Modern.az

Heç kim toxunulmaz və qanundan üstün deyil 

Heç kim toxunulmaz və qanundan üstün deyil 

Parlament

4 Dekabr 2025, 23:06

Zəfər savaşından sonra Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də beynəlxalq aləmdə mövqelərini qətiyyətlə möhkəmləndirdi. Bu tarixi dönüş ölkənin daxili idarəçiliyində də prinsipial addımların qaçılmaz olduğunu göstərdi. Uzun illər xarici təsirlərin kölgəsində formalaşmış və dövlətçilik prosesinə mane olmuş gizli qruplaşmaların ifşası isə Azərbaycan dövlətinin siyasi iradəsinin və hüququn aliliyinə sadiqliyinin parlaq təzahürüdür.

 

Dövlət quruluşuna qarşı yönəlmiş fəaliyyətlərdən tutmuş korrupsiya və sui-istifadə hallarınadək müxtəlif pozuntularla bağlı istintaq materiallarında adı təkzibolunmaz faktlarla hallanan Ramiz Mehdiyevin bu prosesin mərkəzində dayanması heç bir şübhə doğurmur. Onun ətrafında illərlə formalaşmış şəbəkənin ifşası ölkənin daxili siyasi həyatında gizlədilən pozuntuları gün üzünə çıxardı.

 

Bu şəbəkənin təkcə dövlət qurumlarına deyil, həm də müxtəlif siyasi və ideoloji qruplara nüfuz etdiyi məlum oldu. Özünü “müxalifətçi”, “islahatçı” və ya “Avropa yönümlü” kimi təqdim edən Əli Kərimli və onun yaxın çevrəsinin istintaqa cəlb olunması bir daha sübut etdi ki, törədilən hər bir qanunsuz əməl hüquqi qiymətini alacaq və kimsə siyasi etiketlər arxasında məsuliyyətdən yayınmayacaq.

 

Əli Kərimli və qrupunun uzun illərdir cəmiyyətə təqdim etdiyi “Qərb dəyərləri”, “demokratiya”, “Avropa inteqrasiyası” kimi şüarlar əslində yalnız görüntü xarakteri daşıdığı, arxa planda isə fərqli siyasi xətt izlədikləri də faklarla üzə çıxmaqdadır. Bu şəxslərin müxtəlif dövrlərdə, o cümlədən Ukrayna–Rusiya münaqişəsindən sonra regionda yaranmış gərgin beynəlxalq situasiyanı öz siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərməsi, bu fonda R. Mehdiyev və ətrafı ilə koordinasiya edilmiş yeni planlar üzərində işləməsi onların mahiyyətini bir daha ortaya qoyur.

 

Özünü Qərb tərəfdarı kimi qələmə verən, amma arxa planda Rusiya ilə müxtəlif istiqamətli sövdələşmələrdə iştirak edən bu dairələrin yeganə məqsədi şəxsi siyasi ambisiyalarını təmin etmək və ölkədə sabitliyi pozmaqdır. Onlar düşünürlər ki, cəmiyyətin gözündə yaratdıqları bu ikili obraz onları toxunulmaz edəcək, fəaliyyətləri isə inandırıcı görünəcək. Lakin bu cəhdlərin heç biri hüquqi reallıqla uzlaşmır.

 

Azərbaycan dövlətinin milli maraqlarına qarşı yönəlmiş bu fəaliyyətlər açıq şəkildə göstərir ki, həmin qruplar nə xalqın, nə dövlətin, nə də milli mənafeyin qarşısında məsuliyyət hiss edirlər. Siyasi partiya çətiri altında gizlənərək qanundan üstün olduqlarını zənn edənlər bilməlidirlər ki, bu ölkədə heç kim toxunulmaz deyil.

 

Dövlətin hüquq-mühafizə orqanları qanunun aliliyini təmin edir və kimliyindən asılı olmayaraq hər bir qanunsuz hərəkəti ifşa edərək dərhal qarşısını alır. Bu proses Azərbaycan dövlətinin yeni mərhələdə prinsipial mövqeyini göstərir — dövlətçilik əleyhinə yönəlmiş hər bir addım hüquqi çərçivədə və qətiyyətlə neutralizə olunacaq.

 

Xarici dairələrin təsiri altına düşənlər anlamalıdırlar ki, artıq 1993-cü ilin siyasi xaos şəraiti yoxdur. Azərbaycan bu gün güclü, öz siyasi iradəsi olan və təhlükəsizlik sistemini tam modernləşdirmiş dövlətdir. Xaos yaratmaq, ictimai sabitliyi pozmaq, xarici mərkəzlərin sifarişləri ilə dövlətə təzyiq göstərmək cəhdləri nəticə verməyəcək.

 

Aparılan istintaq-əməliyyat tədbirləri də məhz bu zərurətdən irəli gəlir və ölkəmizin milli təhlükəsizliyinin qorunması məqsədi daşıyır.

 

Rəşad Mahmudov

YAP İdarə Heyətinin üzvü,

Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
Rusiyayla Ukrayna sərt xəbərdarlıq dayandırın!