Modern.az

Deputat bu naziri tənqid etdi: “Təyinat məsələsində yumşaq davranır”

Deputat bu naziri tənqid etdi: “Təyinat məsələsində yumşaq davranır”

Parlament

20 Noyabr 2025, 16:10

"Səhiyyə Nazirliyi ilə bağlı da bir neçə söz demək istəyirəm. Teymur müəllim (nazir Temur Musayev - red.) ziyalı insandır, xoş avazla danışır, həkim kimi də yüksək səviyyəlidir. Amma mənə elə gəlir ki, təyinat məsələsində bir az yumşaq davranır. Mənim düşüncəmə görə, diplom alan tələbə mütləq təyinatla gedib işləməlidir. Əgər getməyəcəksə, o zaman diplom verilməməlidir.

Modern.az xəbər verir ki, bunu deputat Səyyad Aran parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat büdcə müzakirəsində həmçinin təmsil etdiyi rayonun problemləri haqqında da danışıb:

"İmişlinin Aranlı kəndində 1980-ci ildə tikintisinə başlanmış bir xəstəxana var. 45 ildir ki, bu bina yarımçıq qalıb. Xəstəxanın ikinci mərtəbəsinin betonu kəməri tökülmədiyi üçün xəstəxananın kərpicləri tökülür. Tavanı, beton örtüyü tamamlanmayıb. Divarları küləkdən, yağışdan, soyuqdan dağılır. Xahiş edirəm, bu məsələ ilə maraqlanın". 

Deputat, həmçinin dərmanın qutuları içlik vərəqin mürəkkəbliyi ilə bağlı da şikayət bildirib:

"Digər məsələ, dərmanlar. Məsələn, Diprospan dərmanının qutusu üzərində verilən izahat çox uzun və mürəkkəbdir. Aptekdə dərman alan zaman biz çox zaman soruşuruq ki, bu dərmanı yeməkdən əvvəl qəbul edim, ya sonra? O isə qutunun üstündə qeyd olunmayıb. Bu dərmanın içindəki izahı yaşlı, əsəbi xəstə necə oxuyacaq? İzahatın dili elə mürəkkəbdir ki, heç kim onu başa düşmür.

Bu izahatlar tibbi personal üçündür, bəli. Amma əgər dərmanı xəstə alırsa, o da başa düşməlidir. Yazın ki, bu dərman nə üçündür, necə qəbul olunmalıdır, hansı yan təsirləri var. Açıq və sadə dildə yazın. Tərcümələr də problemli vəziyyətdədir. Latınca tibbi terminlər sözbəsöz çevrilir və bu da Azərbaycan dilində başa düşülmür. Xalqın başa düşəcəyi dildə yazmaq lazımdır".

Milli Məclisin sədri Sahibə Qafarova deputatın fikirlərinə münasibət bildirib: "Səyyad müəllim, orada bir kəlmə az yazılsa  mən əminəm siz deyəcəksiniz ki, niyə o kəlmə yazılmayıb. Siz nə danışırsınız? dünyada qəbul edilən praktika var ki, dərman qutularının içində izahat olmalıdır. Niyə siz bunları bu qədər şişirdib danışırsınız?".

"Bunları mən demirəm, hörmətli xanım sədr. Camaat deyir. Axı çox hörmətli xanım sədr bu qədər "sicilləmə" yazı yazılmaz. Bu kimə lazımdır axı? Bu yazı mütəxəssislər üçündür", - Səyyad Aran qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə