Kino yalnız ekran qarşısında gördüyümüz aktyor və rejissorlarla məhdudlaşmır. Eyni zamanda bu sahənin görünməyən qəhrəmanları, səs rejissorları, montajçılar, işıq mütəxəssisləri, rəqəmsal texniki heyət bu industriyanın dayanıqlı inkişafında önəmli rol oynayır.
Modern.az xəbər verir ki, bunu deputat Günaf Əfəndiyeva parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.
"Bir neçə gün öncə biz öz-özlüyündə bir filmə bənzər 44 günlük şanlı salnamənin nəticəsində qazanılan Müqəddəs Zəfərin 5-ci ildönümünü böyük qürur və coşğuyla qeyd etdik. Düşünürəm ki, Vətənimizə aid tarixi faktları, həqiqətləri kino sənəti vasitəsilə dünyaya göstərmək, Azərbaycanın haqlı mübarizəsinin səsini ekran dili ilə bütün qitələrə yaymaq vacib əhəmiyyət daşımaqdadır.
Bu gün də cənab Prezidentin siyasəti nəticəsində kinematoqrafiya sahəsində ardıcıl islahatlar aparılır, müasir tendensiyalar nəzərə alınmaqla yeni yanaşmalar formalaşdırılır. Heydər Əliyev Fondu tərəfindən, Bakı Media Mərkəzi tərəfindən, eləcə də Mədəniyyət Nazirliyinin dəstəyi ilə bir çox dəyərli filmlər çəkilib və bildiyim qədəri ilə yeni filmlərin çəkilməsi nəzərdə tutulub.
Ona görə bu il dövlət büdcəsində kino sahəsinə vəsaitin ayrılmaması müəyyən narahatlıq doğurur. Düşünürəm ki, kino sahəsi mədəniyyətimizin tərkib hissəsi kimi yalnız yaradıcılıq yönü ilə deyil, həm də ideoloji, mənəvi və informasiya gücü ilə ön plandadır.
Kino həm gənclərimizin dünyagörüşünə, həm milli kimliyimizin təbliğinə, həm də Azərbaycanın beynəlxalq imicinə birbaşa təsir göstərən vasitədir", - o qeyd edib.