İnsan hüquqları komitəsi yaz sessiyasında iki ictimai dinləmə keçirəcək.
Modern.az xəbər verir ki, bu məsələ İnsan hüquqları komitəsinin 2026-cı il yaz sessiyası üçün iş planında əksini tapıb.
İctimai dinləmələr “Böyük Qayıdış və reinteqrasiya” həmçinin “Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi - xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair” mövzularında keçiriləcək.
Qeyd edək ki, Milli Məclisdə ictimai dinləmə parlamentin cəmiyyətlə açıq dialoq qurmaq üçün istifadə etdiyi institusional mexanizmdir. Onun əsas mahiyyəti qanunvericilik təşəbbüslərinin və ya ictimai əhəmiyyət daşıyan məsələlərin yalnız deputatlar çərçivəsində deyil, geniş ictimai iştirakla müzakirə olunmasından ibarətdir.
İctimai dinləmələr adətən Milli Məclisin komitələri tərəfindən təşkil olunur. Bu dinləmələrdə müvafiq dövlət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, alimlər, vətəndaş cəmiyyəti institutları, media təmsilçiləri və maraqlı tərəflər iştirak edə bilirlər. Məqsəd fərqli mövqeləri üzə çıxarmaq, riskləri və alternativ yanaşmaları dəyərləndirmək, qəbul ediləcək qərarların sosial təsirini öncədən ölçməkdir.