Son günlər ali təhsil müəssisələrinin məzunlarının əmək bazarındakı mövqeyi ilə bağlı açıqlanan rəsmi rəqəmlər ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Belə ki, dövlət qurumları tərəfindən təqdim olunan statistik məlumatlar sosial şəbəkələrdə, media platformalarında və ekspert dairələrində geniş müzakirələrə yol açıb. Xüsusilə bu rəqəmlərin universitetlərin fəaliyyətinə təsiri, onların real mənzərəni nə dərəcədə əks etdirməsi və cəmiyyətə hansı formada təqdim olunması aktual mövzu kimi gündəmə gəlib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə Modern.az-a açıqlamasında Dövlət Məşğulluq Agentliyinin universitet məzunlarının məşğulluq vəziyyəti ilə bağlı apardığı statistik təhlil və hazırladığı hesabat barədə öz fikirlərini bölüşüb.
Deputat qeyd edib ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən universitet məzunlarının işlə təmin olunması haqqında belə hesabatlar verməsi və onlayn portal vasitəsilə məsuliyyətli statistikanın çap olunması öz-özlüyündə sevindirici hal olsa da, lakin burada bəzi dəqiqləşdirmələrə ehtiyac var:
“Statistik hesabatda yalnız dövlət qeydiyyatında əmək müqavilələri ilə əməkdaşların statistikası verilir. Məzunlar arasında hərbi xidmətdə olan, təhsilini davam edən, xaricə köçən, özünüməşğulluqla və xüsusi orqanlarda işləyən insanlar və yaxud analıq məzuniyyətində olan, könüllü olaraq iş axtarmayan məzunlar nəzərdə tutulmur. Beləliklə, portalda əks olunan işsizlərin sayı heç də işsizlik demək deyil. Yəni buraya qeyd olunan kateqoriyalar da daxildir”, - deyə F.İsmayılzadə bildirib.
Sədr müavini onu da əlavə edib ki, universitetlərin müstəqil şəkildə apardığı sorğular onların məzunları arasında daha yüksək işlə təmin olunmanı göstərir və burada kiçik, habelə qısamüddətli layihələrdə, startaplarda işləyən muzdlu işçilər də öz əksini tapır.
Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi”nə əsasən, 2018-2022-ci illər ərzində 34 universitetdə 606 ixtisas üzrə təhsil alan 120 min 164 məzunun 56 min 405-i ilk 2 ildə heç bir iş tapa bilməyib. Bundan əlavə, reytinqdə 5 ildə məzun olanların 46,9 faizi işsiz olduğu da qeyd edilib.