Azərbaycan Respublikası Somali Federativ Respublikası və Uqanda Respublikası ilə diplomatik və xidməti pasport sahibləri üçün viza rejimini ləğv edir.
Modern.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in və “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihələri Milli Məclisin dekabrın 30-u keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Qanun layihələrinə əsasən, hər iki ölkə ilə diplomatik, eləcə də Uqanda ilə bağlı halda xidməti pasport sahibləri qarşılıqlı şəkildə viza tələblərindən azad olunacaq.
Sazişlərin məqsədi Azərbaycan ilə Afrika ölkələri arasında diplomatik münasibətlərin inkişaf etdirilməsi, qarşılıqlı əlaqələrin asanlaşdırılması və rəsmi təmasların genişləndirilməsidir.