Noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür və erməni işğalçıların rayonu tərk etməsindən 5 il ötür. Kəlbəcərin azad edilməsi Prezident İlham Əliyevin siyasi liderliyi, yüksək sərkərdəlik məharəti və Müzəffər Azərbaycan Ordusunun, qəhrəman şəhid və qazilərimizin, igid əsgər və zabitlərimizin şücaəti nəticəsində mümkün olmuşdur.
Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində 53 min 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanmışdır. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika talan edilmiş, dağıdılmış, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. İşğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel tarixli 822 saylı Qətnaməsi qəbul edilmiş, lakin bu qətnamə kağız üzərində qalmışdır.
BMT-nin prinsiplərinə və beynəlxalq sənədlərə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. Ermənistan dövlətinin torpaqlarımızda qeyri-qanuni məskunlaşdırma siyasətinə Azərbaycan tərəfi dəfələrlə etiraz etmişdir. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı qətnaməsinə baxmayaraq xain düşmən qanunsuz siyasətindən vaz keçməmişdir. Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra 2020-ci il noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu heç bir güllə atılmadan Azərbaycana, öz sahibinə qaytarıldı və Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Üçtərəfli Bəyanatın icrasını gecikdirmək üçün erməni tərəfi Kəlbəcərdə ağlagəlməz dağıntılar törətdi. Belə ki, 27 il işğalda saxladıqları rayonu tərk edərkən evləri, binaları, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atdılar. Kəlbəcərin bir güllə belə atılmadan azad edilməsi çoxlu insan tələfatının qarşısını almaqla yanaşı, həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsini və qətiyyətini dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan "Böyük Qayıdış" proqramına əsasən Kəlbəcər şəhəri və kəndləri də yenidən qurulur. Kəlbəcər rayonunun strateji mövqeyi onun regional nəqliyyat sistemində rolunu daha da gücləndirir. Zəngəzur dəhlizinə yaxınlığı ilə yanaşı, son illər ərazidə inşa olunan yeni avtomobil yolları və xüsusilə mürəkkəb dağlıq relyefdən keçən uzun tunellər Kəlbəcərin tranzit potensialını əhəmiyyətli dərəcədə genişləndirir. Bu mühəndis layihələri təkcə daşınma marşrutlarının qısaldılmasına xidmət etmir, həm də regionun iqtisadi inteqrasiyasını sürətləndirən əsas infrastruktur dayağına çevrilir. Kəlbəcərin təbii keçidlərə malik coğrafiyası, yeni yol şəbəkələri və tunellərlə birlikdə, onun nəqliyyat-kommunikasiya xəritəsində həlledici mövqeyini möhkəmləndirir və rayonun gələcək inkişaf strategiyasını müəyyən edən başlıca amillərdən biri kimi çıxış edir.
Bərpa işləri Azərbaycanın gücünü və qətiyyətini dünyaya sübut edir. 2021-ci ilin iyun ayında Prezident İlham Əliyevin Kəlbəcərə ilk səfəri zamanı dediyi kimi "Tarixi ədalət bərpa olundu və biz ölkəmizin bəlkə də ən gözəl rayonlarından biri olan Kəlbəcərə nəinki qayıtmışıq, Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq".
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Bu Sərəncama əsasən 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən edilib və xalqımız böyük fəxarət və ruh yüksəkliyi ilə Kəlbəcər Şəhəri Gününü qeyd edir.
Kəlbəcər Şəhəri Günü münasibəti ilə bütün kəlbəcərliləri təbrik edir və inanırıq, Prezident cənab İlham Əliyevin həyata keçiridyi uğurlu sosial-iqtisadi siyasət işğaldan azad olunmuş bütün ərazilərimizi dünya miqyasında nümunə ola biləcək abad və davamlı inkişaf edən bölgələrdən birinə çevirəcəkdir.
Zaur Şükürov
Milli Məclisin deputatı