Modern.az

Azər Əmiraslanov büdcə zərfinin əsas hədəflərini AÇIQLADI

Azər Əmiraslanov büdcə zərfinin əsas hədəflərini AÇIQLADI

Parlament

19 Noyabr 2025, 12:11

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı geniş çıxış edib.

Modern.az-ın məlumatına görə, A.Əmiraslanov Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunan “2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsi və büdcə zərfinə daxil olan layihələrin artıq komitələrdə geniş müzakirədən keçdiyini xatırladıb. O bildirib ki, büdcə zərfi ilə bağlı müvafiq dövlət qurumlarının təqdimatları, Hesablama Palatasının rəyi nəzərə alınmaqla layihə 1-ci oxunuş üçün plenar iclasın müzakirəsinə çıxarılıb.

Azər Əmiraslanov çıxış edərkən aşağıdakı fikirləri səsləndirib:

- 2026-cı ilin büdcə zərfinin hazırlandığı dövr, hörmətli xanım sədrin də qeyd etdiyi kimi, “Konstitusiya və Suverenlik” ilinə təsadüf edir. Bu gün Azərbaycan dövlət suverenliyinin, iqtisadi müstəqilliyin  uğur hekayəsini yazmış qətiyyətli, ləyaqətli və nüfuzlu dövlətdir.

Ölkəmizdə siyasi və iqtisadi müstəqilliyin uzlaşdırılması dövlət siyasətinin əsas prinsiplərindən biri kimi müəyyən edilmişdir. Prezident İlham Əliyev bu siyasətin mahiyyətini aydın bir şəkildə belə ifadə edir: “İqtisadiyyatımız nə qədər güclü olsa, bizim siyasi addımlarımız da o qədər cəsarətli və uğurlu olacaqdır... İqtisadi müstəqillik siyasi müstəqilliyimiz üçün əsas şərtdir...”

Azərbaycanın indiyə kimi reallaşdırdığı strateji təşəbbüslər, yürüdülən müstəqil siyasət əsasən daxili resurslar hesabına həyata keçirilmiş, ölkəmizin heç bir xarici dövlətdən, donor təşkilatlardan asılılığına yol verilməmişdir.

Suverenlilyimizin və iqtisadi müstəqilliyimizin maliyyə əsası olan yeni büdcə layihəsi hər şeydən əvvəl dövlət başçısının iradəsini və  irəli sürdüyü təşəbbüsləri, müəyyən etdiyi strateji vəzifələri özündə əks etdirir və onların reallaşdırılması üçün maliyyə təminatı yaradır. Bu səbəbdən büdcə zərfini biz həm də ali siyasi sənəd kimi dəyərləndiririk.

İlin əvvəlindən başlayaraq, Hökumətin çevik koordinasiyası ilə hazırlanan və ciddi müzakirə mərhələlərindən keçən büdcə zərfi heç şübhəsiz,  iqtisadi blokun vahid mövqeyini ifadə edir. Bu mənada büdcə layihəsi ciddi hökumət sənədidir və onun tərtibində əməyi olan bütün həmkarlarımıza görülən işlərə görə təşəkkürümüzü bildiririk.

Beləliklə, 2026-cı ilin dövlət büdcəsinin gəlirləri 38,6 mlrd. manat, xərcləri 41,7 milyard manat nəzərdə tutulur. Bu gəlir və xərclər üzrə 0,7 faizlik artım deməkdir. Dövlət büdcəsi kəsirinin yuxarı həddi isə 3,1 mlrd. manat olmaqla ÜDM-in 2,3 faizini təşkil edəcəkdir.

Büdcə zərfi makroiqtisadi sabitliyi səciyyələndirən proqnozlara əsaslanır.  Belə ki, növbəti ildə iqtisadi artım 2,9 faiz, orta illik inflyasiya səviyyəsi 4,8 faiz proqnozlaşdırılır. Neftin orta illik ixrac qiyməti 1 barel üçün 65 dollar götürülüb. Manatın məzənnəsinin isə sabit qalacağı gözlənilir.

Xatırladaq ki, dünya iqtisadiyyatında artım 3,1 faiz, qlobal inflyasiya 3,7 faiz səviyyəsində qərarlaşacaqdır.

Qlobal iqtisadi təsirlərə baxmayaraq, iqtisadiyyatımız konyuktur risklərdən sığortalanmaq üçün etibarlı maliyyə təhlükəsizliyi yastığına malikdir. Ölkəmiz 82.5 mlrd. dollarlıq, başqa sözlə ÜDM-in həcmindən çox strateji valyuta ehtiyatlarına malikdir. Xarici dövlət borcumuz 4.9 mlrd. dollar olmaqla ÜDM-in cəmi 6,5 faizi həddindədir. Valyuta ehtiyatlarımızın xarici dövlət borcunu təxminən 17 dəfə üstələməsi ölkəmizin beynəlxalq maliyyə öhdəliklərini hər an yerinə yetirmək qabiliyyətində olduğunu göstərir.

Büdcə zərfi öz mahiyyəti etibarı ilə dövlətin maliyyə strategiyasını və inkişaf hədəflərini əks etdirən olduqca mürəkkəb və çoxşaxəli strateji sənəd olduğuna görə onun dəyərləndirilməsi sistemli və konseptual baxış, ciddi makroiqtisadi təhlil tələb edir.

Gələn ilin büdcə zərfi məzmunu, strukturu, qarşıya qoyduğu hədəfləri baxımından əvvəlki illərin təsdiq edilmiş büdcələrindən əhəmiyyətli dərəcədə fərqləndiyinə görə, onun xüsusiyyətlərini ayrıca qeyd etmək istərdik.

Təqdim edilmiş layihə, hər şeydən əvvəl, hökumətin rasional büdcə siyasəti təşəbbüslərini nümayiş etdirir. Nəzərə almalıyıq ki, dünyanın hər yerində ehtiyaclar sonsuz, resurslar məhduddur. Buna görə də hər bir ölkə ideal deyil, məhz rasional büdcə tərtib etmək niyyətində olur. Çünki ideal büdcə ölkənin bütün ehtiyaclarının tam ödənilməsidir.

Elə ölkəmiz üçün də yeni  dövrün çağırışları maliyyə ehtiyaclarımızı kəskin artırmışdır. Təkcə Böyük Qayıdış Proqramının icrasına növbəti il üçün planlaşdırılan 3,5 mlrd. manat da nəzərə alınmaqla,   2020-2026-cı illərdə 25,3 mlrd. manat büdcə vəsaiti ayrılmışdır. Təsdiq edilmiş iqtisadi inkişaf strategiyasının və digər dövlət proqramlarının da icrası üçün milyardlarla manat vəsaitə ehtiyac var. Belə bir şəraitdə, büdcə prosesinə rasional və realistik yanaşma zərurəti yaranır.

Büdcə zərfinin əsas xüsusiyyətlərindən biri ənənəvi olaraq onun sosial xarakteri ilə bağlıdır. Sosial yönümlü xərclərin 17,1 mlrd. manat olmaqla dövlət büdcəsi xərclərinin 41%-ni təşkil etməsi sosial siyasətin növbəti ildə də prioritetliyini ifadə edir. Eyni zamanda təhsil, sosial müdafiə və təminat xərcləri üzrə artımlar nəzərdə tutulur. Bu artımlar icmal səhiyyə xərclərini də əhatə edir.

Bununla belə, nəzərə almalıyıq ki, ən təsirli sosial siyasət rasional iqtisadi siyasətdir. Bu baxımdan sosial xərclərin makroiqtisadi sabitliklə, xüsusilə də minimal inflyasiya ilə müşayiət edilməsi olduqca vacibdir.

Müzakirəyə təqdim edilmiş büdcə zərfi həm də təhlükəsizlik büdcəsidir. Layihədə müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 8,7 milyard manat nəzərdə tutulmuşdur. Hesab edirik ki, müdafiə qabiliyyətimizin gücləndirilməsi, müasir ordu quruculuğu prosesinin hələ davam etməsi büdcə vasitəsilə hərbi gücün artırılmasını tələb edir.

Büdcə zərfinin başlıca xüsusiyyətlərindən biri kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçilməsi, başqa sözlə keyfiyyət parametrlərinin və meyarlarının əsas götürülməsidir. Bu o deməkdir ki, büdcə zərfi sadəcə artım faizləri ilə deyil, dayanıqlıq və fiskal risklərdən sığortalanma qabiliyyəti ilə dəyərləndirilir.

Son illər milli iqtisadiyyatımızda nəzərə çarpan ciddi struktur dəyişikliklərinin büdcə zərfini müşayiət etməsi onun vacib xüsusiyyətlərindən biridir. Belə ki, növbəti ildə neft-qaz ÜDM-nin 2,4 faiz azalması fonunda qeyri-neft qaz ÜDM 5 faizlik artımla proqnozlaşdırılır. Bununla da, ölkə iqtisadiyyatının strukturunda qeyri-neft-qaz sektorunun payının 2025-ci ildəki 72 faizdən 2026-cı ildə 76 faizə,  2029-cu ildə isə 80 faizə çatacağı gözlənilir.   

Neft sektorunda azalmanın qeyri-neft  iqtisadiyyatında artımla müşayiət edilməsi,  ÜDM-də özəl bölmənin payının  81 faizə, təkcə xidmət sektorunun payının isə 43 faizə çatması, hərbi sənayesinin inkişafı, nəqliyyat-tranzit potensialının reallaşması ölkəmizdə iqtisadi artımın keyfiyyətini yüksəltməkdədir.

Hesab edirik ki, Möhtərəm cənab Prezidentin innovativ və texnoloji  inkişaf, insan kapitalı, rəqəmsallaşma, süni intellektlə  bağlı sahələri prioritet elan etməsi, əlavə dəyər yarada bilən fəaliyyət istiqamətlərini dəstəkləməsi uzunmüddətli dövr üçün yüksək məhsuldarlığa əsaslanan iqtisadi artıma xidmət edəcəkdir.

İqtisadiyyatın strukturunda baş verən meyllərdən bəhs edərkən bir məsələyə də münasibət bildirmək istərdik. Neft sektorunun iqtisadiyyatda payının azalması və bunun fonunda iqtisadi artımın cari ilin 10 ayında 1,3 faiz təşkil etməsi, cari ilin sonuna 3 faiz gözlənilməsi və növbəti il üçün 2,9 faiz proqnozlaşdırılması bəzilərinin təqdim etdiyi kimi nə durğunluqdur, nə də hər hansı bir iqtisadi patologiyadır.

2026-cı il üzrə gözlənilən qlobal artım tempi ilə demək olar ki, eyni səviyyədə proqnozlaşdırılan iqtisadi artım sənayenin strukturundakı dəyişiklikləri, konkret olaraq neft hasilatının  aşağı düşməsini əks etdirir. Reallıq bundan ibarətdir ki, hasilatın azalması da öz növbəsində struktur transformasiya səbəbindən qeyri-neft sektorunda artım tempini aşağı sala bilir. Görəsən, iqtisadiyyatın və sənayenin strukturundakı yeniləşmə, neft hasilatının geoloji və texnoloji xüsusiyyətlərindən irəli gələn azalma meylləri nə vaxtdan iqtisadi tənəzzül və ya durğunluq hesab edilir?

Xatırlatmaq istərdim ki, Azərbaycanın neft sənayesi üzrə hasilat dinamikası hələ "Əsrin müqaviləsi" çərçivəsində uzunmüddətli geoloji və texniki proqnozlara əsasən müəyyən edilmişdir. Faktiki rəqəmlərə baxsaq, neft hasilatı 1995-ci ildə 9 mln. tondan 2010-cu ildə 51 mln. tona çatmışdır. 2011-ci ildən isə hasilat tədricən azalaraq 2020-ci ildə 34 mln. tona, 2025-ci ilin 10 ayında 23 mln. tona enmişdir. Neft hasilatının bu dinamikası dövlətimizin iqtisadi strategiyasında, xüsusilə də büdcə planlaşdırılmasında, neft gəlirlərinin idarə edilməsi modelində nəzərə alınmışdır.

Büdcə dayanıqlığına fokuslanma yeni büdcə zərfinin həm hədəfi, həm prinsipi, həm də başlıca xüsusiyyətidir. Bu o deməkdir ki, dövlət xərcləri uzunmüddətli gəlir bazası ilə uyğunlaşsın, gəlirlər konyuktur amillərdən asılı olmasın, büdcə kəsiri idarəolunan səviyyədə saxlanılsın, dövlət borcu əlavə öhdəliklər yaradaraq büdcənin yükünü artırmasın. Başqa sözlə  desək, dayanıqlı büdcə mahiyyətcə dayanıqlı gəlirlərə əsaslanan büdcədir.

Makroiqtisadi sabitliyi qorumaq, o cümlədən antiinflyasiya siyasətini dəstəkləmək, maliyyə sabitliyinə xələl gətirməmək  büdcə zərfinin missiyası olmaqla bərabər həm də fundamental özəlliyidir. Nəzərdə tutulan makro-fiskal çərçivədə  büdcə siyasəti ilə pul siyasətinin uzlaşdırılması inflyasiyanı cilovlamağa imkan verəcəkdir.

Təqdim edilmiş layihə xüsusiyyətinə görə proaktiv və ölçülü, başqa sözlə, önləyici və tədbirli fiskal siyasət mesajı verir. İqtisadi artım meylləri xərcləmələrin konservativ artımı ilə müşayiət edilirsə, deməli hökumət qabaqlayıcı və məsuliyyətli büdcə siyasəti həyata keçirir. Bu gələcəkdə müəyyən “ehtiyatlar” formalaşdırmaqla büdcə üçün manevr imkanları da yaradır.

Büdcə layihəsinin olduqca mühüm xüsusiyyətlərindən biri  iqtisadiyyatımızda və sənayedə müşahidə edilən struktur dəyişikliklərinin dövlət gəlirlərində əks olunması və büdcəyə ciddi keyfiyyət məzmunu verməsidir.

Belə ki, 2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 43 faizi və ya 16,4 mlrd. manatı neft, 57 faizi və ya 22,2 mlrd. manatı isə qeyri-neft iqtisadiyyatının payına düşür.

2025-ci ilin proqnozu ilə müqayisədə neft-qaz gəlirləri 1,9 mlrd. manat və ya 10,2 faiz azaldığı halda, qeyri neft-qaz iqtisadiyyatının gəlirləri 2,1 mlrd. manat və ya 10,6 faiz çox nəzərdə tutulur.

Bu tendensiyanın nəticəsi olaraq, cari xərclərin  qeyri neft gəlirləri hesabına örtülməsi 2025-ci il üçün 81 faiz proqnozlaşdırıldığı halda 2026-cı ildə onun 88 faizə, 2029-cu ildə 100 faizə çatdırılması nəzərdə tutulur. Etibarlı büdcə dayanıqlığı üçün bu nisbəti arifmetik deyil, məhz real əsaslarla, eyni zamanda fiskal dayanıqlıqla fiskal yük arasında optimal tarazlığı gözləməklə təmin etməliyik.

Gəlirlər üzrə başqa bir keyfiyyət parametri ötən ilin məlumatlarına əsasən, qeyri-neft qaz vergi daxilolmalarında özəl bölmənin payının 76 faizi keçməsidir. Bu yeniləşən milli iqtisadiyyatın və büdcənin həm struktur, həm də institusional göstəricisidir.

Gələn ilin büdcə zərfini fərqləndirən daha bir mühüm cəhət Dövlət Neft Fondundan transfertin cari illə müqayisədə 1646 mln. manat və ya 11,4 faiz azaldılaraq 12,8 mlrd. manat nəzərdə tutulmasıdır. Belə bir yanaşma bir tərəfdən Fondun 70 milyard dolları keçən aktivlərinin qorunmasına, digər tərəfdən də dövlət büdcəsinin neft gəlirlərindən asılılığının daha da azalmasına  şərait yaradır. Belə ki, transfertin dövlət büdcəsi gəlirlərindəki payı 2020-ci ildəki 49 faizdən, 2025-ci ilin sonuna 38 faizə, 2026-cı ildə 33 faizə enəcəkdir.

Orta müddətli dövrdə hər iki göstəricinin – həm fonddan büdcəyə transfertin məbləğinin, həm də büdcə gəlirlərində transfertin payının azaldılması planlaşdırılır. Bu hökumət tərəfindən qarşıdakı 3 il ərzində büdcə qaydasına uyğun olaraq, icmal büdcənin qeyri-neft baza kəsirinin aşağı həddə saxlanılması hədəfi ilə bağlıdır.

Müsbət haldır ki,  Dövlət Neft Fondunun hətta transfertləri nəzərə alınmasa belə, büdcə gəlirlərimiz artım dinamikasına malikdir. Belə ki, transfertsiz büdcə gəlirləri 2023-cü ildə 23,5 mlrd. manat təşkil etdiyi halda, cari ilin sonuna 24,7 mlrd. manat, 2026-cı ildə isə 25,8 mlrd. manat gözlənilir. Rəqəmlərdən göründüyü kimi 2026-cı ildə büdcə gəlirlərinin 0,7 faiz artımı fonunda transfertsiz gəlirlərimiz 4,5 faiz artacaqdır.

Dövlət büdcəsinin qeyd etdiyimiz bütün bu xüsusiyyətləri bir-biri ilə sıx bağlıdır, biri digərini şərtləndirir və tamamlayır. Və ciddi keyfiyyət dəyişiklikləri ilə müşayiət olunan bu cəhətlər məzmunca 2026-cı ildə həyata keçiriləcək büdcə konsolidasiyası siyasətini xarakterizə edir.  

Dövlətin gəlir və xərclərinin konservativ artımı  növbəti ildə nəzərdə tutulan büdcə siyasətinin mahiyyətindən və fəlsəfəsindən irəli gəlir. Bu məsələnin üzərində xüsusi olaraq dayanmaq istərdim. Belə ki, ictimai müzakirələrin gedişində aşağı artım tempini büdcə zərfinin zəif bəndi kimi təqdim edənlər də oldu, az qala maliyyə böhranı kimi xarakterizə edənlər də. Bu fikirlər mövcud reallıqları doğru-düzgün əks etdirmir və dövlətin iqtisadi siyasətini təhrif edir. 

2026-cı ildə gəlirlərin 253 milyon manat, xərclərin isə 296 milyon manat olmaqla 0,7 faizlik mühafizəkar artımı dövlət büdcəsinin zəif deyil, biz hesab edirik ki, məhz güclü tərəfidir. Neft Fondundan büdcəyə transfert azalmasaydı həm gəlir, həm də xərclər 5 faizə kimi arta bilərdi. Lakin bu cür artımlar dayanıqlı  büdcə prinsipi ilə uzlaşmır, orta və uzunmüddətli dövrdə ciddi fiskal risklər yarada bilər.

Ümumiyyətlə, iqtisadi siyasəti, o cümlədən büdcə zərfini dəyərləndirərkən onun parametrlərinə qısamüddətli rakursda deyil, orta və uzunmüddətli perspektivdə  baxmalıyıq. Belə ki, bəzi göstəricilər qısamüddətli dövrdə zəif bənd təəssüratı yaratsa da, perspektiv dövrdə o güclü bənd kimi çıxış edir.

Dünyanın heç bir ölkəsində büdcənin aşağı rəqəmli artımı patologiya kimi qəbul edilmir. Çünki, büdcənin qiymətləndirmə meyarı onun artım dinamikası deyil, dayanıqlı olması, maliyyə resurslarının ünvanlı bölgüsü və səmərəli istifadəsidir.

Büdcənin dinamikası iqtisadı artımla, inflyasiya səviyyəsi ilə uzlaşdırılmalıdır. İqtisadi artım tempini və inflyasiyanın səviyyəsini qabaqlayan xərc artımları birmənalı olaraq makroiqtisadi sabitliyi pozur. Xərclərin daha az artımı maliyyə-büdcə problemini deyil, hökumət tərəfindən xərclərin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi təşəbbüslərini göstərir.

Bir çox ölkələrin təcrübəsinə əsasən qeyd edə bilərik ki, daha çox xərcləmək heç də həmişə inkişaf və rifah  gətirmir. Əksinə,  nə qədər təzadlı görünsə də bir çox hallarda makroiqtisadi və sosial baxımdan fəsadlar doğura bilir.

Büdcə zərfi ilə bağlı səslənən fikirlərdən biri bundan ibarətdir ki, guya  hökumət vergiləri artırmaqla büdcə gəlirlərini təmin etmək niyyətindədir. Bu fikirlər də reallığı əks etdirmir. Büdcə daxilolmaları  vergi yükünü artırmaq  hesabına təmin edilsəydi, nə üçün cəmi 0,7 faiz artırdı? Məqsəd vergi yükünü artırmaqdırsa da, nə üçün dövlət tərəfindən növbəti ildə büdcə gəlirlərinin 17 faizi həddində yəni, 6,6 milyard manatlıq vergi-gömrük güzəşt və azadolmaları tətbiq edilir?  

Rəqəmlər də, hökumətin rəsmi açıqlamaları da göstərir ki, yeni büdcə zərfi vergi yükünün artırılmasını deyil, gəlir mənbələrini şaxələndirərək vergi bazasının genişləndirilməsini,  kölgə iqtisadiyyatının daralmasını, vergi-gömrük təşviqləri vasitəsilə qeyri-neft sektorunun inkişafına təkan verilməsini nəzərdə tutur.   

İndi isə 2026-cı ilin büdcə zərfi kontekstində bəzi təkliflərimizi səsləndirmək istərdim.

Nəzərə almalıyıq ki, büdcə zərfi mühüm strateji sənəd olmaqla yanaşı mahiyyətcə, dövlətin gəlir və xərcləri üzrə qanunla təsdiq edilən proqnoz rəqəmlərdir. Bu proqnoz göstəricilərin real xəzinəyə - dövlət xərcləmələrinə  çevrilməsi vergi daxilolmaları hesabına büdcə gəlirlərimizin formalaşdırılmasından asılıdır. Bunun üçün milli iqtisadiyyatımızın gəlir yaratmaq qabiliyyəti gücləndirilməli, iqtisadi imkanlarımız səfərbər olunmalı, sahibkarlıq potensialı tam hərəkətə gətirilməlidir.

Özəl sektorun ÜDM-də 81 faiz, tikintidə 89, məşğulluqda  79, xidmət sektorunda 72 faiz paya malik olması Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyinin nəticəsidir. Bu göstəricilər eyni zamanda sahibkarların iqtisadi quruculuq prosesində fəal iştirakını təsdiq edir. Ölkəmizin bu günkü inkişaf mərhələsində artıq özəl şirkətlər, hətta hərbi sənaye quruculuğuna cəlb edilir. Bu həm də dövlətimizin özəl sektora etibarı və etimadıdır. Sahibkarlıq potensialından nə qədər səmərəli istifadə edilərsə, onun iqtisadi artıma və rifaha da bir o qədər ciddi töhfəsi olacaqdır.

Büdcə konsolidasiyasının iqtisadi artım tempini qısamüddətli dövrdə zəiflədə biləcəyini nəzərə alaraq, stimullaşdırıcı tədbirlərin dairəsini genişləndirməliyik. Nəzərə alınmalıdır ki, makroiqtisadi stabilliyin bir sütunu büdcə dayanıqlığı və maliyyə sabitliyidirsə də, digər sütunu davamlı iqtisadi artımdır. Bu baxımdan, fiskal, monetar, sənaye-investisiya, başqa sözlə artım siyasətlərinin bir-biri ilə uzlaşdırılaraq  vahid iqtisadi siyasətdə optimal bir şəkildə  birləşdirilməsini vacib hesab edirik.

Büdcə xərclərinin optimallaşdırılması çərçivəsində səmərəsiz xərclərin müəyyən edilməsi üçün konkret qiymətləndirmə meyarları tətbiq edilə bilər.

Büdcə zərfi mahiyyətcə maliyyə təhlükəsizliyi tədbirlərindən ibarətdir. Dövrün reallıqlarını və çağırışlarını nəzərə almaqla sosial, iqtisadi, maliyyə, enerji, ərzaq, su təhlükəsizliyi sahəsində tədbirləri əhatə edən Vahid İqtisadi Təhlükəsizlik Konsepsiyasının işlənib hazırlanmasını təklif edirik.

Həmçinin, büdcə reqlamentinin təkmilləşdirilməsi, qeyri-neft gəlirlərinin və cari xərclərin hesablanması metodologiyasına, icmal büdcənin struktur komponentlərinə yenidən baxılması ilə bağlı Hesablama Palatasının təklif və tövsiyələrini əhəmiyyətli hesab edirik.

Aparılmış müzakirələrin nəticələrini və Hesablama Palatasının rəyini nəzərə almaqla bildiririk ki, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsi büdcə qanunvericiliyinin tələblərinə və ölkəmizin strateji inkişaf hədəflərinə cavab verir.

Əsas hədəfi dayanıqlıq, səmərəlilik və keyfiyyət dəyişiklikləri olan büdcə zərfi növbəti ildə dövlətin prioritet funksiyalarının icrası, sosial rifah, iqtisadi inkişaf, təhlükəsizlik üçün etibarlı maliyyə təminatı yaradır.

Qeyd edilənləri nəzərə alaraq, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq  qanun layihəsinin Milli Məclisin plenar iclasında birinci oxunuş üçün müzakirəsini məqsədəuyğun hesab edir və hörmətli deputat həmkarlarımızı layihəni dəstəkləməyə dəvət edirik.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu