Kənd təsərrüfatının inkişafı ilə bağlı məsələlərin həllində və mövcud problemlərin aradan qaldırılmasında Kənd Təsərrüfatı Nazirliyinin xüsusi rolu var.
Modern.az xəbər verir ki, bunu Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
O bildirib ki, bu il pambıqçılıq, taxılçılıq və heyvandarlıq sahələrində əldə olunan müsbət nəticələr dövlət qurumları və fermerlər arasında birgə fəaliyyətin nəticəsi kimi qiymətləndirilməlidir.
T.Rzayev qeyd edib ki, təşkil olunan məhsul bayramları və satış yarmarkaları kənd təsərrüfatı məhsullarının realizasiyasına, eləcə də investisiya axınının artmasına mühüm töhfə verir. Onun sözlərinə görə, bu cür tədbirlərin davamlı şəkildə keçirilməsi məqsədəuyğundur.
Parlament üzvü vurğulayıb ki, fermerlər arasında maarifləndirmə işlərinin genişləndirilməsinə, tədbirlərə mütəxəssis və alimlərin cəlb olunmasına ehtiyac var:
“Fermerlər məhsullarının gəlirliliyini bilməlidir. Onlar boş yerə zəhmət çəkməməlidir. Buna görə də fermerlərə elmi əsaslara söykənən faktlar təqdim edilməlidir. Tədbir və festivalların, sərgilərin əsas məqsədi kənd təsərrüfatı fondunun yaradılmasına və qida təhlükəsizliyinin təmin olunmasına xidmət edir”.
Tahir Rzayev əlavə edib ki, süni intellektdən istifadənin genişləndirilməsi aqrar sənayenin inkişafına mühüm töhfə verəcək.