Dünyanın müxtəlif ölkələrində parlament-jurnalist münasibətləri fərqli modellərlə tənzimlənir.
Bəzi ölkələrdə parlament cəmiyyət qarşısında tam açıqdır və jurnalistləri birbaşa zalda əyləşir.
Ancaq elə ölkələr də var ki, jurnalistlərin deputatla təması məhdudlaşdırılır, onlar yalnız ayrıca otaqlarda və televizor vasitəsilə iclası izləyirlər.
Region ölkələrində təqribi oxşar mənzərə müşahidə edilir.
Bu sahədə apardığımız qısa araşdırmanı təqdim edirik.
Ermənistanda 2021-ci ildən sonra jurnalistlərin parlamentdə hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb.
Komitə iclaslarının keçirildiyi binaya giriş qadağandır. Deputatlarla yalnız xüsusi ayrılmış, nəzarət olunan bir zonada danışmaq mümkündür.
Gürcüstanda da son illər təhlükəsizlik səbəbilə deputatlarla dəhlizdə təmas minimuma endirilib.
Rusiyada jurnalistlər üçün nəzərdə tutulmuş müşahidə yerləri mövcuddur. Yəni jurnalistlərlə deputatlar eyni zalda otururlar.
Ukraynada müharibə şəraitinə baxmayaraq, jurnalistlər hələ də Ali Radanın yuxarı müşahidə zalından iclasları izləyə bilir, dəhlizlərdə deputatlardan açıqlama ala bilirlər.
Baltikyanı ölkələr - Latviya, Litva və Estoniya Avropa standartları ilə işləyir. Bu ölkələrdə jurnalistlərə parlament zalının yuxarı hissəsində xüsusi müşahidə yeri verilir, komitə iclaslarına giriş açıqdır, deputatla istənilən vaxt təmas mümkündür.
Qazaxıstan və digər Orta Asiya ölkələrinin parlamentlərində jurnalistlər üçün müşahidə yerləri var. Yəni plenar iclasları jurnalistlər deputatlarla eyni zalda izləyirlər.
Dünyanın ən açıq modellərindən biri ABŞ Konqresidir. Burada “press qalereya” deyilən müşahidə zonaları var, yəni jurnalistlər üçün zalın yuxarı hissəsində xüsusi yerlə ayrılır. Bu zonalardan jurnalistlər iclası real vaxtda izləyir, sonra dəhlizlərdə konqresmenlərə yaxınlaşaraq sual verir. ABŞ-da jurnalistlərin parlament binasında hərəkəti genişdir və qaydaları parlament yox, jurnalistlərin öz seçdikləri komitələr müəyyən edir.
Britaniya parlamenti də eyni ənənəni qoruyur. Vestminster sistemində jurnalistlər uzun illərdir “press gallery”də, yəni zalın yuxarı hissəsində iclasları izləyir, deputatların yerləşdiyi dəhlizlərə daxil olur, birbaşa dialoq qurur. Burada deputat-jurnalist ünsiyyəti siyasi mədəniyyətin tərkib hissəsi sayılır.
Almaniya bundestaqında jurnalistlər xüsusi press kartı ilə binaya sərbəst daxil olur. Zalın içində otura bilməsələr də, yuxarı müşahidə platformasından iclası izləyir, dəhlizlərdə müsahibə götürə bilirlər.
Fransada və Avropa Parlamentində də geniş media ofisləri, müşahidə zalı və deputatla sərbəst təmas imkanı var.

Türkiyə parlamentində jurnalistlər üçün həm müşahidə zalı, həm də geniş media otaqları mövcuddur.
Qeyd edək ki, yuxarıda adlarını çəkdiyimiz ölkələrin parlamentlərində akkreditə olunmuş jurnalistlər istədikləri vaxt ali qanunverici orqana daxil ola bilirlər. Hətta iclas olmayan günləri belə...
Hindistan parlamentində böyük media mərkəzi fəaliyyət göstərir, lakin COVID-dən sonra girişə kvotalar tətbiq olunub.
Avstraliya və Yeni Zelandiya isə dünyanın ən açıq parlament media sisteminə malikdir. Bu ölkələrdə jurnalistlər binada ofis tutur, sərbəst hərəkət edir, deputatlara istənilən an sual verə bilir.
Yuxarıda sadalanan ölkə parlamentləri ilə müqayisədə Azərbaycanda vəziyyət arzuolunandır. Jurnalistlər istənilən vaxt deputatlara yaxınlaşa bilirlər. Eyni zamanda onlar üçün xüsusi ayrılmış yerdə deputatlardan geniş müsahibələr götürmək üçün şərait yaradılıb. Bundan başqa, komitə və plenar iclasları həm monitordan izləyə bilirlər, komitə iclaslarına canlı olaraq da qatılırlar. Ancaq pandemiyadan sonra jurnalistlər hələ də plenar iclasları canlı müşahidə edə bilmirlər. Region ölkələri ilə müqayisədə isə Azərbaycan jurnalistlərə yaradılan şəraitə görə öndədir.
Beləliklə, dünyada iki əsas yanaşma formalaşıb.
Bir qrup ölkə parlamenti tam açıq saxlayır və jurnalisti prosesin bir hissəsinə çevirir, digər qrup ölkə isə jurnalistin parlamentdə fiziki iştirakını texniki iştirakla əvəz edir.
Sevinc Məhərrəmova