Modern.az

İki bitərəf deputatın YAP-a keçəcəyi GÖZLƏNİLİR

İki bitərəf deputatın YAP-a keçəcəyi GÖZLƏNİLİR

Parlament

20 Noyabr 2025, 12:08

Azərbaycan parlamentində bu il bir sıra maraqlı hadisələr yaşanıb. Deputat Elçin Mirzəbəylinin Ədalət, Hüquq, Demokratiya Partiyasından çıxarılması, Ramil Həsənin mandatının ləğv edilməsi və Günay Ağamalının sədrlik uğrunda mübarizə apardığı Ana Vətən Partiyası ətrafında baş verən hadisələr siyasi proseslərə yeni dinamika gətirib.

Qeyd edək ki, ötən ilin sentyabr ayında seçilən 125 deputatdan 44 bitərəf, 68-i Yeni Azərbaycan Partiyasının, qalanları digər siyasi partiyaların üzvləri idi. Ramil Həsənin yeni vəzifəyə getməsindən sonra hakim partiyanın deputatlarının sayı 67-ə enib.

Ancaq proseslər bununla yekunlaşmayacaq. Parlamentdə maraqlı siyasi yerdəyişmələr gözlənilir.

Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisdə təmsil olunan iki bitərəf deputatın Yeni Azərbaycan Partiyasına (YAP) keçəcəyi gözlənilir.

Hazırda bu məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, iddia edilir ki, danışıqlar artıq yekun mərhələyə qədəm qoyub. Deputatların adları açıqlanmır, lakin onların yaxın aylarda hakim partiyaya qoşulacağı istisna edilmir.

Hazırda Milli Məclisdə 45 bitərəf deputat fəaliyyət göstərir və onlar müxtəlif qanun layihələrinə münasibətdə fərqli mövqe nümayiş etdirdiklərindən balanslaşdırıcı qrup kimi qəbul olunurlar. Onların YAP-a keçməsi parlamentin siyasi xəritəsində xırda, amma nəzərəçarpan dəyişiklik yarada bilər.

Elnur Əmirov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə