Bəzi toponimlər var ki, təhrif olunub, arxaikləşməyə üz tutub və semantik mənasını itirib.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Hikmət Babaoğlu deyib.
“Biz Şəmkir rayonunun Düyərli kəndindən sonra Tovuz rayonunun Əyyüblü kəndi və yaxud Aşağı Ayıplı kəndindən keçirik. Mən bir araşdırma apardım ki, bunlar nə deməkdir. Sən demə, Oğuz xan dastanında yazılır ki, “Düyərli” – "döymək" feilindən əmələ gələn isimdir. Oğuz xanın oğlu Ayxanın oğludur Dögər və “Ayıplı” – Aşağı Ay Alplıdır, “Ay-Alp”.
Məncə, bu adı dəyişib “Aşağı Ay Alplı” etməklə bu tarixi yaddaşımızı yenidən bərpa etmiş olarıq. Və yaxud “Əzablı” kəndi var – bu da bizim etnik adımızla bağlı olan “Az Alplıdır”. Alp – savaşı deməkdir. Tovuz rayonunda yerləşir.
Şirvan şəhərinin yanında bir “Qırqçıraq” kəndi olubdur. İndi onu Şirvan şəhəri etmişik . Onu da “Qırıqçıraq” adına qaytarmaq olar” - deyə deputat vurğulayıb.