Modern.az

Azərbaycanlı deputat İranda Zəngəzuru gündəmə gətirdi

Azərbaycanlı deputat İranda Zəngəzuru gündəmə gətirdi

Parlament

5 Dekabr 2025, 08:27

Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev 2025-ci il dekabr ayının 4də İran İslam Respublikasının Məşhəd şəhərində keçirilən təşkilatın Siyasi məsələlər üzrə Daimi Komitənin iclasında iştirak edib.

 

Modern.az xəbər verir ki, açılış mərasimində İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf, APA-nın baş katibi Məhəmməd Rza Məcidi, Milli Məclisin APA-dakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev və Xorasan Rəzəvi vilayətinin Baş Qubernatoru Qolamhüseyn Moazzəffəri çıxış ediblər.

 

Rizvan Nəbiyev çıxışında parlament diplomatiyasının artan əhəmiyyətini vurğulayaraq Milli Məclisin sədrliyi dövründə APA-nın fəaliyyəti barədə məlumat verib. O bildirmişdir ki, bugünkü mürəkkəb qlobal mühitdə parlament diplomatiyası beynəlxalq münasibətlər sistemində multilateralizmin təşviqi üçün mühüm əhəmiyyət kəsb edir. APA kimi parlament assambleyaları həm regional, həm də qlobal səviyyədə qarşıda duran çağırışların həllində aparıcı qurumlardan birinə çevrilməkdədir.

 

Deputat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sülh gündəliyi və regionda yaranmış yeni siyasi reallıq barədə danışmışdır. Deputat vurğulamışdır ki, onilliklər ərzində ilk dəfə olaraq Cənubi Qafqazda de-fakto sülh bərqərar edilmişdir. Azərbaycanın Qələbəsi regionda yeni siyasi reallıq yaratmaqla Asiya ilə Avropa, eləcə də Asiya ölkələri arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açmışdır.

 

Rizvan Nəbiyev Zəngəzur dəhlizinin Orta Dəhlizin vacib seqmenti kimi əhəmiyyətindən danışaraq onun Şərq–Qərb və Şimal–Cənub nəqliyyat-ticarət əlaqələrinin intensivləşməsindəki potensial rolunu qeyd etmişdir. O, bildirmişdir ki, Şərq–Qərb və Şimal–Cənub dəhlizləri kimi əlaqələndirici layihələr Azərbaycan ərazisindən keçir. Azərbaycan tərəfi həmçinin əmindir ki, Zəngəzur dəhlizi yaxın zamanda Şimal–Cənub Dəhlizinin mühüm seqmentinə çevriləcək və bu da sülhün, çoxtərəfli tərəfdaşlığın möhkəmlənməsinə töhfə verəcəkdir.

 

Zəngəzur dəhlizi Azərbaycanın sərhədlərinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularına fayda verəcəkdir.

 

Rizvan Nəbiyev çıxışında Azərbaycan–İran əməkdaşlığının iki və çoxtərəfli platformalarda inkişafından danışaraq 2025-ci il ərzində Prezident Masud Pezeşkianın Azərbaycana etdiyi səfərlərin əhəmiyyətini qeyd etmişdir.

 

Rizvan Nəbiyev çıxışını Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi fikirlərlə tamamlamışdır:

 

“Son illərin nailiyyətləri yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bizim baxışımız aydındır: beynəlxalq hüquqa əsaslanan, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini, qarşılıqlı hörmət və əməkdaşlığı özündə ehtiva edən sülh və inkişaf.

 

Gəlin birlikdə ikili standartların olmadığı, ədalətin selektiv xarakter daşımadığı, hüququn aliliyinə hörmət göstərildiyi və sülhün yalnız sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.”

 

Sonra Daimi Siyasi Komitə işini müxtəlif qətnamə layihələrinin müzakirəsi və digər nümayəndə heyəti rəhbərlərinin çıxışları ilə davam etdirmişdir. “Demokratiya yolu ilə harmonik inkişaf”, “Dostluq və əməkdaşlıq vasitəsilə Asiyada rifahın qurulması” , "Uğurlu parlament təcrübələri", "Asiya parlamentlərinin və hökumətlərinin birlikdə Asiyada rifahın naminə fəaliyyətləri" və digər mövzuları əhatə edən qətnamələr qəbul edilmişdir.

 

Dekabrın 3-də Azərbaycanın sədrliyi ilə APA-nın Büro iclası keçirilib. İclasda təşkilatın dörd daimi komitəsinin sədrləri – Rusiya, İran, Bəhreyn və Qətər nümayəndələri və APAnın Baş katibi iştirak ediblər. APAnın gələcək fəaliyyətləri, büdcə məsələləri və s. məsələr müzakirə edilib.

 

Asiya Parlament Assambleyasında 44 üzv dövlət var. Milli Məclis 2024-2025ci illərdə APA-ya sədrlik edir. Cari ilin fevralında MM sədri Sahibə Qafarovanın sədrliyi ilə Bakıda APA-nın ali orqanı, Parlament sədrlərinin iştirakı ilə Plenar iclası keçirilmişdir. Sədrlik 2026-cı ildən Bəhreyn Krallığına keçir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi