Bu gün Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının tətili başa çatır.
Modern.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, qanunverici orqanının üzvlərinin tətili yanvarın 1-dən 15-dək davam edir.
Sabahdan komitə iclaslarının keçirilməsinə başlanılacaq. Yanvarın 16-da Ailə, qadın və uşaq komitəsinin və Regional məsələlər komitəsinin iclası keçiriləcək.
Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.
Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Bu il fevralın 1-i bazar gününə düşdüyündən plenar iclas fevralın 2-də keçiriləcək.