyəsində təmaslar olmaqdadır. İstisna etmirəm ki, növbəti mərhələdə parlament nümayəndələri arasında bu cür təmaslar qurulsun. Düşünürəm ki, bu, Azərbaycandan çox Fransaya lazımdır. Fransa Cənubi Qafqazda bir dostunu itirib artıq. Vaxtilə Fransa ilə biz çox yaxşı münasibətlər qurmuşduq. Siyasi, iqtisadi, mədəni sahələrdə çox gözəl əməkdaşlıq edirdik. Ancaq Fransanın məlum addımları münasibətləri bu səviyyəyə endirdi. İstisna etmirəm ki, deputatlar arasında da bu cür təmaslar qurula bilsin. Bu, hökumət və xarici işlər nazirləri səviyyəsində görüşlərin nəticəsindən asılı olacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı