Azərbaycanda hüquqi dövlət quruculuğunun növbəti uğurlu mərhələsinin, bu çərçivədə hakimiyyət qolları arasında sağlam münasibətlərin sivil, arzuolunan tendensiyasının güclənməsinə şahidlik edirik.
Modern.az xəbər verir ki, bunu parlamentdə büdcə müzakirələri zamanı deputat Bəhruz Məhərrəmov bildirib.
O, dövlət sosial müdafiə fondunun, 2026-cı il üzrə büdcəsi haqqında qanunu konseptual məzmunda dəstəklədiyini bildirib:
"Sosial müdafiə fondunun gələn il üzrə büdcıəsini formalaşdırarkən bir məsələyə xüsusi diqqətin yetirilməsini xahiş edirəm.
Məlumdur ki, hazırkı qanun vericilik məhkəmə hakimləri, prokurorluq və digər orqan əməkdaşları üçün pensiya güzəştlərini nəzərdə tutur. Təbii ki, hüquq mühafizə orqanlarının – prosesual statusu olan şəxslərin təminat məsələsi daim diqqətdə saxlanılmalıdır. Lakin hüquq müdafiə fəaliyyyətinin həyata keçirilməsinin bütün mərhələlərində iştirak edən vəkillərlə bağlı heç bir xüsusi qayda mövcud deyil. Üstəlik nəzərə alaq ki, Vəkillərin vergi və digər icbari ödənişləri hakimlər, prokuror və müstəntiqlərlə müqayisədə xeyli artıqdır.
Nəzərə alınmalıdır ki vergilər və digər məcburi ödənişlər də daxil olmaqla vəkil dövlət hesabına çıxdığı işlərdə saatına cəmi 11 manat alır, realıqda isə vəkilə çatan vəsait 7 manata yaxındır.
Vəkillərin pensiya kapitalı da sabit əməkhaqqı əsasında deyil, yalnız qonorarlardan formalaşır və bu gəlirlərdən çoxlu tutulmalar edildiyi üçün uzun illər fəaliyyət göstərən vəkillərin pensiya kapitalı yetərincə yığılmır. Nəticədə, pensiya yaşına çatan vəkillər layiqli həyat səviyyəsini təmin etməkdə çətinlik çəkirlər. Bu səbəbdən vəkillərin pensiya təminatının yaxşılaşdırılması üçün müvafiq qanunvericiliyə dəyişiklik edilməsinə ciddi ehtiyac vardır.
Ona görə də, hökumət rəhbərliyindən, habelə aidiyyatı qurumlardan məsələnin həlli istiqamətində kömək xahiş edirəm".