Modern.az

Deputatdan əlilliyin müəyyənləşdirilməsi ilə bağlı TƏKLİF

Deputatdan əlilliyin müəyyənləşdirilməsi ilə bağlı TƏKLİF

Parlament

20 Noyabr 2025, 16:39

“Sosial müdafiə sistemində ən həssas sahələrdən biri olan əlilliyin müəyyənləşdirilməsi istiqamətində isə normativ-hüquqi, təşkilati və funksional çatışmazlıqların yaratdığı sistemli ziddiyyətlər, təəssüf ki, hələ də qalmaqdadır və bu sahədəki problemlər təkcə texniki xarakter daşımır, sosial siyasətin mahiyyətinə təsir edən daha dərin struktur uyğunsuzluqlardan qaynaqlanır".

Modern.az xəbər verir ki, bunu deputat Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, əlillik qiymətləndirməsində tibbi modeldən sosial modelə tam keçidin başa çatmaması ən fundamental ziddiyyətlərdən biridir: "Beynəlxalq standartlar əlilliyi tibbi diaqnozun nəticəsi kimi deyil, insanın funksional imkanları ilə sosial mühit arasındakı qarşılıqlı təsirin nəticəsi kimi dəyərləndirir. Lakin mövcud mexanizm bu yanaşmanı tam əks etdirmir. Bu, eyni tibbi diaqnoza malik şəxslərin fərqli sosial şəraitdə olduqları halda eyni kateqoriyaya daxil edilməsinə və ya sosial iştirak imkanları nəzərə alınmadan kateqoriyadan kənarda qalmasına gətirib çıxarır. Əlilliyin qiymətləndirməsində istifadə olunan məlumat mənbələrinin dağınız olması qərarların obyektivliyinə mənfi təsir göstərir. Vahid elektron informasiya platformasının tam formalaşmaması səbəbindən müxtəlif səhiyyə müəssisələrinin təqdim etdiyi məlumatlar arasında uyğunsuzluqlar yaranır və bu da qərarların vahid standartlara uyğunlaşdırılmasını çətinləşdirir”. 

Deputat həmçinin qeyd edib ki, bəzi anlayışların, xüsusilə də funksional itki dərəcəsi, davamlı fəsad, iş qabiliyyətinin məhdudluğu kimi kriteriyaların tətbiqində vahid yanaşmanın olmaması subyektiv şərhlərə meydan yaradır.

“Vətəndaşla ünsiyyət mexanizmlərinin yüksək səviyyədə olmaması, qərarların mahiyyətinin yetərincə və anlaşılan bir şəkildə izah edilməməsi, eləcə də apellyasiya mexanizmlərinin səmərəli çalışmaması bir sıra hallarda inamsızlığa yol açır”

“Həm sosial müdafiə, həm də əlilliyin qiymətləndirməsi sahəsində daha çevik, şəffaf və real iqtisadi-sosial şəraitə uyğunlaşdırılmış idarəetmə modelinə ehtiyac duyulduğu açıq şəkildə görünür. Bu gün təqdim olunan büdcə layihəsi növbəti il üçün öhdəlikləri təmin etsə də, dövlətimizin sosial siyasətinin uzunmüddətli davamlılığı üçün struktur islahatlarının aparılması qaçılmazdır. Bu islahatlar dövlətin sosial öhdəliklərinin daha dayanıqlı şəkildə icrasına, vətəndaş məmnunluğunun artmasına xidmət edəcək.

Ümid edirəm ki, qeyd olunan istiqamətlərdə islahatların davam etdirilməsi nəzərdə tutulur” – deyə o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə