Azərbaycanda etnik və sosial baxımdan həssas qrupların cəmiyyətə inteqrasiyası uzun illərdir müzakirə mövzusudur. Bu kontekstdə qaraçı (roman) icmasının yaşayış şəraiti, yerli əhali ilə münasibətləri və dövlət təmsilçilərindən gözləntiləri xüsusi maraq doğurur. Ayrı-ayrı regionlarda, xüsusən Bərdə ətrafında bu icmanın sayının artması mövzunun aktuallığını gücləndirir. Məhz bu səbəbdən deputatlar arasında keçirilən sorğu, qaraçı icmasının seçici kimi mövqeyinə və onların problemlərinin parlament səviyyəsində necə dəyərləndirildiyinə işıq salmaq baxımından əhəmiyyətlidir.
Azərbaycanda aparılmış son siyahıyaalmaya əsasən, ölkə ərazisində 147 qaraçı (rəqəmlər gerçəkliyi əks etdirmir -red) yaşayır. Onların Yevlax, Ağdaş, Balakən və Bərdə rayonlarında, eyni zamanda Bakı və Sumqayıtda yaşadıqları bildirilir.
Modern.az seçiciləri arasında qaraçıların (romanların) da yer aldığı deputatlarla bu icmanın yaşayış tərzi, sosial problemləri və adət-ənənələri barədə söhbətləşib.

113 saylı Qax - Şəki seçki dairəsinin deputatı Əli Məsimli qeyd edib ki, Qaxda qaraçılar Qapıçay kəndində yaşayırlar:
“Hər elin-obanın bir adət-ənənələri olduğu kimi Qaxın da gözəl ab-havası, gözəl təbiəti, gözəl insanları var. Eyni zamanda çoxmillətli Azərbaycanımızda etnik zənginlik baxımından Qaxın xüsusi yeri var. Qaxda Azərbaycan türkləri, ingiloylar, saxurlar, ləzgilər və digər xalqların nümayəndələri yaşayır. Qaxda yaşayan xalqların nümayəndələri arasında qarşılıqlı hörmət və səmimi münasibətlər formalaşıb. Qaxda yaşayan belə xalqlardan biri də qaraçılardır. Qaxda qaraçılar Qapıçay kəndində yaşayırlar”.

Deputat qeyd edir ki, Qapıçay kəndində olarkan sakinlərin həyat və fəaliyyəti ilə tanışlıq onlarda çox xoş təəssürat yaradıb:
“Çox səmimi, zəhmətkeş insanlardır. Qaraçılar yerli əhali ilə xeyli dərəcədə qaynayıb-qarışıblar. Eyni zamanda, öz dillərini və adət-ənənəlini də qoruyub saxlayıblar. Qapıçay kəndində məktəbin və uşaq bağçasının fəaliyyət göstərməsi onların həyatında mühüm dəyişiklklərə səbəb olub. Orta məktəbdən sonra arzuladıqları sənət, peşə sahibi olmaq istiqamətində təhsillərini davam etdirməyə üstünlük verirlər. Qapıçay əhalisi dövlətə bağlı, vətənpərvər insanlardır. Etnik zənginlik - Qaxın çox mühüm zənginliyidir”.
Ə.Məsimli qeyd edib ki, Qapıçay kəndində uzun illərdir qaraçılar Ahıska türkləri ilə birgə yaşayırlar.

110 saylı Balakən seçki dairəsinin deputatı Nəsib Məhəməliyev qeyd edib ki, Balakən rayonunda qaraçılar mərkəzdən xeyli uzaqda yerləşən Gülüzanbinə kəndində yaşayırlar.
“Şah Abbasın dövründə Gürcüstana yürüşlər zamanı İrandan gətirilən bu tayfa həmin ərazilərdə yerləşdirilib. Onların bir qismi bu məqsədlə Qax rayonunun Güllük kəndində də məskunlaşıb. Ümumilikdə isə rayonda sayları çox deyil. Balakəndə yaşayanlar da mənim seçki dairəmə aid deyil”.
Deputat qaraçıların özünəməxsus ənənələri haqqında da danışıb:
“Sovet dövründə onları hərbi xidmətə aparmırdılar, müstəqillik illərində isə bu ənənə aradan qalxdı. Onların özünəməxsus adət-ənənələri olub. Məsələn, SSRİ dövründə ümumilikdə Novruz bayramı rəsmi şəkildə qeyd edilməsə də, onlar bu bayramı təmtəraqlı və özlərinə məxsus şəkildə keçirirdilər. Praktiki olaraq Balakən əhalisi Novruzun qeyd olunmasının bir sıra elementlərini məhz onlardan mənimsəyib. Həmin tayfa bir il ərzində qazandıqlarını əsasən Novruz bayramında tam xərcləyirdi”.

N.Məhəməliyev deyib ki, onlar at oğurluğu ilə məşğul olublar:
“SSRİ dövründə kriminal fəaliyyətlərə daha meyilli idilər, xüsusən at oğurluğu ilə məşğul olurdular. Bununla yanaşı, onların adət-ənənələri ilə yaxından tanış deyiləm, çünki yerli əhali ilə qaynayıb-qarışmayıblar. Ancaq uşaq vaxtı böyüklərdən eşidirdim ki, ailə qurarkən gəlinləri un kisəsinə salıb döyürdülər. Gəlin yalnız o zaman buraxılırdı ki, and içsin: dilənəcək və ailəsinə baxacaq. Onlarda dilənçiliklə bağlı müəyyən təşkilatlanma da mövcuddur və bu hal təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində müşahidə olunur”.
Balakənə qaraçılar Yevlax və Bərdədən gəliblər:
“Əslində onlar köçəri tayfalar olub, sonradan oturaq həyat tərzinə keçiblər. Xruşşov dövründə aparılan siyasət nəticəsində, xüsusən müharibədən sonrakı illərdə, Rusiyanın bir çox şəhərlərində qaraçılar heç bir qaydaya əməl etmədən şəhərdən-şəhərə, vağzaldan-vağzala gəzərək fala baxır, oğurluqla məşğul olurdular. Bu hal özlərini roman adlandıran qaraçı icmalarına xas idi. Nəticədə SSRİ Kommunist Partiyası qərar qəbul etdi ki, şəhər kənarlarında qaraçı qəsəbələri salınsın. Lakin onlar qısa müddətdə bu evləri satıb yenidən köhnə həyat tərzinə qayıtdılar və ənənələrini davam etdirdilər.”

52 saylı Yevlax seçki dairəsinin deputatı İlham Məmmədov saytımıza müsahibəsində qeyd edib ki, yevlaxlılar qaraçılarla artıq qaynayıb-qarışıblar. Onlar təhsil alır, müxtəlif ictimai işlərdə çalışırlar. Deputat onu da qeyd edib ki, digər bölgələrdən fərqli olaraq burada yaşayan qaraçılar falçılıqla məşğul olmurlar.
112 saylı Zaqatala seçki dairəsinin deputat Asif Əsgərov isə onun seçki dairəsinin əhatə etdiyi bölgələrdə heç bir qaraçının yaşamadığını qeyd edib.