Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dövlət Statistika Komitəsinin rəsmi hesabatları göstərir ki, nigaha daxil olan ailələrin təxminən 50%-i boşanma ilə nəticələnir. Son 3 ilin statistikasında bu rəqəmlər daha da düşündürücüdür.
Modern.az xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, boşanmaların artması gələcəkdə demoqrafik təhlükəsizlik, uşaqların psixoloji vəziyyəti, aliment məsələləri və yeni sosial proqramların formalaşması baxımından ciddi maliyyə yükü yarada bilər.
M. İbrahimqızının sözlərinə görə, Azərbaycanda da, dünyada olduğu kimi, hakim və hüquqşünas çatışmazlığı, məhkəmələrin yüklənməsi səbəbindən ailə mübahisələrinə tələsik qərarlar verildiyini bildirib:
“Bu gün iclasda Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərləri iştirak etdiyinə görə, aşağıdakı sualları ünvanlamaq istəyirəm:
1. Boşanmaların qarşısının alınması və ailənin qorunması ilə bağlı konkret proqram və strategiyalar hazırlanırmı?
2. Boşanmaların səbəbləri elmi-akademik səviyyədə araşdırılırmı?
3. Yaxın gələcəkdə ölkəmizdə Ailə Məhkəmələrinin yaradılması ilə bağlı hansısa addımların atılması nəzərdə tutulurmu?”.