Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı parlaq Zəfər nəticəsində 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu əbədi sahiblərinə geri qaytarıldı. Olduqca çətin relyefə malik Kəlbəcər bir güllə atılmadan azad edildi. Döyüş meydanında ağ bayraq qaldıran erməni silahlı birləşmələri tarixi torpaqlarımızdan çıxmağa məcbur edildi.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Şahin İsmayılov bildirib.
Şahin İsmayılov deyib ki, Kəlbəcərin 1993-cü il aprelin 2-də Ermənistan hərbi birləşmələri tərəfindən işğalı nəticəsində ağır şəraitdə öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalan Kəlbəcər sakinləri ölkəmizin 56 rayonunun ərazisində müvəqqəti məskunlaşmağa məcbur oldular. Ermənilər tərəfindən işğal dövründə Kəlbəcərin demək olar bütün yaşayış məntəqələri, infrastrukturu məhv edildi. Onlarla tarixi-mədəniyyət abidəsi, muzey və mədəniyyət evləri, məktəblər, uşaq bağçaları, kitabxanalar, xəstəxanalar, yüzlərlə inzibati bina, minlərlə mənzil tamamilə dağıdıldı və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı. “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrildi.
BMT Təhlükəsizlik Şurası təcavüzkar qüvvələrin Kəlbəcər və Azərbaycanın işğal olunmuş digər rayonlarından dərhal çıxarılmasını tələb edən qətnamələr qəbul etməsinə baxmayaraq, 27 il ərzində bu sənədlər icra olunmadı. Azərbaycan xalqı işğal dövründə beynəlxalq ictimaiyyətin problemin həllinə laqeyd münasibətinin şahidi oldu.
Ötən illər ərzində Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük tərəqqi yolu qət etdi. Qüdrətli Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşərək illərdir davam edən ədalətsizliyə, işğala son qoymaq əzmində idi. Vətən müharibəsi dövründə “Dəmir yumruğa” çevrilən bu həmrəylik torpaqlarımızın, o cümlədən Kəlbəcərin azad edilməsini şərtləndirdi.
2020-ci il 10 noyabr tarixində üçtərəfli Bəyanatın imzalanması ilə başa çatan Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə yekunlaşdı. Kəlbəcər, Ağdam və Laçın bir güllə atılmadan, şəhid vermədən azad edildi.
Bu gün isə Kəlbəcər bərpa və quruculuq dövrünü yaşayır. Kəlbəcərdə müasir yaşayış kompleksləri inşa edilir, infrastruktur bərpa olunur, nəhəng layihələr uğurla icra edilir. Yola salmaqda olduğumuz cari il kəlbəcərlilərin bir qisminin öz doğma torpaqlarına qayıdışı ilə də yadda qaldı. Dövlətimizin başçısı Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksində yaşayacaq sakinlərə evlərinin açarlarını şəxsən təqdim etdi. Bu gün Kəlbəcərdə işlər sürətlə davam etdirilir. Yeni yollar çəkilir, tunellər tikilir, insanların məşğulluğunun təmin olunması diqqət mərkəzində saxlanılır.
Bir sözlə, azad olunmuş torpaqlarımızın, o cümlədən Kəlbəcərin sürətli bərpası Azərbaycan dövlətinin qüdrətini, gücünü, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirir.