Modern.az

Sumqayıtın inkişafı və təklif olunan əsas prioritetlər

Sumqayıtın inkişafı və təklif olunan əsas prioritetlər

Parlament

21 Noyabr 2025, 18:02

Sumqayıt ölkəmizin ən böyük sənaye mərkəzlərindən biri kimi sürətlə inkişaf edir və dövlət dəstəyi ilə şəhərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Sumqayıt şəhərinin Baş planının təsdiqlənməsi, təxminən on məhəllədə köhnə bina və yataqxanaların sökülərək müasir yaşayış kompleksləri ilə əvəzlənməsi şəhərin infrastruktur inkişafına və sakinlərin sosial rifahının yüksəldilməsinə mühüm töhfə verəcək.

Şəhərin ən vacib tələblərindən biri olan kanalizasiya və yağış suları sistemi üzrə işlər ardıcıl şəkildə davam etdirilir: “Kanalizasiya və yağış suları sistemi üçün dövlət büdcəsindən 41,5 milyon manat ayrılıb. Hazırda “Acı dərə” boyunca yenilənmə işləri həyata keçirilir və yaxın zamanda bu proses yekunlaşacaq. Bu layihə Sumqayıtın ekoloji durumunun yaxşılaşmasına, həmçinin Yaşıl Dərə massivindəki problemlərin həllinə ciddi təsir göstərəcək.

Təxminən 600 hektar ərazini əhatə edən və 12 minə yaxın ailənin yaşadığı Yaşıl Dərə massivindən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, ərazidə məktəb və bağça, tibb məntəqələri, ictimai və iaşə infrastrukturlarının yaradılması ilə bağlı təkliflər hökumətə təqdim olunub. Qeyri-neft sektorunun dövlət gəlirlərində payının 57 faizə çatması, sənaye və istehsal sahələrinin genişlənməsi peşə təhsilinin inkişafını daha da vacib edir: “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində mühüm nəticələr əldə olunub. Elm–təhsil–sənaye tərəfdaşlığı dövlət başçısı tərəfindən prioritet istiqamət kimi müəyyən edilib. Kimya Sənaye Parkındakı Peşə Təhsili Mərkəzi bu modelin uğurlu nümunəsidir. Sumqayıtda fəaliyyət göstərən Sənaye və Yüksək Texnologiyalar üzrə Dövlət Peşə Təhsili Mərkəzinin də yenidən qurulması təklif olunur. Bu, həm infrastrukturun modernləşdirilməsini, həm də tədrisin müasir standartlara uyğunlaşdırılmasını nəzərdə tutur.”

Şəhərin sənaye potensialı və mövcud təhsil infrastrukturu qeyri-dövlət sektorunun peşə təhsilinə daha fəal cəlb olunması üçün geniş imkanlar yaradır. Sumqayıtda iki böyük sənaye parkının mövcudluğu tələbat yönümlü kadr hazırlığını strateji zərurətə çevirir.

Bu məqsədlə aşağıdakı mexanizmlərin tətbiqi təklif edilir: sənaye parklarının rezidentlərinin təhsil prosesinə cəlb edilməsi; dövlət–özəl və təhsil–sənaye tərəfdaşlığının genişləndirilməsi; müəssisələrarası koordinasiya mexanizmlərinin yaradılması; praktik hazırlıq və istehsalat təcrübəsi proqramlarının təşkili; müəssisələr üçün vergi güzəştləri və təlim subsidiyalarının tətbiqi. Bu addımlar gənclərin məşğulluğunu artıracaq, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığını təmin edəcək və Sumqayıtın sənaye potensialının daha səmərəli reallaşmasına şərait yaradacaq.

44 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Mehriban Vəliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə