Dünya dəyişir.
Fəsillər bir-birinin vaxtına girir, payız özünü qışa calayır, yaz gününü yay alır.
Söz dəyişir, sözün sahibi də dəyişir.
Deputatlar da dəyişir.
Birinci çağırışdan bəri sıralanan adlara baxanda çox maraqlı siyahı görürsən.
Yaşı ötən, işini dəyişən, dünyasını dəyişən, bunlar təbii proseslərdi...
Bəli, sıra dəyişməliydi, dəyişdi, bu, normaldı...
Biz başqa şeydən danışacağıq.
Bu çağırış deputatları tamam başqadılar, “yeni nəsil aktivçilər” də deyə bilərik onlara.
Özlərindən soruşsan, deyəcəklər ki, “çox fəal işləyirlər, hər gün mətbuatdadırlar, gündəmdədirlər, ortalığı yandırırlar və s.”.
Əla, qəbul edirik. Bu, bir gerçəklikdir ki, deputatlar gecə-gündüz mətbuat üçün işləyirlər.
Sanki sosial şəbəkə marafonudur.
Mövzunu bilirsən, bilmirsən, heç bir fərqi yoxdur.
Əsas odur ki, danış, yaz...
Aqrar sahənin adamı İT-dən danışır, təhsil adamı iqtisadiyyatdan söz açır...
“Status yazmayan deputat” mandatı itirəcəkmiş kimi bir təlaş içindədir.
Maşallah olsun sizə, sayın millət vəkillərimiz.
Təki yorulan siz olmayasınız.
Amma bir də gəlin məsələyə jurnalist tərəfdən baxaq.
Burdan tamam başqa şəkil görünür.
Görünür ki, deputatlar ancaq özlərinə lazım olanı danışırlar.
Özlərinə sərf edən mövzunu şərh edirlər.
Əsil jurnalist sualı gələndə isə ya “iclasdaym”, ya “mövzudan kənardı”, ya da ümumiyyətlə cavab yoxdur mənzərəsi ortaya çıxır.
Yəni yola verilir...
Etirazınız varsa, buyurun.
Bizim istənilən deputatdan cavabı alınası yüzlərlə suallarımız var.
Və dəyişən dünyada jurnalistin istədiyi bir şey dəyişmir.
Ona cavab verən deputat lazımdır. Danışan, yazan deputat jurnalistə, cəmiyyətə yox, deputatın özünə lazımdır.
P.S. Bilirsiniz bu yazını niyə indi yazdıq, hörmətli millət vəkillərimiz...
Biz öyərşmişdik ki, büdcə müzakirələrində deputatlarla hökumət nümayəndələri arasında gərgin müzakirələr getsin. Bir sənəd saatlarla (günlər demirik) dartışılsın. İndi görünən odur ki, deputatlarımız hökumətin hazırladığı sənədləri nazirlərdən daha çox müdafiə edirlər. Ona görə də zamanla nazirlərin çıxışları daha maraqlı görünür. Az qala sizin əvəzinizə elə hökumət üzvləri danışır.
P.P.S. Büdcəylə bağlı heçmi alternativ, fərqli fikirləriniz yoxdur...
Elnur ƏMİROV