Milli Məclisin bu gün keçirilən iclasında deputat Mahir Süleymanlı çıxış edərək təmsil etdiyi Şabran və Xaçmaz rayonlarında illərdir həllini gözləyən infrastruktur və sosial problemlərə diqqət çəkib.
Modern.az-ın məlumatına görə, deputat çıxışında bildirib ki, Şabran rayonunun Rəhimli kənd tam orta məktəbi və Xaçmaz rayonunun Qaracik Zeyid kənd orta məktəbi uzun müddətdir əsaslı təmirə ehtiyac var:
“Bu təhsil ocaqlarının yenidən qurulması, şagirdlərimizin sağlam və müasir şəraitdə təhsil alması üçün çox vacibdir. Hökumətimizdən bu istiqamətdə dəstək göstərilməsini xahiş edirik.”
Mahir Süleymanlı həmçinin Şabran rayon mərkəzi stadionunun da baxımsız vəziyyətdə olduğunu vurğulayıb. Onun sözlərinə görə, stadionun müasir standartlara uyğun bərpası rayonda sosial-mədəni həyatın canlanmasına, gənclərin idmana marağının artmasına və müxtəlif idman sahələrinin inkişafına ciddi təkan verəcək.
Deputat çıxışı zamanı əlavə olaraq Şabran rayonunun Gəndov kəndində kiçik yaşlı uşaqlar üçün uşaq bağçası–körpələr evinin inşasının vacibliyini də diqqətə çatdırıb. O, həmin ərazidə məktəbəqədər təhsil müəssisəsinin olmamasının yerli əhalinin illərdir yaşadığı əsas problemlərdən biri olduğunu qeyd edib.
Mahir Süleymanlı aidiyyəti qurumları göstərilən məsələlərin həllinə dəstək verməyə çağırıb