Modern.az

Xarici informasiya müdaxilələrinə qarşı qanun layihəsi hazırlansın - TƏKLİF

Xarici informasiya müdaxilələrinə qarşı qanun layihəsi hazırlansın - TƏKLİF

Parlament

2 Fevral 2026, 14:22

Milli İnformasiya Dayanıqlığı üzrə Koordinasiya Şurasının yaradılması təklif edilib.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Sahib Alıyev deyib. 

Deputat qeyd edib ki, milli qanunvericilikdə süni intellekt faktoru nəzərə alınmalıdır. 

“Davosda təqdim olunan 2026-cı il “Qlobal Risklər Hesabatı”ndan da görünür ki, dezinformasiya, informasiya manipulyasiyası qlobal risklər arasında yüksək səviyyəli təhlükədir və hədəf ölkələrdən birinin də Azərbaycan olduğu vurğulanır. Niyə Azərbaycan, aydındır. İndi də mədəni və mənəvi sərhədlərimizi hədəfə alır, burada suverenliyimizi sarsıtmaq niyyəti güdürlər. Ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları içində heç bir dəyəri olmayan — onların ədəbi dildə də adları var, amma mən bu yüksək kürsüdən o sözü işlətmək istəmirəm — belə deyək, özünü satan sosial şəbəkə ünsürlərini və yaxud da genetik tullantıları prosesə qoşmaqla milli-mənəvi dəyərlərimizi deqradasiyaya uğratmağa çalışırlar. Prezidentimizə və doğmalarına şər-böhtan atır, onlara qarşı həmin o genetik tullantılardan faydalananların, onları alətə çevirənlərin özlərinin haqq etdikləri təhqiramiz ifadələr işlətdirirlər” – S. Alıyev qeyd edib.

O bildirib ki, əgər bir dövlət başqa dövlətin əhalisinə qarşı koordinasiyalı, sistemli dezinformasiya kampaniyası təşkil edirsə, bu onun daxili işlərinə müdaxilə və beynəlxalq hüquq prinsiplərinin pozulmasıdır. 

“Bu müdaxilənin qarşısını alacaq hüquqi tələbin yaranması üçün isə onun hansısa dövlət tərəfindən dəstəkləndiyi, yaxud idarə olunduğu sübut edilməlidir. Ona görə də, uyğun dövlət qurumlarının, Milli Məclisin, QHT-lərin təmsilçilərindən, eləcə də hüquq ekspertlərindən təşkil olunacaq Milli İnformasiya Dayanıqlığı üzrə Koordinasiya Şurası yaradılmalıdır. Milli-mənəvi dəyərləri — dil, tarix, din, ailə institutu, dövlətçilik ənənələri və ictimai həmrəyliyi — təhdid edən koordinasiyalı dezinformasiya fəaliyyətini neytrallaşdıracaq “Xarici İnformasiya Müdaxiləsinin Qarşısının Alınması haqqında” ayrıca qanuna da ehtiyac duyulduğunu düşünürəm” – S. Alıyev sonda vurğulayıb.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır